Məhkəmə qərarları › İş №2(103)-9516/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9516/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9516/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1167/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 23.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3888.2 manat əsas borc, 510.89 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 4399.09 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, eləcə də Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 23.04.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 23.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 8000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 01 dekabr 2020-dək Cavabdeh banka kredit müqaviləsi üzrə 3888.2 manat əsas borc, 510.89 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 4399.09 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1167/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 23.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3888.2 manat əsas borc, 510.89 manat faiz borcu, cəmi 4399.09 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh qətnamənin ləğv, iddia tələblərinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həqiqətən qeyd olunan müqavilələri bağlamış və kredit götürmüşdür. 10 ildir ticarətlə məşğul olduğuna görə teztez banklardan kredit götürmüş və vaxtı-vaxtında qaytarmışdır. Bankların, eləcə də İddiaçı ASC-nin ona qarşı hər-hansı narazılığı və ya tələbi olmamışdır. Krediti alandan sonra pandemiya ilə bağlı karantin elan olunmuş, bütün ticarət obyektləri bağlanmış və fəaliyyətləri tam dayanmışdır. Bu səbəbdən fəaliyyət göstərə bilməmiş, kredit götürdüyü pula aldığı mal və vasitələr satılmamış qalmış və krediti ödəməkdə böyük çətinliklər meydana çıxmışdır. Kreditlə bağlı ümumiyyətlə respublikada və dünyada iqtisadi çətinliklər olmuş və ticarətə, xüsusən onun kimi xırda ticarət sahiblərinə ağır ziyan vurulmuşdur. Bu səbəbdən bankdan götürdüyü kreditləri qaytara bilməmiş və bu onun təqsiri üzündən baş verməmişdir. Ailəli olmaqla himayəsində 3 azyaşlı övladı vardır. Bundan başqa məhkəmədə vəsatət verib faizlərin çox şişirdildiyini və iş üzrə müvafiq ekspertizanın keçirilməsini xahiş etmiş, lakin, məhkəmə ekspertiza təyin etməmiş və əlavə hesablanmış faizləri silməmişdir. Buna görə də iş üzrə ekspertiza təyin olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyindən, işin halları və eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 23.04.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi” hissəsinə ümumiyyətlə qiymət verməmişdir. Halbuki, MPM-in 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan 23 aprel 2019-cu il tarixli 24-MY-1-0-175-19 saylı kredit müqaviləsindən görünür ki, cavabdeh "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 8000 manat kredit götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 23-dən gec olmayaraq 24 ay müddətinə 439.11 manat etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.04.2019-cu il tarixli kassa məxaric qəbzindən görünür ki, Cavabdeh 8000 manat pulu bankdan təhvil almışdır. İş materiallarında olan 30.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 23 aprel 2019-cu il tarixli 24 -MY-1-0-175-19 saylı kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsini təmin olunması barədə xəbərdar olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan 01.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01.12.2020-ci il tarixə İddiaçı ASC-yə 3888.2 manat əsas borc, 510.89 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 4399.09 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Həmçinin faiz borcu da məhz müqavilə müddəti bitənə qədər hesablanmışdır. Göründüyü kimi iddia tələbi - Cavabdeh 23.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3888.2 manat əsas borc, 510.89 manat faiz borcu, cəmi 4399.09 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində əsaslı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi - “Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 23.04.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi” hissəsində təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Tərəflər arasında bağlanmış 23.04.2019-cu il tarixli kredit müqaviləsindn görünür ki, həmin müqavilə 24 ay müddətinə bağlanmışdır. Hazırda qeyd olunan müqavilənin qüvvədə olma müddəti bitdiyindən həmin müqavilə qüvvədən düşdüyündən iddia tələbi - “Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 23.04.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi” hissəsində rədd edilməlidir. Cavabdeh apellyasiya şikayətində isə borc məbləğlərinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya həmçinin qeyd edir ki, borcalanın maddi vəziyyətinin pisləşmiş olması iddiaçı qarşısında yaranmış öhdəliklərindən onu azad etmir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verdiyindən qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, apellyasiya şikayətinin verilməsi ьçьn цdənilmiş dцvlət rьsumu isə cavabdehin цzьnə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1167/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3888.2 manat əsas borc, 510.89 manat faiz borcu, cəmi 4399.09 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar