Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9488/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı2, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(009)-5030/2016 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 42628 manat məbləğində pulun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 2008-ci ilin mart-aprel aylarında faiz olmaqla 6000 manat və 25 iyun 2008-ci il tarixdə 41.000 manat faiz olmaqla 25 noyabr 2008-ci tarixində qaytarmaq şərtilə uzaq qohumları olan Cavabdeh etibar edib borc pul vermişlər. Ümumilikdə cavabdehə 47.000 manat pul verilmiş, bu məbləğdən 2500 manat və 2400 ABŞ dolları pul qaytarılmışdır. Lakin cavabdeh bu günə kimi qalan pul məbləğini ödəmir və ödəməkdən imtina edir. Bu borcu cavabdeh öz əlyazması ilə təsdiq etmiş və dəfələrlə hissə-hissə olmaqla da olsa, qaytaracağını öz öhdəsinə götürmüşdür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli 2(009)- 5030/2016 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 42.628 manat pul vəsaitinin alınaraq iddiaçılara ödənilməsi qət olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadı ilə 20 dekabr 2016-cı il tarixli qiyabi qətnamə ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İşə məhkəmədə baxılması zamanı iddiaçılar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh 42628 manat və əldən çıxmış fayda kimi 80.000 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizədə göstərmişlər ki, cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi və borcunu vaxtında qaytarmaması nəticəsində onlara zərər vurulmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onların əmlak vəziyyətləri kəskin pisləşmiş, həmin müddət ərzində əldə edə biləcəkləri fayda kimi 80.000 manat pul vəsaiti əldən çıxmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(009)-5030/2016 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni əsaslarla əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Cavabdeh İddiaçı1 doğma xalası qızıdır. O, iddiaçılardan 2008-ci ilin əvvəlində 10 %-lə 6000 manat borc pul almış, ayda 500 manat qaytaracağını demişdir. 2 ay pulu qaydasında ödədikdən sonra yenidən borc olaraq 41000 manat pul istəmiş, həmin pulu iddiaçılar ona vermişdir. Bir müddət sonra cavabdeh pulu ödəmədiyindən İddiaçı1 cavabdehin evinə gedərək ona öz xətti ilə qəbz imzalatmışdır. Qəbzdə cavabdeh 2008-ci il iyun ayının 25-də iddiaçılardan 41.000 manat borca pul aldığını qeyd edib, hər ay əsas məbləğin 5 %-ni ödəməyə söz vermişdir. Cavabdeh 25 noyabr 2008-ci ilə kimi faizləri, 2 ay üçün hər aya 500 manat vermiş, sonradan isə ödənişləri dayandırmışdır. İddiaçı1 anası X3 və cavabdeh Türkiyə Respublikasında yaşayırlar. Cavabdeh 17 sentyabr 2012-ci ildə 1000 ABŞ dolları, 25 dekabr 2012-ci ildə 1000 ABŞ dolları, 14 may 2013-cü ildə 2000 ABŞ dolları, 2014-cü ilin avqust ayında 500 ABŞ dollarını xalası X2 qaytarmış, qalan borcunu da qısa müddətdə qaytaracağına söz vermişdir. Səmayə Orucova da həmin pulları bank vasitəsilə qızı Leylaya göndərmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək iddiaçıları aldatmış, borcunu ödəməmiş, iddiaçılar da onları aldatdığını başa düşdükdən sonra 20 sentyabr 2016-cı il tarixdə məhkəməyə müraciət etmişlər. İş materiallarında olan 08 sentyabr 2009-cu il tarixli iltizamı yazan və imzalayan cavabdehdir. O, adını və soyadını iltizamda qeyd edib. İltizam ayrı-ayrı vaxtlarda yazılmayıb, qələmin mürəkkəbi qurtardığına görə başqa qələmlə yazılıb. İltizam şübhə doğurmur və cavabdeh iltizamın onun tərəfindən yazılaraq imzalandığını inkar etmir. İltizam sübut növüdür, lakin məhkəmə iltizamı sübut kimi qəbul etməməkdə haqlı olmamışdır. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizəsində göstərmişdir ki, “tərəflər arasında faizli kredit münasibətləri mövcud olub. Cavabdeh tərəfindən bu məbləğ faizləri ilə birlikdə ödənilib. 2009-cu ilin may ayı cavabdeh tərəfindən pulun son ödəniş vaxtı kimi razılaşdırılıb. Cavabdeh deyilən vaxta qədər borc məbləğinin böyük hissəsini qaytarıb və bu ödənişlər tərəflərin ümumi qohumlarının vasitəsi, yaxud iştirakı ilə həyata keçirilib. Lakin öhdəliyin icrası üçün razılaşdırılmış son tarixdə borc məbləğinin bir hissəsi cavabdehin hesablamalarına görə 8000 manat, iddiaçının o vaxtkı hesablamalarına görə 18 000 manat hissəsi qalıb. Bu fərq faizlərin hesablanması ilə bağlıdır. Belə ki, cavabdehin müəyyən dövrdən sonra faiz ödəmək imkanının olmadığı, bu səbəbdən yalnız əsas borcu qaytarmaq istədiyini bildirməsi müqabilində iddiaçı tərəf əvvəlcə buna razılıq vermiş, ödəmə edildikdən sonra isə ödənilən pulun bir hissəsini faiz ödəmələrinə hesabladığı üçün belə bir fərq yaranmışdır. Ödəmələrin olunan hissəsi məhz razılaşdırılmış vaxtda həyata keçirilmişdir. Cavabdeh ödənişi etdikdən sonra iddiaçı tərəf qalan hissənin 18000 manat olduğunu bəyan etmiş, cavabdeh bu məbləğlə razılaşmamışdır. Razılıq olduğu halda bu barədə yazılı razılaşma imzalanacaqdı. Borc məbləği ilə bağlı iddiaçının bu mövqeyi, əslində razılaşmanı pozmuşdur. Bu baxımdan məhkəməyə bildirmək istəyirik ki, əslində razılaşmaya əsasən ödənilməli olan məbləğin bir qismi ABŞ dolları, bir qismi manat olmaqla hissə-hissə cəmi 34 000 manatdan artıq olmaqla ödənilmiş, lakin, iddiaçı ödəmənin bir hissəsini faizlərə çıxdığını deyərək əsas borcdan 24 000 manatdan artıq hissənin verildiyini qəbul etmişdir”. Ərizədən göründüyü kimi, cavabdeh qəbz yazıb imzaladığı 08 aprel 2009-cu ildən sonra ümumi qohumlarının vasitəsi, yaxud iştirakı ilə iddiaçılara pul ödədiyini bildirir. Məhkəmə isə pulun hansı tarixdə, kimin vasitəsilə neçə manat ödənildiyini aydınlaşdırmamışdır. Cavabdehin etirafı ilə sübuta yetir ki, 08 aprel 2009-cu ildən sonra iddiaçılara ödənişlər etmişdir. Bu ödənişlərin məbləği 2012-ci ilin sentyabr ayında 1.000 ABŞ dolları, həmin ilin dekabr ayında 1.000 ABŞ dolları, 2013-cü ilin iyun ayında 2.000 ABŞ dolları, 2014-cü ilin avqust ayında 500 ABŞ dolları, cəmi 4500 ABŞ dolları, yəni o vaxtki məzənnə ilə 3510 manat ödəmiş, başqa ödəniş olmamışdır. Sonrakı müddətdə cavabdeh pulu ödəmədiyinə görə, 20 sentyabr 2016-cı il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 34.000 manat ödəniş etdiyi barədə cavabdehin dedikləri əsassızdır, heç bir sübuta söykənmir. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir, iddia müddəti buraxılmamışdır. Hesab edirlər ki, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, qətnamə qanunsuz və əsassızdır, ona görə də ləğv olunmalı, iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi və onun cavabdehdən öz haqqını tələb etdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarıını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan, 08.04.2009-cu il tarixli imzasız iltizamın birinci hissəsində yazılmışdır: “Mən Cavabdeh İsaxannan 41.000 manat faizə pul götürmüşəm. 5 faizlə. Faizi 2008-ci ilin iyun ayının 25-də götürmüşəm, 2008-ci ilin noyabr ayının 25-nə kimi faizi vermişəm, sora verə bilməmişəm. May ayının axırına kimi pulu verməyə söz verirəm, hissə-hissə düzəldib verəcəm”. İltizamın başqa rəng mürəkkəblə yazılmış ikinci hissəsində qeyd edilmişdir: “2008-ci ilin əvvəli 6000 min manat faizlə pul götürmüşdüm. Onu da 2008-ci ilin noyabr ayına kimi verdim, sora verə bilmədim. Hamısı toplam 47000 manat, ondan 2500 manat, 2400$ qaytarmışam. Mənə may ayının axırına kimi vaxt verin hissə-hissə qaytaracam”. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan iltizam mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iltizamdan (qəbz) açıq-aşkar görünür ki, ayrı-ayrı vaxtlarda yazılmışdır. Əvvəl yazılan iltizamda 2008-ci ilin iyun ayının 25-də 41.000 manat götürülməsi göstərilsə də, 2008-ci ilin noyabr ayının 25-nə kimi nə qədər borcun qaytarıldığı, nə qədər borcun qaldığı və icrası vaxtı göstərilməməklə tarixsiz, imzasız yazılmışdır. İltizamın fərqli qələm ilə yazılan hissəsində isə kimin kimdən nə qədər pul alması ümumiyyətlə göstərilməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddia müddətinin keçdiyini nəzərə alaraq, cavabdehin ərizəsi əsasında iddia müddətini tətbiq etməklə iddia tələbini rədd etmiş və iddianın rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iltizam (qəbz) mötəbər sübut hesab edilsə belə, hər iki halda, iddia müddəti 2012-ci ilin may ayında bitmişdir. Çünki, qəbzdə son ödəniş vaxtı may ayı olaraq göstərilir ki, bu səbəbdən may ayının son günü öhdəliyin son icra günü olaraq qəbul edilməlidir. Qəbzdən görünür ki, iddia müddətinin axımının başlandığı gün 2009-cu ilin may ayıdır və iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi ilə bağlı hallar da müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 80.000 manat məbləğində pul tələbi ilə bağlı hesab etmişdir ki, əsas tələb və ona istinadən törəmə tələb olduğundan iddia tələbinin bu hissəsinə də iddia müddəti tətbiq edilərək təmin edilməməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. (373.1-373.1) Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm Mülki Məcəllənin 377.2 və 377.3cü maddələrində, həm də bütövlükdə Mülki Məcəllənin ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.» «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında isə məhz bank-kredit münasibətlərinə iddia müddətinin tətbiqin mümkünlüyü nəzərdə tutularaq, aşağıdakı məzmunda şərh verilmişdir: «İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.» Hazırki işin müəyyən edilmiş hallarından görünür ki cavabdehin nümayəndəsi iddiaçı tərəfindən təqdim edilmiş yazılı qəbzdəki imzanın cavabdehə məxsus olmadığını bildirsə də, onun iddiaçılardan həqiqətən də həmin dövrdə faiz ödəmək şərtilə borc pul aldığını, borc üzrə ödənişlər etdiyini, onun hesabı ilə borcunu ödəyib qurtardığını, lakin bu barədə iddiaçılara müraciət etdikdə, onun qəbzdə qeyd edilən qədər borcunun qaldığını bildirdiklərini, bundan sonra cavabdehin iddiaçılara heç bir pul ödəmədiyini bildirmişdir. İddiaçılar isə cavabdehin həmin müddətdən sonra da ödənişlərini davam etdirdiyini və bu səbəbdən iddia müddətinin keçmədiyini bildirmiş və bununla bağlı təqdim etdiyi yazılı qəbszə istinad etmişdir. Beləliklə, tərəflər mübahisələndirmirlər ki, onların arasında həqiqətən də, 2008-2009cu illəri əhatə edən müddət ərzində faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər olmuş və həmin borca görə cavabdeh 2009-cu ilin may ayınadək öhdəliklərini icra etməyi öhdəsinə götürmüşdür. İddiaçılar cavabdeh tərəfindən həmin müddətdən sonra da, İddiaçı1 Türkiyə Respublikasında yaşayan anası vasitəsilə borcundan ödəniş etdiyini bildirsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrası üçün aralarında müəyyən edilmiş müddət kimi 2009-cu ilin may ayının sonu qəbul edilməli, iddia müddətinin axımı da həmin vaxtdan hesablanmalıdır. Lakin iş materiallarından göründüyü kimi, iddiaçılar tərəfindən həmin vaxtdan üç il ərzində cavabdehə qarşı pul tələbi ilə bağlı iddia irəli sürülməmişdir. İddiaçılar məhkəməyə iddia tələbi ilə 4 ildən sonra, 20.09.2016-cı il tarixdə müraciət etmişlər. Bununla da, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır. İş materiallarında olan cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən təqdim etdiyi ərizəsindən görünür ki, həmin ərizə ilə o, iddiaçının qanunla müəyyən olunmuş iddia müddətini ötürdüyünü nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar apellyasiya şikayətinin dəlillərini məhkəmə iclasında sübut edə bilməmişlər. Belə ki, onlar cavabdehə 47.000 manat borc verdiklərini, bu barədə hazırda tələb edilən borcun həmin ümumi borcdan qalan məbləğ olduğunu, 08 aprel 2009-cu ildən sonra cavabdeh tərəfindən ödənişlərin olunmasını qeyd etsə də, bu barədə hər hansı mötəbər və əsaslı sübutlar təqdim edə bilməmişdir, iş materiallarından isə bu hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(009)-5030/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9488/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9488/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver