Məhkəmə qərarları › İş №2(103)-9455/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9455/2021

18.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9455/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Məhəmməd qızı və Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2(011)-4310/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Məhəmməd qızı və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailəsinin ünvan 1 ünvanında yerləşən onlara məxsus olan fərdi yaşayış evindən istifadə edilməsi üçün maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə 15.10.2004-cü ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan 26.07.2005-ci il təvəllüdlü X10, 30.06.2007-ci il təvəllüdlü X9 və 24.06.2011-ci il təvəllüdlü X6 doğulmuşlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7004/2018 nömrəli, 14.12.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin yenidən 19.12.2019-cu il tarixdə nikaha daxil olmuşlar. X1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsində yerləşən 26B saylı özbaşına tikiliyə gəlin köçmüçdür. Ona məxsus olan bütün əmlaklar həmin fərdi yaşayış evinə aparılmışdır. Həmin tikilidə demək olar ki, 2004-cü ildən yaşamış, lakin ailə daxilində olan mübahisələrdən sonra cavabdeh şəxslərlə tez-tez qeyd edilən evdə yaşayışla bağlı mübahisələri baş verir və həmin əşyalarından istifadə edə bilmir və yaşayış yeri olmadığından yaşayış üçün (uşaqlar üçün çox çətin olduğundan) evə ehtiyacı çoxdur. Həmin fərdi yaşayış evində 2004-cü ildən yaşamağını qonşular X7, X12 və həmçinin X8 təsdiq edilə bilər. Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsində yerləşən 26B saylı öz başına tikiliyə istifadə hüquqlarının tanınmasını və həmin mənzilə köçürülmələri barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəməsinin 23.09.2020-ci il tarixli qətnaməsi ilə iddiası, həmçinin, X2 və Cavabdeh1 ona və X3 qarşı “mənzildən çıxarılma tələbinə dair” qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Qətnamə fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi və özbaşına tikinti olması, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X1 övladları ilə birlikdə həmin ünvanda yaşamaları, ilkin iddia üzrə iddiaçıların mübahisəli fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması ilə bağlı, həmçinin, qarşılıqlı iddia üzrə iddiaçılar X2 və Cavabdeh1 cavabdehlərə qarşı mənzildən çıxarılma ilə bağlı iddia irəli sürmək hüquqlarının yaranmamasını nəzərə alıb, istinad olunan hüquq normalarına əsaslanaraq ilk və qarşılıqlı iddia tələbləri əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qətnaməsindən göründüyü kimi həmin fərdi yaşayış yeri qanunsuz olaraq tikildiyindən heç bir tərəfin həmin mənzildə mülkiyyət hüququ və istifadə hüququ tanına bilməz. Belə olan halda hesab edir ki, həm ailəsi, həm də ki, qarşı tərəf olan cavabdehlər həmin ərazidə ya yaşamamalı, yada ki, qarşılıqlı formada yaşamaladırlar. Lakin cavabdeh tərəf hər bir halda onlara maneə yaratmağa cəhd göstərir. Belə ki, hər ikisinə məxsus olan fərdi yaşayış evləri bir həyətdən və bir giriş qapısından ibarətdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2(011)-4310/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə onun 2017-ci ildən həmin mənzildə yaşayış hüququnun yaranmasına baxmayaraq, həmin mənzilə heç bir hüququnun olmadığını qeyd etmişdir, halbuki həmin evdə qeydiyyatda olması, mənzilin onun tərəfindən tikilməsi və orda uzun müddət yaşaması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7004/2018 saylı, 14.12.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı və X1 cavabdehlər X4 və Cavabdeh1 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair" ilkin, X2 və Cavabdeh1 cavabdehlər İddiaçı və X3 qarşı “mənzildən çıxarılma tələbinə dair” qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, 26B saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Xətai rayonu 66 saylı MKİS-nin 09.04.2021-ci il tarixli, 925 nömrəli arayışından görünür ki, İddiaçı həyat yoldaşı X5, övladları- 26.07.2005-ci il təvəllüdlü X11, 30.06.2007-ci il təvəllüdlü X9 və 24.06.2011-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı səhəri, Xətai rayonu, Yavər Əliyev küçəsində yerləşən 26B saylı evdə qeydiyyatsız yaşayırlar. İddiaçı hazırda fərdi yaşayış evindən istifadə edilməsi üçün maneələrin aradan qaldırılmasını tələb edir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, 26B saylı fərdi yaşayış evində cavabdehlər tərəfindən ona və ailəsinə maneələr yaradılmaqla onun hüquqlarının pozduğunu iddia etməsinə baxmayaraq bu barədə iddia ərizəsinə heç sübut əlavə etməmiş, məhkəmə iclasında isə təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Kollegiya qeyd edir ki, burada hər iki tərəf öz tələblərini və etirazını əsaslandırmağa borcludur. Cavabdeh tərəf öz hərəkətlərinin qanuniliyini sübuta yetirməli olduğu kimi, iddiaçı da öz tələbini kifayət qədər aydın əsaslandırmalıdır. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandırdığı və sübuta yetirə bildiyi halda onun tələbi keçərlidir. Bunun üçün ilk növbədə şərh olunan faktlar müəyyən edilməlidir. İddiaçı fərdi yaşayış evindən istifadə üçün maneələrin aradan qaldırılmasını tələb etsə də, cavabdeh tərəfindən nə kimi maneələrin yaradılmasını göstərməmiş, iş materiallarından hər hansı belə bir hal müəyyən edilməmiş, iddiaçı isə tələbinin əsasını təşkil edən sübutlar təqdim etməmişdir. Bu hallar onu deməyə əsas verir ki, iddiaçının tələbi əsassızdır, iddiaçı tərəf öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4310/2021 saylı iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar