Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9500/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-3255/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx"la bağlanmış 6 avqust 2020-ci il tarixli müqavilənin ləğv olunması, sentyabr 2020-ci il mart 2021-ci il müddətində ödənilən faiz məbləğinin (370,5 AZN) əsas borca hesab edilməsi, 18.07.2017-ci il tarixli müqavilənin faiz şərtləri dəyişdirilmədən uzadılması üçün qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o - İddiaçı "xxxx"ın Xırdalan filialından 18.07.2017ci ildə 5439 nikXRD/14 saylı kredit müqaviləsi əsasında 3923,78 AZN pul almışdır. Həmin pulu ona verilmiş cədvəl əsasında mart 2020-ci il tarixinə kimi normal şəkildə ödəmişdir. Lakin məlum “COVİD-19” pandemiyası dövründə maddi durumu pisləşmiş ödəmədə çətinliklər yaranmışdır. Pandemiya dövründə əhalinin və sahibkarların maddi durumunda çətinliklərin yaranmasını qarşılamaq üçün Azərbaycan Respublikası Prezidenti 2020-ci ilin 19 mart tarixində 1950 saylı sərəncam imzalamışdır. Bu sərəncamın 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti, “Tədbirlər planı” təsdiq etmiş və Azərbaycan Mərkəzi bankı da Maliyyə Sabitliyi şurasının tövsiyyələrini nəzərə alaraq daha geniş istiqamətləri, o cümlədən fiziki “şəxslərin kredit tarixçələrinin pisləşdirilməməsi, 30 sentyabr 2020-ci ilə kimi tam və ya qismən gecikdirilmiş ödəmələrdən cərimə, faiz, dəbbə pulu və sair ödənişlərin tutulmaması və borcun ödənilmədiyi ayların miqdarı qədər kredit müqaviləsinin müddətinin uzadılması haqqında Banklara tövsiyələr vermişdir. Bütün bunlara baxmayaraq o, "xxxx" KB ASC tərəfindən vaxtaşırı narahat edilmişdir. Avqust 2020-ci ildə onun telefonuna mesaj göndərilmişdir ki, "xxxx" KB ASC-yə yaxınlaşın, 7 avqusta kimi Sizə güzəştlər olunacaqdır, borcun qalan hissəsini güzəştli şərtlərlə ödəyəcəksiniz”. O, 6 avqust 2020-ci ildə "xxxx" KB ASC-nin Sumqayıt filialına yaxınlaşmış və ona guya güzəştli şərtlərlə yeni müqavilə və ödəniş cədvəli təqdim olunmuşdur. O da sevinərək müqaviləni oxumadan imza etmişdir, sonra müqavilə şərtlərinə baxdıqda başa düşmüşdür ki, o, "xxxx" KB ASC tərəfindən aldadılmışdır. Belə ki, 3267 AZN borca görə 1008 AZN faiz ödəməli olduğu halda, yeni müqaviləyə görə isə 2599,8 AZN faiz ödəməlidir. Bu hesablamalardan aşkar görünür ki, "xxxx" KB ASC ona güzəşt etməmiş, əksinə onun düşdüyü vəziyyətdən istifadə edərək onun mənafeyinə ziyan vurmuş ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış “əqd” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsi ilə etbarsız sayılır. “Banklarda kredit verilməsi qaydalarına’' görə kredit verərkən Banklar iqtisadi və bazar şərtlərini nəzərə almalıdırlar. Onunla yeni kredit müqaviləsi bağlayarkən "xxxx" KB ASC vətəndaşlara illik faiz dərəcəsi 18% olmaqla kreditlər təklif edirdi. O, elə düşünürdü ki, "xxxx" KB ASC daha aşağı faiz dərəcəsi ilə onun kredit borcunu restruktizasiya edəcəkdir. Lakin təəssüf ki, belə olmamışdır. O dəfələrlə "xxxx" KB ASCyə müraciət etmişdir ki, ona əvvəlki müqavilə əsasında ödəniş etməyə şərait yaradılsın. Lakin onun xahişi qəbul edilməmiş və ona əvvəlki müqavilənin oxunması mümkün olmayan surətini təqdim etmişlər. O, verilən müqavilənin oxunuşunun mümkünsüz olduğunu bildirdikdə “bizdə olan nüsxə belədir” dedilər (müqavilənin nüsxəsi ərizəyə əlavə edilir) Ona görə də məhkəməyə müraciət etməyə zərurət yaranmışdır. Digər tərəfdən Mülki Məcəllənin 741-ci maddəsində deyilir. Əgər müqavilənin iştirakçıları borcun faizlərlə verilməsini şərtləndiririlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməlidir. Lakin "xxxx" KB ASC-nin tərtib etdiyi ödəniş cədvəlində isə əvvəlcə faizlərin daha çox Ödənilməsi, əsas borc isə ikinci dərəcəli ödəmə kimi nəzərdə tutulur. Bu da ki, məqsədli şəkildə vətəndaşın banklardan asılılığını yaradır. Halbuki, yuxarıda qeyd etdiyi kimi faizlər Mülki Məcəllənin 741-ci maddəsinə görə 1 (bir) ilin sonunda ödənilməlidir. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə bağlanmış 06 avqust 2020-ci İİ tarixli müqavilənin ləğv olunması; 2020-ci ilin sentyabr ayından may ayınadək müddətində ödənilən faiz məbləğinin (420 AZN) əsas borca hesab edilməsi; faizlərin ilin sonunda ödənilməsi; 18.07.2017-ci il tarixli müqavilənin şərtləri dəyişdirilmədən uzadılması; aylıq ödəniş məbləğinin 50 AZN-ə kimi azaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, "xxxx" KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı 31 may 2021-ci ildə keçirilən məhkəmə iclasında "xxxx" KB ASCnin nümayəndəsi tərəfindən qaldırılan və ümumiyyətlə, iddia ilə bağlı bəzi məsələlər haqqında mülahizələrini bildirmək istəyir. Məhkəmə iclasının gedişi zamanı "xxxx" KB ASC-nin nümayəndəsi bildirmişdir ki, İddiaçı müqaviləni imzalayıbsa, həmin müqaviləni dəyişdirmək, ləğv etmək olmaz. Halbuki, məlumdur ki, "xxxx" KB ASC 6 avqust 2020-ci ildə bağlanan müqavilə onun maddi durumunun pisləşməsi, ağırlaşması nəticəsində olmuşdur. O, "xxxx" KB ASC tərəfindən aldadılmışdır, onun telefonuna ismarıc gəlmişdir ki, ”7 avqust 2020-ci ilə kimi Unibanka yaxınlaşın, sizə güzəştlər olunacaqdır”. O da "xxxx" KB ASC-nin Sumqayıt filialına yaxınlaşmışdır və onun mənafeyinin ziddinə müqavilə bağlanılmışdır. Əgər ona güzəşt olunsaydı, yeni müqavilə ən çoxu 20%-lə olardı, çünki həmin ərəfədə "xxxx" KB ASC vətəndaşlara 18%-lə kreditlər təklif edirdi. Bu bir daha onu göstərir ki, "xxxx" KB ASC planlı şəkildə onun ağır maddi durum vəziyyətindən istifadə edərək əlavə gəlir əldə etmək niyyətində olmuşdur. Çünki əvvəlki müqavilədə ödənilməmiş 1008 AZN faiz məbləği olduğu halda yeni müqavilədə 2599,8 AZN faiz ödəməlidir. Bütün bunlar "xxxx" KB ASC-nin onu aldatmasını aşkar göstərir. Digər tərəfdən Bankların öz daxili qaydalarına görə də 6 avqust 2020-ci ildə bağlanmış müqavilə qeyri-qanunidir. Belə ki, Milli Bank İdarə heyətinin 18 noyabr 2008-ci il tarixli 34 saylı protokolu ilə müəyyən edilmiş 10 dekabr 2008-ci ildə Milli Bank İdarə heyətinin sədri E.Rüstəmov tərəfindən təsdiq olunmuş və 10 dekabr 2008-ci il tarixdə 3426 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış ‘'Banklarda Kredit verilməsi qaydaları”nın 4.1.5-ci maddəsinə görə banklar kredit verərkən iqtisadi və bazar şərtlərini nəzərə almalıdırlar. Həmçinin həmin "Qaydalara" görə müqavilə aydın səliqəli yazılmalıdır. Lakin ona verilən müqavilə nüsxəsini oxumaq mümkün deyil (həmin nüsxə məhkəməyə təqdim edilmişdir). Həmçinin məlum “Qaydalara” görə borclu Banka əsaslandırılmış şəkildə müraciət etdikdə (pretenziya etmək) müqavilə dəyişdirilə, həmçinin ləğv edilə bilər. "xxxx" KB ASC-nin Sumqayıt filialına dəfələrlə müraciət etmiş, problemli kredit şöbə əməkdaşları ilə əlaqə yaratmış, "xxxx" KB ASC-nin mərkəzi ofisinə ərizə ilə müraciət etmişdir. Lakin "xxxx" KB ASC-nin “Sumqayıt filialı" onun müraciətlərindən imtina etmiş, "xxxx" KB ASC-nin mərkəzi ofisi ümumiyyətlə onun müraciətini cavabsız qoymuşdur. Halbuki, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci hissəsinə görə “Əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır. Məhkəmə iclasının gedişi zamanı “Siz mənim müraciətimə niyə cavab verməmisiz?” sualına "xxxx" KB ASC-nin nümayəndəsi “o, rəhbərliyin səlahiyyətidir” cavabını vermişdir. Halbuki “səlahiyyətlər rəhbərlərin istəyi ilə deyil, Bütün bunlar göstərir ki, "xxxx" KB ASC vətəndaşlara qayğı göstərmir, yalnız öz mənafelərini qorumağa səy göstərir. "xxxx" KB ASC-nin təqdim etdiyi müqavilə oxuyub başa düşmək üçün ən azı 15-20 dəqiqə vaxt lazımdır. Praktik olaraq kredit verilərkən bu şərait yaradılmır və sonra pretenziya etdikdə işə qəbul edilmir. Bunun üçün xüsusi ekspertiza lazım deyil, "xxxx" KB ASC-yə daxil olub 5-10 dəqiqə zalda oturub kredit sənədləşdirilməsini seyr edən hər kəs bunu duya, müəyyən edə bilər. O, 2017-ci ildən "xxxx" KB ASC-nin müştərisidir. Verilmiş ödəniş cədvəli üzrə kredit borcunu ödəyir. Kredit borcu aldıqda işləyib əmək haqqı alırdı, indi isə artıq işləmir, pensiya alır. X4 borcu vardır, ayda 165 AZN ödəyir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-3255/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-3255/2021 saylı qətnaməsinin ləğv edilməsini və özünün "xxxx" KB ASC-yə olan borcununun qalan hissəsinin 18.07.2021-ci il tarixli ödəniş cədvəli üzrə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı "xxxx" tərəfindən aldadılmışdır. Belə ki, 3267 AZN borca görə 1008 AZN faiz ödəməli olduğu halda, yeni müqaviləyə görə isə bank tərəfindən 2599,8 AZN faiz ödəmək öhdəliyi iddiaçının üzərinə qoyulmuşdur. Bu hesablamalardan görünür ki, "xxxx" iddiaçıya güzəşt etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339-cu maddəsinə görə də “şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində bağlanmış əqd məhkəmə tərəfindən etibarsız sayıla bilər”. İddiaçı pandemiya şəraitində ağır vəziyyətə düşmüşdür. Belə ki, o, əvvəlki krediti alarkən işləyirdi. 6 sentyabr 2020-ci ildən artıq işləmir, yalnız pensiya alır. Milli Bank İdarə Heyəti tərəfindən müəyyən edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış “Banklarda kredit verilməsi qaydalarının”nın 4.1.5-ci maddəsinə görə banklar kredit verərkən iqtisadi və bazar şərtlərini nəzərə almalıdırlar. İddiaçı ilə kredit müqaviləsi bağlayarkən "xxxx" vətəndaşlara illik faiz dərəcəsi 18% olmaqla kredit təklif edirdi. Lakin belə olmamış, iddiaçı Mülki Məcəllənin 421.2-ci maddəsində deyildiyi kimi “müqavilə bağlanarkən” güzəştlərdən xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-3255/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, iddiaçının "xxxx" KB ASC ilə 07.03.2014-cü il tarixli, 434nkXRD/14 saylı və 20.10.2014-cü il tarixli, 5439nkXRD/14 saylı bağlanmış kredit müqavilələri olmuşdur. 18.07.2017-ci il tarixli Sazişlə 20.10.2014-cü il tarixli, 5439nkXRD/14 saylı bağlanmış kredit müqaviləsinə dəyişiklik edilmiş, müqavilənin bitmə tarixi 20.10.2022-ci il tarixədək müəyyən edilmişdir. Bundan sonra iddiaçı borclarını ödəyə bilmədiyi üçün müraciəti nəzərə alınmaqla, 06.08.2020-ci il tarixli, 1764nkSUM/20 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 20.10.2014-cü il tarixli, 5439nkXRD/14 saylı və 07.03.2014-cü il tarixli, 434tkXRD/14 saylı kredit müqavilələri üzrə yaranmış borcun güzəştli şərtlərlə qaytarılmasını təmin etmək məqsədilə bank İddiaçı illik 25% dərəcəsi ilə 60 ay müddətinə 3267 manat məbləğində borc vermiş, cavabdeh isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 06.08.2020-ci il tarixli, 1764nkSUM/20 saylı kredit müqaviləsi ilə cavabdehin 20.10.2014-cü il tarixli, 5439nkXRD/14 saylı və 07.03.2014cü il tarixli, 434tkXRD/14 saylı kredit müqavilələri üzrə yaranmış borcu bağlanmışdır. 06.08.2020-ci il tarixli, 1764nkSUM/20 saylı kredit müqaviləsinin ləğv edilməsi üçün qanuni əsas müəyyən olunmur. Müqavilə üzrə faizlərin hər ay ödənilməsi müqavilə şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 20.10.2014-cü il tarixli, 5439nkXRD/14 saylı əsas kredit müqaviləsindən görünür ki, bank (borc verən) İddiaçı (borc alan) 60 ay müddətinə, 25% ödəməklə 6400 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 18.07.2017-ci il tarixli Sazişlə 20.10.2014-cü il tarixli, 5439nkXRD/14 saylı kredit müqaviləsinə dəyişiklik edilmiş, müqavilənin bitmə tarixi 20.10.2022-ci il tarixədək müəyyən edilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 06.08.2020-ci il tarixli 1764nkSUM/20 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank (borc verən) İddiaçı (borc alan) illik 25% dərəcəsi ilə 60 ay müddətinə 3267 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 31.05.2021-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı 3267 manat məbləğində əsas borc, 270,69 manat məbləğində faiz borcu, 1,62 manat cərimə, cəmi 3539,31 manat məbləğində borcu yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" KB ASC ilə İddiaçı arasında 07.03.2014-cü il tarixli, 434nkXRD/14 saylı və 20.10.2014-cü il tarixli, 5439nkXRD/14 saylı kredit müqavilələri bağlanmış, 18.07.2017-ci il tarixli Sazişlə 20.10.2014-cü il tarixli, 5439nkXRD/14 saylı kredit müqaviləsinə dəyişiklik edilmiş, müqavilənin bitmə tarixi 20.10.2022-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə yaranmış öhdəliyini lazımınca icra edə bilmədiyi üçün iddiaçı tərəfindən daha sonra 06.08.2020-ci il tarixli, 1764nkSUM/20 saylı əlavə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 20.10.2014-cü il tarixli, 5439nkXRD/14 saylı və 07.03.2014-cü il tarixli, 434tkXRD/14 saylı kredit müqavilələri üzrə yaranmış borcun güzəştli şərtlərlə qaytarılmasını təmin etmək məqsədilə bank (borc verən) İddiaçı (borc alan) illik 25% dərəcəsi ilə 60 ay müddətinə 3267 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 31.05.2021-ci il tarixli maliyyə arayışına əsasən iddiaçının əsas borc üzrə 3267 manat, faiz borcu üzrə 270,69 manat, cərimə borcu üzrə 1,62 manat, cəmi 3539,31 manat məbləğində borcun yarandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, iddianın qanuni əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş materiallarından göründüyü kimi, İddiaçı qeyd olunanlarla bağlı məhkəməyə heç bir sübutu təqdim etməmiş, ümumiyyətlə iddianı həmin maddənin dispozisiya şərtlərinə uyğun əsaslandırmamışdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı məhkəmədən tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini xahiş etsə də, iddiada Mülki Məcəllənin 421.2-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğuna yox, müqavilənin etibarsız hesab edilməsi üçün əsas olan və Məcəllənin 339-cu maddəsində nəzərdə tutulan şərtlərin olmasına istinad etmişdir. Lakin onun əqdin etibarsızlığı ilə bağlı məhkəmədə tələbi olmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq, əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Göründüyü kimi iddiaçı iddia ərizəsi və apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində nəzərdə tutulan mübahisələndirilən əqdin etibarsızlığına istinad etmişdir. Kollegiya qeyd edir ki, apellyatorun istinad etdiyi hal mübahisə edilən əqdlə bağlı olmaqla, bu barədə tələb olmadığından, məhkəmə düzgün olaraq həmin hala qiymət verməmiş, MPM-nin 218.3-cü maddəsinə əsasən müqavilənin ləğvi ilə bağlı verilmiş tələb daxilində işə baxmışdır. Kollegiya hesab edir ki, iddiaçının “2020-ci ilin sentyabr ayından may ayınadək müddətində ödənilən faiz məbləğinin (420 AZN) əsas borca hesab edilməsi; aylıq ödəniş məbləğinin 50 AZN-ə kimi azaldılması” hissəsində iddiası əsassız olduğundan güzgün olaraq təmin edilməmişdir. Belə ki, tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmış 06 avqust 2020-ci İİ tarixli müqaviləsi mövcuddur. Qeyd edilən hal həmin müqavilə şərtlərinə ziddir. Kollegiya 18.07.2017-ci il tarixli müqavilənin şərtlərinin dəyişdirilmədən uzadılması ilə bağlı hissədə iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, 18.07.2017-ci il tarixli Sazişlə 20.10.2014-cü il tarixli, 5439nkXRD/14 saylı bağlanmış kredit müqaviləsinə dəyişiklik edilmiş, müqavilənin bitmə tarixi 20.10.2022-ci il tarixədək müəyyən edilmişdir. 06.08.2020-ci il tarixli, 1764nkSUM/20 saylı kredit müqaviləsi ilə 20.10.2014cü il tarixli, 5439nkXRD/14 saylı bağlanmış kredit müqaviləsi üzrə 2753,46 manat borc bağlanmışdır. Kollegiya apellyatorun faizlərin ilin sonunda ödənilməsi ilə bağlı tələbinin təmin edilməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, kollegiya qeyd edir ki, Mülki Məcəllənin 741-ci maddəsinin tələblərinə uyğun olaraq kredit müqavilələri üzrə faizlərin ilin sonunda ödənilməli olması barədə apellyatorun dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə faiz dərəcələrini, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Qeyd olunmalıdır ki, hər iki qanun hal-hazırda qüvvədə olan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun qəbul olunmasından əvvəl qüvvəyə mindiyindən həmin normalar arasındakı kolliziya qüvvədən düşmüş “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tənzimlənməlidir. Sonuncu Qanunun 7-ci maddəsinə əsasən isə hazırkı münasibətlərə zamanca daha sonra qüvvəyə minmiş “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)- 3255/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9500/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9500/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver