Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9503/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(006)-1904/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 304.861 ABŞ dolları əsas borc, 3810 ABŞ dolları faiz borc, 4573 ABŞ dolları cərimə borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3769 ABŞ dolları faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış 29 avqust 2019-cu il tarixli 100.LN.1604.290819.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 3% faiz dərəcəsi ilə 304861 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********970 saylı 01.12.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, Cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(006)- 1904/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 304.861 ABŞ dolları əsas borc, 3810 ABŞ dolları faiz borc, 400 ABŞ dolları cərimə borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3769 ABŞ dolları faiz borc, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 312.840 ABŞ dolları vəsaiti tutularaq, iddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, qətnamənin iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə xəbəri olmamışdır. İddia tələbində qeyd olunan məbləğ həqiqəti əks etdirmir, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalı idi. İddiaçı ilə arasında bağlanmış ilk kredit müqaviləsində məzənnə manat ilə razılaşdırılmış, həmin müqavilənin müddəti bitdiyindən yeni kredit müqaviləsi imzalanmış, həm məzənnə dəyişdirilmiş, həm də kreditin təminatı qeyd edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyinə görə, işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, borc məbləğinin iddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi hissəsində ləğv edilməli, göstərilən borc məbləğinin LPO İddiaçı1 ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, iddiaçı LPO İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış 29 avqust 2019-cu il tarixli 100.LN.1604.290819.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 3% faiz dərəcəsi ilə 304861 ABŞ dolları məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, 30.11.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 31703 ABŞ dolları təşkil edir. Bundan 304861 ABŞ dolları əsas, 3810 ABŞ dolları faiz, 4573 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3769 ABŞ dolları faiz borcu təşkil edir. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, cərimə borcunu azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apelyasiya şikayətində irəli sürülən, tələb edilən məbləğin həqiqəti əks etdirməməsi ilə (həmçinin bu məqsədlə ekspertizanın təyin edilməsinin zəruriliyi) ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən Kollegiya qeyd edir ki, borcun düzgün hesablandığı hesabdan çıxarışla da müəyyən olunur, belə ki, əsas borc olan 304861 ABŞ dolları məbləğində kreditin bir illik (bir il üçün) faizləri 9272,85 ABŞ dolları (304861x3%/360x365=9272,85), təşkil edir, müqavilə müddəti daxilində cavabdeh tərəfindən 5361,33 ABŞ dolları ödənilmiş və bu müddət üçün qalıq faiz borcu 3911,52 ABŞ dolları olmuş, buna baxmayaraq, iddiaçı bank tərəfindən 3810 ABŞ dolları faiz borc tələb edilmişdir. Əsas borcun müqavilə müddəti bitdikdən sonrakı dövr üçün gündəlik faizləri 42,34 ABŞ dolları (304861x5%/360), həmin faizlərin hesablanmalı olduğu müddət isə 89 gün, yəni müqavilə müddəti bitdiyi gündən (31.08.2020) maliyyə arayışında göstərilən günədək (30.11.2020) olduğu müəyyən edilir ki, bu da 3769 ABŞ dolları təşkil edir (43.34x89). Cavabdehin dəlilləri əsassızdır, borcun hesablanması üçün ekspertiza keçirilməsinə ehtiyac yoxdur. Cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməməsi barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdehin qeydiyyatda olduğu və iş materiallarına məlum olan ünvanı üzrə məhkəmə bildirişləri göndərilmiş, “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC olsa da, məhkəmə qətnamə ilə cavabdehdən tutulan pul məbləğlərinin (kredit borcu və məhkəmə məsrəflərinin) bankın yox, onun ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nəfinə tutulması barədə nəticəyə gəlmişdir. Halbuki, iddiaçı Bankdır və Fond Bankın ləğvedicisi olmaqla özünün yox, Bankın mənafeyi baxımından hazırki iddianı qaldırmışdır, ona görə də qətnamə həmin hissədə ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1904/2021 saylı iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi qismən, Cavabdeh kredit borcu və məhkəmə məsrəfinin (rüsumun) Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Tutulması qət edilmiş kredit borcu və məhkəmə məsrəfi (rüsum) Ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9503/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9503/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver