Məhkəmə qərarları › İş №2(103)-9460/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9460/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9460/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(002)-42/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ASC-nin xeyrinə 26 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3994,05 ABŞ dolları əsas borc, 1959,4 ABŞ dolları faiz borcu, 5567.71 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 26 oktyabr 2017-ci il tarixdən, 18 iyun 2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 327,4 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11848,56 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 26 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 27,9 faizlə 24 ay müddətinə 4000 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(002)-42/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh kredit müqaviləsi üzrə 3748 ABŞ dolları məbləğində əsas borc, 1959 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu, 327 ABŞ dolları əldən çıxmış fayda (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 150 manat ekspertiza xərcinin 75 manatının iddiaçıya, 75 manatının cavabdehə aid edilməsi, həmin məbləğin onlardan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, faiz borcunun azaldılaraq yeni qətnamə qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır, kreditin müəyyən hissəsini ödəmişdir, faiz borcunun miqdarının çox olması halı araşdırılmamış, onun əmlak və maddi vəziyyəti nəzərə alınmamış, yüksək dərəcədə faiz borcu tutulmaqla, ağır olan maddi vəziyyəti daha da ağırlaşdırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, 4000 ABŞ dolları kredit götürmüşdür, onunla bağlanmış müqavilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyünə görə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmiş, Palatadan isə ona məlumat vermişlər ki, onun adı sistemdə çıxmır, yəni sistemdə onun hər hansı borcu görünmür, Palatadan bankla əlaqə saxlanılmış, bankdan da qeyd etmişlər ki, onun hər hansı borcu yoxdur. Həmin vaxt banka müraciət edərək, hesabdan çıxarış almış, həmçinin ASAN Xidmətə müaciət edərək, çıxarış almışdır. Azərbaycan Kredit Bürosundan əldə etdiyi çıxarışdan görünür ki, hazırki - 26 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə onun əsas və faiz borcunun gecikdirildiyi günlərin sayı 0 göstərilir. Borcunu ödəməkdən boyun qaçırmır, sadəcə tələb edilən məbləğ yüksəkdir, onunla bağlanmış kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşməsi nəzərə alınmalı idi, lakin bankın təqsiri üzündən ona kompensasiya verilməmiş, nə də qalıq borcu restrukturizasiya olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, Azərbaycan Kredit Bürosu MMC-dən verilmiş hesabdan çıxarış məlumatlarında hazırki kredit müqaviləsi üzrə hər hansı borcun olmamasının göstərilməsinin və cavabdehlə bağlanmış müqavilənin nə üçün Fərmanın təsir dairəsinə düşməməsinin səbəbləri barədə hər hansı məlumatı yoxdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, cavabdehdən tutulmalı olan 1959 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu, 327 ABŞ dolları əldən çıxmış fayda hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. İş materiallarında olan 19-Y-4-0-512-15 saylı, 26 oktyabr 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı İKB ASC arasında bağlanmış 26 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə bank tərəfindən 36 ay müddətinə illik 27,9 % olmaqla, 3400 ABŞ dolları kredit verilmişdir. 18.06.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18.06.2019-cu il tarixək olan borcu 3994.05 ABŞ dolları əsas borc, 2994,18 ABŞ dolları faiz borcu, 5567,71 ABŞ dolları cərimə borcu, 18 iyun 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illlik 5 faizlə hesablanmış 327.4 ABŞ dolları məbləğində əldən çıxmış faydadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2021-ci il tarixli, 9/5034 saylı ekspert rəyindən görünür ki, 26 oktyabr 2015-ci il tarixli, 19-Y-4-0-512-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 26 oktyabr 2017-ci il tarixədək banka olan borcu 5.779.50 ABŞ dolları məbləğində müəyyən olunur o cümlədən, əsas borc üzrə 3.748,72 ABŞ dolları, faiz borcu üzrə 2.050,78 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2021-ci il tarixli, 9/1535 saylı ekspert rəyindən görünür ki, 26 oktyabr 2015-ci il tarixli, 19-Y-4-0-512-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 26 oktyabr 2017-ci il tarixədək illik 5 faizlə hesablanmış faiz borcu 328,40 ABŞ dolları təşkil edir. İş materiallarında olan bank tərəfindən cavabdehə ünvanlanmış 05.04.2018-ci il tarixli, OM-1327 nömrəli xəbərnamədən görünür ki, bank kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi borclunun məktubu aldığı vaxtdan etibarən 5 gün müddətində icra etməsi barədə borclunu lazımi qaydada xəbərdar etmişdir. Apelyasiya baxışı zamanı cavabdeh tərəfindən təqdim edilmiş, 08.10.2019-cu il tarixli "xxxx" MMC-dən verilmiş hesabdan çıxarışda 26 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun və faizlərin gecikdirildiyi günlərin sayı “0” göstərilmişdir, yəni cavabdehin borcu olmaması, öhdəlik icra edilmiş kimi göstərilmişdir. Halbuki iddiaçı hazırda həmin kredit müqaviləsi üzrə borcu tələb edir. Göründüyü kimi, iddiaçı Bank tərəfindən cavabdehlə bağlanmış kredit müqaviləsi barədə məlumatlar kredit reyestrinə tam və dəqiq daxil edilmədiyindən, cavabdehin öhdəliyi icra edilmiş kimi göstərildiyindən, həmin müqavilə Fərman üzrə qiymətləndirilməmişdir. Yəni, iddiaçı bankın hazırki kredit müqaviləsi üzrə cavabdehin borcu barədə məlumatı vahid kredit reyestrinə düzgün daxil etməməsi nəticəsində cavabdehin kredit borcu kompensasiya və restrukturizasiyadan kənar qalmışdır. Bununla da müəyyən olunur ki, kredit müqaviləsinin Fərmanın təsiri dairəsinə düşməməsi məhz bankın təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş vermişdir. Ona görə də, iddia tələbi faiz borcu, cərimə və illlik 5 faizlə hesablanmış əldən çıxmış fayda hissəsində təmin edilməməlidir. Belə ki, 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanda devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti ilə deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın təsir dairəsinə (8.6-ci bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. İddiaçının tələbi yalnız əsas borc məbləğinə aid hissədə əsaslı hesab edilə bilər. Kollegiya həmçinin cavabdehə izah edir ki, onunla bağlanılmış kredit müqaviləsinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşməsi və ona müvafiq kompensasiyanın verilibverilməməsi ilə bağlı Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən Apellyasiya Komissiyasına müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(002)-42/2021 saylı iş üzrə qətnaməsi qismən - Cavabdeh kredit müqaviləsi üzrə 1959 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu və 327 ABŞ dolları əldən çıxmış fayda tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar