Məhkəmə qərarları › İş №2(103)-950/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-950/2023

09.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-950/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(011)-3881/2021 saylı qərarı ilə Cavabdeh barəsində Bakı şəhəri Nəsimi RPİ-nin X5 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında qərarın ləğvi barədə şikayəti təmin edilməmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-2825/2021 saylı qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(011)-3881/2021 saylı qərarından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır.

3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ilkin aktla “Mercedes Benz”' minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1710 manat ziyan dəyməsi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı X3 Cavabdeh qarşı əmlaka dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə 1710 manatın və 30 manat dövlət rüsumu əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 12:06 radələrində idarə etdiyi “BMW” markalı YR-100-AZ dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində sağında hərəkətdə olan, etibarnamə əsasında tərəfindən idarə edilən “Mersedes Benz” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili buraxmayaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində ona maddi ziyan dəymişdir. "xxxx" MMC verdiyi akta əsasən avtomobilin təmir xərci cəmi 1710 manat təşkil edir. Etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hesabına təmir edilmişdir. Hadisədən sonra Cavabdeh tərəfindən vurulmuş ziyanın ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsi (hakim Sərdar Mehrəliyev) ilə iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki,məhkəmə baxışında araşdırılmış sübutlarla Cavabdeh xx.xx.2021- ci tarixdə idarə etdiyi “BMW 528" markalı YR-100-AZ dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri V.Plotnikov küçəsi ilə M.Qaşqay küçələrinin kəsişməsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Qanunun 77-ci maddəsinin 3-cü hissəsinin tələbini pozaraq nizamlanmayan yol ayrıcına daxil olarkən özündən sağda hərəkətdə olan X1 idarə etdiyi “Mersedes Benz”' minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması və 1710 manat məbləğində ziyan yetirməsi, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi təsdiq edilmişdir. Buna görə də, iddia tələbi təmin edilərək 1710 manat məbləğdə pul Cavabdeh alınıb iddiaçı X2 verilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş edərk şikayətində göstərir ki, Mülki Məcəllənin 21-ci maddəsi o halda tətbiq oluna bilərdi ki, hazırki mülki iş üzrə cavabdehin iddiaçıya zərər yetirməsi sübut edilmiş olsun. Hazırki mülki iş üzrə cavabdeh tərəfin inzibati xətaya dair protokolla cərimə olunması hələ onun təqsirli olması demək deyil. Belə ki, qəza nəticəsində iddiaçıya da inzibati tənbeh vermə haqqında TP ******* saylı qərara əsasən, cərimə cəzası tətbiq olunmuşdur. Belə olduğu halda, hansı təqsirdən söhbət gedə bilər? Bundan başqa, iddiaçı tərəfin təqsiri nəticəsində ona məxsus BMW 528 markalı, YR 100 AZ dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bu zərərlə bağlı cavabdeh məhkəmə prosesində iştirak edib təqsirin əvəzini qarşılıqlı iddia tələbi kimi iddiaçıdan tələb edə bilərdi. Bu hissədə də onun hüquqları kobud surətdə pozulmuş, tələb etmək hüququ məhkəmə tərəfindən məhdudlaşdırılmışdır. Belə ki, cavabdehə məxsus əmlaka dəymiş zərərin dəyəri qiymətləndirmə aktında öz əksini tapır. Məhkəmə prosesində iştirakı məhdudlaşdırıldığından o, həmin sübutları təqdim etmək imkanından məhrum olmuşdur. Məhkəmə Mülki Məcəllənin 1099.1-ci maddəsinə istinad etsə də, cavabdehin təqsirli olması məsələsini araşdırmamışdır. Belə ki, iddiaçı tərəf qəza nəticəsində cərimə olunmuş, təqsirli bilinmişdir. Buna görə də, məhkəmə absurd qətnamə qəbul edərək cavabdeh tərəfin hüquqlarına toxunmuşdur. Göründüyü kimi, mülki işin tam, obyektiv, hərtəfli araşdırılması üçün məhkəmə öz təşəbbüsü ilə ziyanın dəqiqləşdirilməsi, ziyanın cavabdeh tərəfindən vurulmasını xüsusi biliyə malik olan şəxs vasitəsilə müəyyənləşdirilməsi məqsədilə ekspertizanın keçirilməsi barədə qərardad qəbul etməli idi. Lakin məhkəmənin heç bir hüquqi addım atmaması cavabdehə qarşı yol verilən daha bir hüquq pozuntusundan xəbər verir. Məhkəmə əsaslı sübutlara qiymət verərək mülki iş üzrə tətbiq edilməli olan, hüquqa əsaslanan sübutu tətbiq edə bilər. Məhkəmə bu hissədə də normanı düzgün tətbiq etməyərək yanlışlığa yol vermişdir. Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsi məhkəmə tərəfindən kobud surətdə pozulmuşdur. Məhkəmə prosesi zamanı, vaxtı, yeri barədə cavabdeh tərəf lazımi qaydada məlumatlandırılmamış, hər bir tərəfin məhkəmədə iştirakı təmin edilməli olduğu halda şəxsin məhkəmədə iştirakı təmin olunmamışdır. Belə ki, cavabdeh tərəf məhkəmədə iştirak etsəydi, prosessual qanunvericiliklə müəyyən olunmuş hüquqlarından istifadə edib, qarşılqlı iddia tələbi ilə məhkəməyə müraciət edər, hazırki iş üzrə iddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpa olunmasına, cavabdehə dəymiş maddi ziyanın əvəzini tələb edərdi. Belə ki, mülki iş üzrə iddiaçı tərəfindən dəymiş zərər zərərin qiymətləndirilməsi aktında da öz əksin tapmışdır. Bundan başqa, MPM 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Məhkəmə tərəfindən çəkişmə prinsipinə əməl olunmamması nəticəsində qeyd olunan normanın tələbləri də pozulmuş, cavabdehin qarşılıqlı iddia vermək hüququ məhdudlaşdırılmışdır. Belə ki, iddiaçı tərəfin təqsiri nəticəsində baş vermiş qəza səbəbindən cavabdehin əmlakına olduqca böyük ziyan dəymişdir. Bununla bağlı olaraq əgər cavabdehin məhkəmə prosesində iştirakı təmin olunmiş olsaydı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edər, iddia tələbinin əsaslılığına dair dəlilləri məhkəməyə təqdim edərdi. Göründüyü kimi, tərəflərin məhkəmə prosesi barədə məlumatlandırılması öhdəliyinə malik olan məhkəmə tərəfindən cavabdeh tərəfin məhkəmə iclası barədə məlumatlandırılmaması şəxsin konstitusion hüquqlarına toxunmuşdur. Bu hüququ Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunaraq məhkəməyə təqdim ediləcək qarşılıqlı iddia tələbi məhkəmə tərəfindən icraata qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

13. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

19. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır.

20. Cavabdehin iddiaçı X2 məxsus avtomobilə zərər vurması işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Düzdür, cavabdeh bunu qəbul etmir. Yəni, hesab edir ki, barəsində inzibati xəta haqqında protokolun tərtib olunması onun təqsirli olması demək deyildir. Ancaq cavabdehin yol nəqliyyat hadisəsi törədilməsində təqsirli olması və iddiaçıya zərər dəyməsi qanuni qüvvəyə minmiş birinci və apellyasiya məhkəməsinin qərarları ilə təsdiq olunmuşdur.

21. İddiaçının barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi barədə işdə hər hansı bir sübut yoxdur, cavabdeh də şikayətinə belə bir sənəd əlavə etməmişdir. Bu hal həqiqi olsa belə, hazırki iddianın rədd edilməsi üçün birbaşa əsas ola bilməz. Cavabdeh hesab edirsə ki, bu hadisə zamanı onun da avtomobilinə hansısa şəxsin təqsiri nəticəsində zərər dəyib, bununla bağlı məhkəmə müdafiəsindən istifadə etmək hüququ mövcuddur.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmaması barədə dəlillər də əsassızdır. Çünki, cavabdehin məhkəmə iclaslarında iştirak etmiş, dəfələrlə icraatın dayandırılması barədə vəsatət vermiş, birinci dəfə verdiyi vəsatəti təmin edilərək inzibati xəta haqqında iş üzrə yekun qərar qəbul edilənədək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Demək, yalnız şikayət xatirinə bu fikirləri səsləndirmək onun həqiqi olduğunu təsdiq etmir və buna görə də bu dəlillər şikayətin təmin edilməsi üçün də əsas ola bilməz. Ona görə də, cavabdehin ilkin iddiaya etiraz etmək yaxud qarşılıqlı iddia vermək üçün kifayət qədər vaxtı və imkanı da olmuşdur.

23. Məhkəmənin mülki iş üzrə öz təşəbbüsü ilə ziyanın dəqiqləşdirilməsi, ziyanın cavabdeh tərəfindən vurulmasını xüsusi biliyə malik olan şəxs vasitəsilə müəyyənləşdirilməsi məqsədilə ekspertizanın keçirilməsinə də zərurət və əsas olmamışdır. Çünki, ziyanın vurulması işin mübahisəsiz halıdır. Ziyanın cavabdeh tərəfindən vurulmasının xüsusi biliyə malik olan şəxs tərəfindən müəyyənləşdirilməsinə də ehtiyac qalmamışdır. Çünki, cavabdehin idarə etdiyi avtomobillə iddiaçının idarə etdiyi avtomobilə yuxarıda qeyd olunduğu kimi zərər vurması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə inzibati xəta haqqında iş üzrə icraatda müəyyən edilmişdir. Ona görə də məhkəmə cavabdehin göstərdiyi halları “kifayət qədər araşdırsa” idi belə, yenədə bunun hazırki iddianın əsaslılığına və təmin olunmasına təsir edəcək dərəcədə heç bir əhəmiyyəti ola bilməzdi.

24. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar