Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-950/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5 və X4 cəlb edilməklə) Cavabdeh qarşı pul tələbinə dair mülki iş (Açar sözlər: «pul tələbi barədə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1240/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Borc verən qismində İddiaçı ilə borclu qismində Cavabdeh arasında sadə yazılı qaydada bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Həsənov X3 Əhəd Tofiq oğluna 55.000 ABŞ dolları məbləğində borc vermiş, Cavabdeh isə xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. 2.Borc verən qismində İddiaçı ilə borclu qismində Cavabdeh arasında sadə yazılı qaydada bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Həsənov X3 Əhəd Tofiq oğluna 65.000 ABŞ dolları məbləğində borc vermiş, Cavabdeh isə xx.xx.2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. 3.Bir tərəfdən İddiaçı, digər tərəfdən Cavabdeh və X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə İddiaçı cəmi 62.000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş, Həsənov X3 Əhəd Tofiq oğlu ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh cəmi 62.000 ABŞ dolları məbləğində borcu olduğunu qəbul edir və tərəflər həmin borcun ümumilikdə 31 ay müddətinə olmaqla, hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli müqavilə üzrə 55.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə 65.000 ABŞ dolları olmaqla, ümumilikdə 120.000 ABŞ dollarının və ödənilmiş 494 manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddiada göstərilir, iddiaçı Cavabdeh ilə 2020-ci ilin avqust ayından tanış olmuşlar. Bir müddət sonra onunla yaxşı münasibətləri yaranddıqdan sonra ailəvi toplaşıb görüşmüş, qohumluq əlaqələri yaranmış, tez-tez gəlib getmişlər. Cavabdehin ona göstərdiyi mehriban münasibət nəticəsində iddiaçı dost kimi qəbul etmişdir. Cavabdehlə aralarında borc müqaviləsi imzalanaraq xx.xx.2018-ci il tarixdə bir il müddətinə 55.000 (əlli beş min) ABŞ dolları və xx.xx.2019-cu il tarixdə bir il müddətinə 65.000 (altmış beş min) ABŞ dolları ümumilikdə 120.000 (bir yüz iyirmi min) ABŞ dolları borc vermişdir. xx.xx.2018-ci il tarixli borc müqaviləsinin son icra vaxtı xx.xx.2019-cu il tarixə, xx.xx.2019-cu il tarixli borc müqaviləsinin isə son icra vaxtı xx.xx.2020-ci il tarixə təyin edilmişdir. İcra müddəti başa çatmağına baxmayaraq cavabdeh borcu qaytarmamış və hətta cavabdehlə müxtəlif vaxrlarda görüşərək borcun qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh hazıradək borcun geri qaytarılmasından yayınmışdır.
6. Birinci instansiya məhkəməsi işin halları ilə bağlı olaraq X5 və X1 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsi və iddianın xx.xx.2018-ci il tarixli müqavilə üzrə 55.000 ABŞ dolları məbləğində borcun tutulması hissəsində rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1240/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia tələbinin qismən təmin edilərək, Cavabdeh 62.000 (altmış iki min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 395,4 (üç yüz doxsan beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi qənaətində göstərib ki, ilk növbədə cavabdeh mübahisə predmeti olan borc müqavilələri və iş materiallarına əlavə edilmiş barışıq sazişini imzalamadığını bildirsə də, iş üzrə təyin edilmiş ekspertizanın nəticəsindən müəyyən edilir ki, İddiaçı ilə ƏlCavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 01 nömrəli, xx.xx.2019-cu il tarixli, 02 nömrəli borc müqaviləsində “borclu” qrafalarındakı imzalar, İddiaçı, X4 və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1-ci vərəqində “2” rəqəmi qarşısındakı və 2-ci vərəqində “İmza: Cavabdeh” qrafasındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Göründüyü kimi, müqavilələrin və barışıq sazişinin cavabdeh tərəfindən imzalanması öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, 01 nömrəli yazılı borc müqaviləsi bağlanmışdır və cavabdeh müqavilə ilə razılaşdırılmış qaydada xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bugünədək borcu qaytarmamış, öhdəliyini pozmuşdur. İddiaçı isə xx.xx.2023-cü ildə - müqaviləni müddəti bitdikdən 3 il 11 ay sonra iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla da məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ağlabatan müddətdə müraciət etməyərək iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, müqavilənin icra müddətinin bitdiyi vaxtdan 3 üç ildən artıq müddət keçmiş, bu müddət ərzində borc verən tərəfindən borcla bağlı hər hansı tədbir görülmədiyinə görə göstərilən müddət iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ağlabatan hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında həmçinin xx.xx.2019-cu il tarixli, 02 nömrəli yazılı borc müqaviləsi bağlanmışdır və cavabdeh müqavilə ilə razılaşdırılmış qaydada xx.xx.2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bu günədək borcu qaytarmamış, öhdəliyini pozmuşdur. Bu halda məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdehin iddiaçıdan 65.000 ABŞ dolları məbləğində borc aldığı sübut olunur, həmin borcun tam və ya qismən qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə borcunu iddiaçının qohumu olan və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X2 ödədiyini bildirsə də bununla bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa, məhkəmə iclasında izahatların alınması zamanı, həmçinin müqavilənin şərtlərindən müəyyən edilmişdir ki, müqavilə üzrə tərəflər arasında borcun digər şəxsə - X2 ödənilməsi barədə razılıq mövcud deyildir. Məhkəmə qeyd edir ki, əgər cavabdeh borcu iddiaçıya çatması məqsədilə qohumu kimi X2 ödəmiş olması ehtimal edilsə də belə, hazırkı halda X5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun qəbul edilməsi barədə ixtiyarsız şəxs hesab edilir. Xüsusilə qeyd edilməlidir ki, iddaçı cavabdehin iddia etdiyi həmin ödənişdən heç bir fayda əldə etmədiyini bildirir. Bu halda məhkəmə cavabdehin borcu iddiaçıya verilməsi məqsədilə qohumu olan X2 ödəməsini ağlabatan hesab etməyərək bu halı borcun ödənilməsi kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh məhkəmə gedişində iddiaçıya borcunu ödədiyini bildirir, həmçinin məhkəmə gedişində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 62.000 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf edir, iddiaçı isə cavabdehin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 62.000 ABŞ dolları məbləğində borcunun olmasını qəbul edir. Bundan başqa iddiaçı məhkəmə gedişində cavabdehin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borca görə 3.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Bu halda tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə hazırkı vəziyyətdə cavabdehin 62.000 ABŞ dollar məbləğində borcunun qalması müəyyən edilir. Məhkəmə tərəflər arasında bağlanmış barışıq sazişinin sonradan məhkəmə iclasında mübahisələndirilməsini nəzərə alaraq sazişi tərəflərin etirafı kimi qiymətləndirdiyindən digər müddəalara - borcun ödənilməsi qaydasına münasibət bildirmir. Belə ki, göründüyü kimi, cavabdeh həmin sazişi imzalamadığını bildirsə də, ekspert rəyinə əsasən barışıq sazişinin müvafiq qrafasında qeyd olunan imzanın cavabdehə məxsus olması öz təsdiqini tapmışdır. Sazişi imzalayan digər tərəflər isə bu halı mübahisələndirmədiyindən, məhkəmə sazişdə qeyd olunan borc məbləğini tərəflərin etirafı kimi qiymətləndirməkdə haqlıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edərək şikayətində göstərib ki, tərəflər arasında bağlanması nəzərdə tutulmuş 29 fevral 2019-cu il tarixli 2 nömrəli borc müqaviləsi onun tərəfindən imzalanmamışdır. Ümumiyyətlə belə bir müqavilə şərtləri ilə bağlı onun heç bir razılığı olmamışdır. Ekspert rəyi əsassız olduğundan təkrar məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət versə də məhkəmə vəsatətini rədd etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olundu.
11. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh tərəf isə məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1.(xx.xx.2023-cü ilədək qüvvədə olan)Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1. (xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2. (xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Mübahisələndirilən təmin edilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edilən hissədə iddianın faktiki halları Mülki Məcəllənin yuxarıda qeyd olunan dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia təmin edilən hissədə haqlı sayılırdı.
23. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
24. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər, həmçinin X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişində Cavabdeh İddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə İddiaçı cəmi 62.000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf edib, İddiaçı isə Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh cəmi 62.000 ABŞ dolları məbləğində borcu olduğunu qəbul edib. Bu faktı tərəflərin heç biri inkar etmir.
25. İşin mübahisəli halı isə cavabdehin tərəflər arasında bağlanması nəzərdə tutulmuş 29 fevral 2019-cu il tarixli 2 nömrəli borc müqaviləsinin onun tərəfindən imzalanmadığını, ümumiyyətlə belə bir müqavilə şərtləri ilə bağlı onun heç bir razılığının olmadığını, ekspert rəyinin əsassız olduğunu bəyan etməsidir.
26. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir.
27. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün borc (kredit) müqavilələri yaxud mövcud borcun etirafı adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri yazılı formada bağlanmış müqaviləyə yaxud borcun etirafını təsdiq edən digər yazılı sübutlara əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını yaxud hazırki işdə olduğu kimi xx.xx.2019-cu il tarixli müqavilədəki imzanın ona məxsus olmadığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən xx.xx.2019-cu il tarixli borc(kredit) müqaviləsi bağlansada və cavabdeh sonradan barışıq sazişində iddiaçıya 62000 ABŞ dolları borcu qaldığını etiraf etsə də cavabdeh 29 fevral 2019-cu il tarixli 2 nömrəli borc müqaviləsinin onun tərəfindən imzalanmadığını, ümumiyyətlə belə bir müqavilə şərtləri ilə bağlı onun heç bir razılığının olmadığını, ekspert rəyinin əsassız olduğunu bəyan edir. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə xətşünaslıq ekspertizası keçirib rəy almış və rəydə həm borc müqavilələrindəki, həm də barışıq sazişindəki imzanın cavabdehə məxsus olduğu təsdiq olunmuşdur. Cavabdeh bu rəyi əsassız hesab edərək təkrar məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini istəyir. Ancaq təkrar ekspertizanın keçirilməsi üçün əsas və zərurət olmalıdır.Belə bir əsas və zərurəti məhkəmə tərkibi müəyyən etmədi.
29. Tutaq ki, xx.xx.2019-cu il tarixli borc(kredit) müqaviləsindəki imza cavabdehə məxsus olmamış və buna görə də həmin müqavilə etibarsız əqd olmuşdur. Onda cavabdeh xx.xx.2023-cü il tarixli barışıq sazişində aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə iddiaçıya 62.000 ABŞ dolları məbləğində borcu olduğunu nə üçün etiraf edirdi. Əlbətdə ki, bu ritorik sual olsa da, cavabdeh bunlara cavab verməyə hazır olmalı idi. Çünki, həm müqavilənin bağlanması, həm də iddiaçıdan borc almasını və borcu qalmasını yazılı sənəddə, özü də müqavilənin bağlandığı tarixdən 4 il, 2 ay sonra da etiraf etməsi formal ola bilməzdi. Çünki, bu cür vəziyyət həyatda həmişə baş verən hallara uyğun gəlmir. Ən azından cavabdehin gətirdiyi arqumentlər inandırıcı və ağlabatan olmalı idi. Hətta bir anlığa təsəvvür edilsə ki, borc müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur, cavabdeh xx.xx.2023-cü il tarixli barışıq sazişində borcunu etiraf edərkən həmin müqaviləni təsdiq etmişdir. Demək əhəmiyyətiz əqd olsa belə onu təsdiq etdiyi üçün onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir(MM.m.351).
30. Bununla yanaşı, borcun etirafı institutu da tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz buna görə Mülki Məcəllənin 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici (MM.m.882.2) mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədə göstərilən məbləğdə alacaqlarının olduğunu sübut etmək yükündən azad olurlar. Borcunu etiraf edən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır. Cavabdehin barışıq sazişini öz imzası ilə təsdiq edərək borcunu etiraf etməsi mövcud borcun etirafını təsdiq edən sənəd kimi qiymətləndirdikdə də yenədə iddia əsaslı idi və məhkəmənin də iddianı təmin etməsi əsassız olmamışdır.
31. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
32. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1240/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1240/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.