Məhkəmə qərarları › İş №2(103)-9465/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9465/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9465/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” 2(011)-5900/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət cavabdehdən 19100 manat əsas borc, 10000 manat əldən çıxmış faydaya görə və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 29130 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının etibarından suiistifadə edib, qazanc vədi verib aldadaraq iddiaçıya 19100 manat olmaqla xeyli miqdarda əmlak ziyanı vurmuşdur. Belə ki, cavabdehin əvvəllər iddiaçıya 9200 manat borclu olduğundan iddiaçı tez-tez onunla əlaqə saxlayaraq pulunu tələb etdikdə cavabdeh iddiaçıya təklif edib ki, ona olan borcunu tez bir zamanda qaytamaq üçün şərait yaratsın ki, guya gəlirli bir işə pul yatırsın ki, o da öz növbəsində işləyərək pulunu qaytara bilsin. İddiaçı tərəfindən cavabdehə bir neçə dəfə borc verilsə də, cavabdeh borcunu qismən qaytarmış qalan 19100 manatı iddiaçıya qaytarmamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 19100 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlə rüsumunun əvəzinin tutularaq, İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi borcla bağlı heç bir öhdəliyi yoxdur. Nə borc müqaviləsi, nə də hər hansı mənzillə bağlı qanuni alqı-satqı müqaviləsi imzalanmayıb və heç bir öhdəliyi yoxdur. Bu şər və böhtandır. Birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçı tərəfindən ona hədə-qorxu gəlinərək, zor tətbiq edildiyindən məcbur qalaraq, adından yazılmış borcu olması barədə sənədə imza atmışdır. Apellyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 21.05.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı qohumu Cavabdeh ona 19100 manat məbləğində ziyan vurması barədə şikayəti üzrə aparılmış araşdırma zamanı Cavabdeh verdiyi izahatında İddiaçı 19100 manat məbləğində pul qaytarmalı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman Cavabdeh ərizə təqdim edərək iddianı qismən etiraf etmiş və iddiaçıya 19100 manat borcunun olduğunu göstərmişdir Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qismən qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, cavabdeh iddiaçıya 19000 manat borcunun etiraf edilməsinin ona hədə-qorxu gəlinməsi ilə əlaqədar olduğunu iddia etsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2(011)-5900/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar