Məhkəmə qərarları › İş №2(103)-95/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-95/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-95/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-880/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 026R********** saylı kredit razılaşması üzrə 8477,78 manat məbləğində kredit borcu, 1789,92 manat məbləğində faiz borcu və 3243,7 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13511,4 manat məbləğində borcun məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 880/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh3 xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 8477,78 manat məbləğində əsas borc, 1789,92 manat məbləğində faiz borcu və 300 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10567,70 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbi cərimənin qalan hissəsinə münasibətdə təmin edilməməsi, xx.xx.2012-ci il tarixli “Zaminlik” müqavilələri üzrə zaminliyə xitam verilməsi, iddia tələbinin digər cavabdehlər – Cavabdeh2 və Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir. İddiaçı QSC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, kredit razılaşmasına dəyişikliklər edilməsinə dair bağlanmış sazişlər barədə zaminlərin kifayət qədər məlumatı olmuşdur. Bundan başqa kredit razılaşmasına dəyişikliklər edilsə də, bu zaminlərin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Çünki bu zaman kredit xətti müqaviləsinə əsasən zaminlərin götürdüyü öhdəliklər üzrə maksimum müddət və məbləğ aşılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid hissədə yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2012-ci il tarixli 26L000000868 saylı kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh3 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh1 arasında ayrı-ayrılıqda xx.xx.2012-ci il tarixli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh1 borclu Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən Cavabdeh3 12 ay müddətinə, aylıq 1.75 % olmaqla, 10000 manat məbləğində kredit verilmişdir. Kredit razılaşması bağlanılan zaman zaminlərin razılığı alınmışdır. Həmin tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 026R**********S saylı, xx.xx.2016-cı il tarixli 026R**********SA saylı, xx.xx.2017-ci il tarixli 026R**********SB saylı, xx.xx.2017-ci il tarixli 026R**********SC saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə 8477,78 manat əsas kredit borcu, 1789,92 manat faiz borcu, 3243,7 manat dəbbə pulu, cəmi 13511,4 manat borcun əsas borclu Cavabdeh3 ilə yanaşı zaminlərdən də müştərək qaydada tutulması tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, zaminlərə aid hissədə iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 477.0 və 477.0.1-ci maddələrinin tələblərinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Hazırkı işdə də qeyd olunan hallar mövcuddur. Belə ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair xx.xx.2016-cı il tarixli 026R**********S saylı, xx.xx.2016-cı il tarixli 026R**********SA saylı, xx.xx.2017-ci il tarixli 026R**********SB saylı, xx.xx.2017-ci il tarixli 026R**********SC saylı sazişlər bağlanılan vaxt zaminlər Cavabdeh2 və Cavabdeh1 razılığı alınmamışdır. Eyni zamanda həmin sazişlərin bağlanması ilə kreditin qaytarılması müddəti uzadılmış və ümumi faiz məbləği artmışdır. Bu hal isə zaminlərin məsuliyyətinin artmasına səbəb olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 477.0 və 477.0.1-ci maddələrinin tələblərinə görə zaminliyə xitam verildiyindən Cavabdeh2 və Cavabdeh1 qarşı irəli sürülmüş tələblər rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilən hallara görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-880/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar