Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-95/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər 1 saylı Qadın Məsləhətxanasına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “əmlakın boşaldılaraq təhvil verilməsi, vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)-2427/2019 saylı 04 dekabr 2019-cu il tarixli qətnamədən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 12 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 1 saylı Qadın Məsləhətxanasına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bülbül prospekti 6 ünvanda yerləşən 1 saylı mənzilin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi, mübahisəli əmlakın 04 mart 2019-cu il tarixdən başlayaraq 1 saylı Qadın Məsləhətxanasında olduğu bütün vaxt ərzində ona vurulmuş zərərin, yəni hər ay üçün 15057 manat məbləğinin cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri, Bül-bül prospekti 6 ünvanda yerləşən 1 saylı mənzilə hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin verdiyi ******* saylı çıxarışla və 18.05.2018-ci il tarixində tərtib edilən texniki Pasportla təsdiq olunur. Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il 413 saylı Fərmanına əsasən Səhiyyə Nazirliyinin tabeliyində qurumlar mövcuddur və struktura daxil olmayan, ancaq Səhiyyə Nazirliyinin tabeliyində olan qurumların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 noyabr 2011-ci il 182 saylı Qərarına əsasən 1 saylı Qadın Məsləhətxanası bu qurumların sırasında yer almışdır. O, bir neçə dəfə 1 saylı Qadın Məsləhətxanasının tabe olduğu Səhiyyə Nazirliyinə mübahisəli əmlakın boşaldılması və ya onunla icarə müqaviləsinin bağlanması barədə müraciət etmiş, lakin Səhiyyə Nazirliyi bu müraciətlərə heç bir məhəl qoymamışdır. Onun həmin mənzilə tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, mübahisəli mənzilə mülkiyyət hüquqları heç bir əsasla məhdudlaşdırılmamışdır. Cavabdehlər tərəfindən mübahisəli əmlak üzərində sahiblik etməsi və ondan istifadə etməsi qanunsuzdur və iddiaçının mülkiyyətinə müdaxilədir, bu cür müdaxilənin heç bir əsası yoxdur. Bu cür müdaxilə Azərbaycan Respublikasının Konstitusiyasına, Mülki Məcəlləyə və Konvensiyaya ziddir. Bundan başqa, cavabdehlər qeyd olunan sahibliyin qanunsuz olduğu barədə məlumatlıdırlar. Bu səbəbdən cavabdehlər Mülki Məcəllənin məqsədləri üçün vicdansız sahibdir. Mübahisəli əmlakın yerləşdiyi ərazidə icarə haqqı bir kvadrat metr üçün 14% mənbədən tutulan vergi xaric ən azından 35 manat təşkil edir. Müvafiq olaraq AR Səhiyyə Nazirliyinə müvafiq bildirişin verilməsi anından (yəni 4 mart 2019-cu il tarixdən) cavabdehlər mübahisəli əmlakı icarəyə verməklə hər ay 15057 manat (430.2x35) həcmində gəlir əldə edə bilərdi. Mübahisəli əmlakın cavabdehlərdə qaldığı bütün müddət ərzində iddiaçıya qeyd olunan məbləğdə əldən çıxmış fayda formasında vurulmuş zərərin əvəzi ödənilməlidir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2427/2019 saylı 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 6 saylı evin 1 saylı mənzilinin cavabdehlər 1 saylı Qadın Məsləhətxanası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən Bakı şəhəri Səbail rayon Məhkəməsindən 3198 saylı 03.02.2020-ci il tarixdə daxil olmuş məktubla iş üzrə 04.12.2019-cu il tarixli qətnamədən digər cavabdeh 1 saylı Qadın Məsləhətxanası tərəfindən şikayət verildiyi bildirilmiş və bunun üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2436/2020 saylı 04.03.2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 04.12.2019-cu il tarixli qətnaməsindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin verdiyi apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki işin apellyasiya baxışından çıxarılması və birinci instansiya məhkəməsi tərəfindən öz səlahiyyətləri çərçivəsində 04.12.2019-cu il tarixli məhkəmə qətnaməsindən digər cavabdeh 1 saylı Qadın Məsləhətxanasının verdiyi apellyasiya şikayəti üzrə zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-2427/2019 saylı 18.03.2020-ci il tarixli qərardadı ilə 04.12.2019-cu il tarixli məhkəmə qətnaməsindən cavabdeh 1 saylı Qadın Məsləhətxanasının verdiyi apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Qərardad 15.04.2020-ci il tarixdə 1 saylı Qadın Məsələhətxanası tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul olunmuş və sonuncu tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmədiyi üçün qərardad qanuni qüvvəsini almışdır. Bundan sonra mülki iş cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 04.12.2019-cu il tarixli qətnamədən verdiyi apellyasiya şikayətinə baxılmasının davam etdirilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsi işə baxarkən həm işi tam, hərtərəfli və obyektiv araşdırmamış, həm də Mülki Prosessual Məcəllənin tələblərini kobud şəkildə pozmuşdur. Nəticə etibarı ilə isə işin faktiki halları ilə qəbul edilmiş qətnamə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 nömrəli Qadın Məsləhətxanası hələ keçən əsrin ortalarından Azərbaycan Sovet Sosialist Respublikasının Kommunal Xidmətlər Nazirliyinin 1972-ci il tarixli Ev təsərrüfatlarının texniki inventarlaşdırması pasportuna və Səhiyyə Nazirliyinin pasortuna əsasən Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 8 ünvanında fəaliyyət göstərməkdədir. Həmçinin qeyd edilən Qadın Məsləhətxanası 1998-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin balansına verilmiş və həmin tarixdən 1 nömrəli Qadın Məsləhətxanası 1998-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin balansına verilmiş və həmin tarixdən 1 nömrəli Qadın Məsləhətxanası kimi fəaliyyət göstərməkdədir. Sözügedən mənzilin ilkin qeydiyyatı Səbail rayon İcra Hakimiyyəti Başçısının 794 və 801 saylı 22.05.1998-ci il tarixli sərəncamları ilə verilmiş dövrdə qeyd olunan tikili Səbail Rayon İcra Hakimiyyətinin balansında olmadığından (Səhiyyə Nazirliyinin balansında olmuşdur) Səbail Rayon İcra Hakimiyyəti başçısının həmin tikilini vətəndaşlara vermək səlahiyyəti olmamışdır. Mübahisə predmeti olan tikili Səhiyyə Nazirliyinə məxsus sənədlərdə qeyri-yaşayış sahəsi kimi göstərilsə də, İddiaçı məxsus çıxarışda mənzil kimi göstərilmişdir. Eləcə də binanın yerləşmə ünvanları Səhiyyə Nazirliyinə məxsus sənəddə 8, İddiaçı məxsus sənəddə isə 6 kimi göstərilmişdir. X1 verilmiş qeydiyyat vəsiqəsində isə Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 6 saylı binanın 1, 2, 3 saylı mənzilləri kimi göstərilmişdir. Bütün qeyd olunanlardan göründüyü kimi ünvanlar arasındakı ziddiyyətlər sərəncamların əsassızlığını göstərir. İddiaçıya Daşınmaz əmlakın dövlət reyetrindən çıxarış verilərkən daşınmaz əmlakın texniki pasportu tərtib olunur ki, bu zaman cavabdeh qurumun mütəxəssisləri daşınmaz əmlaka bilavasitə gələrək daşınmaz əmlakın faktiki vəziyyətini və ölçülərini yoxlamalıdırlar. Lakin işin hallarından da göründüyü kimi, həmin dövrdə də daşınmaz əmlak 1 nömrəli Qadın Məsləhətxanası tərəfindən istifadə edildiyindən heç bir mütəxəssis daşınmaz əmlaka baxış keçirməmişdir. Hər 3 üç sərəncam verilən tarixdə yəni ki, 1998-ci il də Səbail rayon İcra Hakimiyyəti Başçısı olmuş X2 (1993-2001) hazırkı üçüncü şəxs İddiaçı doğma atasıdır. Bu hal isə özlüyündə həmin sərəncamların obyektivliyini şübhə altına alır. Eləcə də, həmin sərəncamların əsası mövcud olmamış və dövlət əmlakı qanunsuz olaraq vətəndaşlara verilmişdir. Bundan başqa Səbail rayon Məhkəməsində olan mülki iş üzrə İddiaçı nümayəndəsi ona verilmiş suallara cavab olaraq həmin tikilidə olmadıqlarını, eləcə də daşınmaz əmlakın quruluşunu bilmədiyini bildirmişdir. Həmçinin ərazi üzrə İddiaçı 1998-ci il tarixindən bu günə kimi 30 il müddətində bir dəfə də olsun nə Azərbaycan Respublikası Səhiyyə Nazilriyinə, nə də Bakı şəhər 1 nömrəli Qadın Məsləhətxanasına həmin ərazi ilə bağlı müraciət etməmişdir. Yalnız hansısa saxta yollarla əldə etdiyi çıxarışı əldə etdikdən sonra həmin ərazinin guya onun olması iddiası ilə Bakı şəhər Səbail rayon Məhkəməsinə müraciət etmiş, lakin qeyd edilmiş faktların heç biri məhkəmə tərəfindən araşdırılmamış və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Beləliklə, maddi və prosessual hüquq normalarının, eləcə də çəkişmə prinsipinin kobud şəkildə pozulması nəticəsində düzgün olmayan qətnamə qəbul edilmiş, belə bir qətnamənin qanuni qüvvəsini alması onların hüquqlarını əsaslı şəkildə pozacaqdır. Bu səbəbdən də həmin qətnamə ləğv edilməlidir. Bakı Apellyasiya Məkəməsinin 2(103)-5484/2020 saylı 26 avqust 2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraatın iddiaçı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin cavabdehlər Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə (3-cü şəxslər İddiaçı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və X4) qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1281/2021 saylı 12 mart 2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin cavabdehlər Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi və 3-cü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məkəməsinin 2-1(103)-1589/2021 saylı 13 iyul 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qəradaddan narazı qalan 3-cü şəxs tərəfindən kassasiya şikayəti verilmiş, lakin həmin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1896/2021 saylı 01 dekabr 2021-ci il tarixli qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məkəməsinin 2-1(103)-1589/2021 saylı 13 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Buna görə də hazırki iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-438/2021 saylı 07 dekabr 2021-ci il tarixli qərardadı ilə təzələnmiş və işə son olaraq baxılması 12.01.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən iddiaçının nümayəndəsi və vəkili hazırki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə cavabdehlər 1 saylı Qadın Məsləhətxanasının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, məruzəçi-hakimin məruzəsini, hazırki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkilinin, həmçinin əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı həmin cavabdehə qarşı iddianın təmin edildiyi hissədə yoxlanılır. Çünki qətnamə digər cavabdeh 1 saylı Qadın Məsləhətixanası tərəfindən mübahisələndirilsə də, sonuncunun apellyasiya şikayəti birinci instansiya məhkəməsinin 18.03.2020-ci il tarixli qərardadı ilə geri qaytarılmış və həmin qərardaddan da apellyasiya şikayəti verilməmiş, bununla da qətnamə iddianın 1 saylı Qadın Məsləhətxanasına qarşı təmin olunmuş hissəsində qüvvəyə mindiyi üçün həmin hissə bu apellyasiya icraatının hədlərinə daxil deyildir. İddianın cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı təmin olunmuş hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan RX seriyalı ******* saylı 18.05.2018-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 430.2 kv.m. olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. **********77-05101-093001 saylı reyestr nömrəli 18.05.2018-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 3 ünvan üzrə hüquq subyekti İddiaçıdur. Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 5 saylı MKİS-nin 69 saylı 27.03.2019-cu il tarixli arayışından görünür ki, Bakı şəhəri Bülbül prospekti 14 (təzə ünvan) ünvanda, 6 saylı evin 1 saylı mənzili 18.05.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsusdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********99 saylı 01.11.2019-cu il tarixli arayışından görünür ki, ünvan 3 ünvana mütəxəssislər tərəfindən təkrar texniki baxış keçirilərək məlum olmuşdur ki, 1 və 2 mərtəbəli binanın 1 və 2-ci mərtəbəsinin bir hissəsində yerləşən İddiaçı məxsus mənzil 18.05.2018-ci il tarixli texniki pasportuna uyğundur. Hal-hazırda mənzil Səhiyyə Nazirliyinin nəzdində 1 saylı Qadın Məsləhətxanası kimi istifadə olunur. Əlavə olaraq qeyd olunur ki, mənzil sahəsinin Bülbül prospektinə olan girişinə faktiki istifadə vəziyyətinə uyğun olaraq yeni qaydalarla Bülbül prospekti “14” ünvanı verilmişdir. İşə üzrə birinci instansiya məhkəməsi iddiaçının cavabdeh Səhiyyə Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etməsində subyektiv hüquqa malik olmasına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın Səhiyyə Nazirliyinə qarşı təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, hazırki işdə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyini göstərmiş, tələbini həm də ona qarşı yönəltmişdir. Halbuki iş materiallarından müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən 1 saylı mənzil cavabdeh qismində qoyulmuş Səhiyyə Nazirliyi tərəfindən deyil, faktiki olaraq 1 saylı Qadın Məsləhətxanası tərəfindən zəbt edilmişdir. İşin bu halı birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və həmin cavabdehə qarşı da iddiaya mahiyyəti üzrə baxılaraq həmin hissədə iddia təmin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz olunması və ya yeni cavabdehin cəlb edilməsi barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq iddianın ona cavab verməli olmayan şəxsə- Səhiyyə Nazirliyinə qarşı təmin edildiyi hissədə ləğv edildiyi üçün Məhkəmə kollegiyası həmin dəlillərə ayrıca münasibət bildirməyi zəruri hesab etmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- iddianın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2427/2019 saylı 04 dekabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- iddianın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı təmin edildiyi hissədə ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2(103)-95/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-95/2022
12.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver