Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-950/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3813/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli, İKM 442 saylı kredit müqaviləsinə əsasən 404,98 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 286,36 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 66,18 ABŞ dolları faiz borcu, 566,60 ABŞ dolları cərimə olmaqla, cəmi 1324,12 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3813/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli, İKM 442 saylı kredit müqaviləsi üzrə 404,98 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 286,36 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 66,18 ABŞ dolları faiz borcu, 6,60 ABŞ dolları cərimə olmaqla, cəmi 764,12 (yeddi yüz altmış dörd ABŞ dolları on iki sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və ödənilmiş 30 manat dövlət rüsumunun 17,10 (on yeddi manat on qəpik) manat hissəsi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İddiaçı şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə cərimə və zaminlik müqaviləsinə münasibətdə qanunsuz və əsassız olduğuna görə ləğv edilərək, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayayraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh isə üzürlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, borc məbləği cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdir. Bununla yanaşı, borcun vaxtında ödənilməməsinə görə 566,60 ABŞ dolları dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Çünki, 566,60 ABŞ dolları dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı və 6,60 ABŞ dollarınadək azaldılmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın həmin hissədə tam təmin edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən cərimə hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə cərimənin azaldılması hissəsində yoxlanılmalı, mübahisələndirilməyən hissəyə isə toxunulmamalıdır. Əvvəla, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Yəni, kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı bir məlumatın olmadığına görə də cərimənin hesablanması mümkün deyildir. Bununla yanaşı, cavabdehin də əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilə üzrə əsas və faiz borcu, cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz cavabdehin maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Ona görə də cərimənin azaldılmasının ləğv edilməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilə bilməz. İkincisi, iddiaçının digər dəlili isə zaminlik müqaviləsinə xitam verilməsi ilə bağlıdır. Yəni bu hissədə də qətnaməni qanunsuz və əsassız hesab edir. Əslində nə zaminlik müqaviləsinə xitam verilmiş, nədə zaminə münasibətdə iddia rədd edilməmişdir. İddiaçının bu dəlili nəyə əsasən söyləməsi anlaşılan deyildir. Çünki, bu cür dəlil bildirmək üçün ən azından qətnaməyə baxmaq lazım idi. Düzdür qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Başqa sözlə cavabdehlərin, o cümlədən zaminin şikayəti olmadığından zaminlik müqaviləsinin qanuniliyi və zaminə aid hissədə iddianın əsaslılığı yoxlanılmır. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçının mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3813/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-950/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-950/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver