Məhkəmə qərarları › İş №2(103)-9486/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9486/2021

06.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9486/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X5 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh2 nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(011)-900/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan 22 aprel 2011-ci il təvəllüdlü X6, 29 aprel 2015-ci il təvəllüdlü X7 və 03 sentyabr 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əmək haqqının və digər gəlirlərinin yarısı miqdarında alimentin tutularaq cavabdehlərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh2 ilə 06 sentyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Tərəflərin münasibətindən 22 aprel 2011-ci il təvəllüdlü X12 anadan olmuşdur. Ailə quran zaman və bir müddət sonra tərəflərin münasibəti yaxşı olmuş, lakin sonradan pisləşmişdir. Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2012-ci il tarixli 2(011)- 2394/2012 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan olan 22 aprel 2011-ci il təvəllüdlü X1 üçün İddiaçı qazancının və gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı daha sonra 22 yanvar 2013-cü il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 29 aprel 2015-ci il təvəllüdlü X13 və 03 sentyabr 2017-ci il təvəllüdlü X15 anadan olmuşdur. Tərəflərin münasibəti pisləşdiyindən Cavabdeh1 məhkəməyə nikahın pozulması və aliment tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(011)-4312/2020 saylı qərardadı ilə mülki iş üzrə qətnamə çıxarılanadək 29 aprel 2015-ci il təvəllüdlü X13 və 03 sentyabr 2017-ci il təvəllüdlü X2 üçün 10 sentyabr 2020-ci il tarixdən hesablanmaqla hər ay cavabdehə qazanc və gəlirlərinin 1/3 həcmində müvəqqəti alimentin tutulması qət edilmişdir. İddiaçının əmək haqqı 1150 manat təşkil edir. Onun başqa gəliri yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(011)-900/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2012-ci il tarixli 2(011)-2394/2012 saylı qətnaməsi ilə 22 aprel 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh2 xeyrinə hər ay onun qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında tutulan alimentin miqdarı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(011)-305/2021 saylı qətnaməsi ilə 29 aprel 2015-ci il təvəllüdlü X7 və 03 sentyabr 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh1 xeyrinə hər ay onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan alimentin miqdarının dəyişdirilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 22 aprel 2011ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh2 xeyrinə hər ay iddiaçının qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutulsun. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 29 aprel 2015-ci il təvəllüdlü X7 və 03 sentyabr 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh1 xeyrinə hər ay iddiaçının qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutulması, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-900/2021 saylı iş üzrə 04.03.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, X14 11 ilə yaxındır kı, Sokar Şirkətində mühəndis dəstə rəisi vəzifəsində işləyir, ve onun maaşı 2500-3000 manat təşkil edir,ve hall hazırda artım var maaşından. X8, 06 sentyabr 2011-ci il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nigahlarından 22 aprel 2011-ci il təvəllüdlü X12 adlı övladları var. Övladlarının sağlamlığında problem olduğu ucun, İddiaçı onunla boşanmaq qərarına gəlmiş və nikah dövründə Natella adlı bir qadınla münasibətdə olduğu üçün bu addımı atmışdır. Xətai rayon məhkəməsinin 20 sentyabr 2012-ci il tarixli, 2(011)-2394/2012 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikahlarından 22 aprel 2011-ci il təvəllüdlü X3 üçün qazancının və gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. 22 yanvar 2013-cü il tarixində Natella adlı qadınla evlənərək rəsmi nikaha daxil olur və 2 övladı anadan olur, güya Natella Xetai rayon Məhkəməsinə nikahın pozulması aliment tələbi ilə müraciət etmişdir ve mülki iş qətnamə cıxarılanadək 1/3 həcmində müvəqqəti alimentin tutulmasını qət etmişdir. Məhkəmə isə bu yalanlara inanaraq hesab etmişdir ki, iddia ərizəsi təmin olunmalıdır. Məhkəmə qətnamə qət edərkən qeyd etmişdir ki, güya Cavabdeh2 Ferhad qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Hesab edir ki, həmin qətnamə hərtərəfli ,tam ve obyektiv olmadığı ücün ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah münasibətlərindən 22 aprel 2011-ci il təvəllüdlü X12 anadan olmuşdur. Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə 22 aprel 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. İddiaçı 22 yanvar 2013-cü il tarixdə yenidən ailə həyatı qurmuş, bu nikahdan iki övladı anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2021- ci il tarixli qətnaməsi ilə 29 aprel 2015-ci il təvəllüdlü X7 və 03 sentyabr 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad edilən Məcəllənin 112.1-ci maddəsinin məzmunundan görünür ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqda müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsinə yol verilir. Göründüyü kimi qanunverici prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, yuxarıda sadalanan qanunvericilik normalarına istinad edərək belə hesab edir ki, iş materiallarından və tərəflərin izahatından da göründüyü kimi İddiaçı qol və çanaq hissədən sümüyü sındığı üçün əməliyyat olunmuşdur. Hal-hazırda onun səhhəti ilə bağlı ciddi problemlər yaranmışdır. Vəziyyəti ilə əlaqədar olaraq iddiaçı işləyə bilməmiş, bu da onun maddi vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Eyni zamanda iddiaçı ikinci evliliyindən olan uşağının xəstə olması və müalicəyə ehtiyacı olmasını əsas gətirərək 3 uşaq üçün qanunvericilikdə nəzərdə tutulmuş alimentin məbləğinin 50% müəyyən edilməsini və uşaqlar arasında bərabər bölüşdürülməsini xahiş etmişdir. Beləliklə, məhkəmə koııegiyası tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddia tələbinin təmin edilməsini, üç uşağa tutulan aliment miqdarının iddiaçının qazancının (başqa gəlirlərinin) 50 faizinin miqdarında, yəni hər uşağa görə 1/6 hissəsi müəyyən edilməsini qanuna uyğun hesab edir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2012-ci il tarixli 2(011)-2394/2012 saylı qətnaməsi ilə 22 aprel 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh2 xeyrinə hər ay onun qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında tutulan alimentin miqdarı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(011)-305/2021 saylı qətnaməsi ilə 29 aprel 2015-ci il təvəllüdlü X7 və 03 sentyabr 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh1 xeyrinə hər ay onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan alimentin miqdarının dəyişdirilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 22 aprel 2011ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh2 xeyrinə hər ay iddiaçının qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 29 aprel 2015-ci il təvəllüdlü X7 və 03 sentyabr 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh1 xeyrinə hər ay iddiaçının qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutulması, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun özünə aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(011)-900/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar