Məhkəmə qərarları › İş №2(103)-9520/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9520/2021

25.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9520/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(010)-3126/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMCnin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3351.78 manat və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, MMC ilə cavabdeh arasında bağlanmış 22.12.2016-cı il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcıkassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. 12.05.2017-ci il tarixli 219-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 13.05.2020-ci il tarixində öz ərizəsi əsasında 262-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermiş, 29.11.2019-cu il tarixində OBA mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 11.06.2019, 02.09.2019 və 29.11.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 9951,53 manat məbləğində zərər vurulması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan keçən dövr ərzində 5157,10 manat güzəşt edilmiş və 1442,65 manat şirkətdən alacağı vəsait hesabına qarşılanıb. Qalıq borc 3351,78 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(010)- 3126/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3351.78 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, təftiş yoxlamalarından uzun müddət sonra öz xahişi ilə işdən azad olunmuş və bu zaman MMC-dən məvacib almışdır. İddia edilən hallar olsa idi, onu işəgötürən işdən çıxarmış olmalı idi, digər tərəfdən ona məvacib ödənilməzdi. Yoxlama tarixlərindən sonra ona çatışmazlıq mövcud olduğuna görə hər hansı töhmət verilməmişdir. Təftiş yoxlamasının aparılmasında onun iştirak edib-etməməsi araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi, həmçinin iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd olunmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, birinci instansiya məhkəməsindəki icraat barəsində cavabdehin məlumatı olmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan 22.12.2016-cı il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA Marketlər Şəbəkəsinə 22.12.2016-cı il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materaillarına əlavə olunmuş maddi məsuliyyət haqqında müqavilənin surətindən müəyyən olunur ki, “X2” MMC ilə Cavabdeh arasında 22.12.2016-cı il tarixdə X1 haqqında müqavilə imzalanmışdır. İddiaçı MMC-nin 15.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 11.06.2019, 02.09.2019 və 29.11.2019-cu il tarixlərdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 9951.53 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 5157.10 manat Cəmiyyət tərəfindən güzəşt edilmiş və 1442.65 manat hissəsi isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq Cavabdeh 3351.78 (9951.53-6599.75) manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş 13.05.2020-ci il tarixli 262-K saylı işdən azad etmə haqqında əmrdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh əmək müqaviləsinə 13.05.2020-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-cu maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh rəsmi müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etmədiyindən, 3351.78 manat məbləğində İddiaçı MMC-yə borclu olduğundan iddia tələbi təmin edilməlidir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili ərizə təqdim edərək, iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, nəzərə almaq lazımdır ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məcəllənin 373-cü maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Eyni zamanda əmək mübahisələri ilə bağlı tələblər üzrə Əmək qanunvericilində xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Qanunvericiliyin tələbindən görünür ki, maddi ziyan vurulması ilə bağlı əmək mübahisələri ilə bağlı 1 illik iddia müddəti müəyyən edilmişdir. Bu tələblərlə bağlı işəgötürən ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il ərzində iddia qaldırmalıdır. Baxılan iş üzrə göründüyü kimi 2019-cu il tarixdə aparılmış invertarizasiya nəticəsində cavabdeh tərəfindən ziyan vurulduğu müəyyən edilmiş və bu barədə 11.06.2019, 02.09.2019 və 29.11.2019-cu il tarixli İnvertizasiya aktları tərtib edilmiş və hazırda iddiaçı da Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq müəyyən edilmiş çatışmazlıq məbləğindən ödənilməmiş qalan məbləği tələb edir, yəni iddiaçı üçün həmin vaxt cavabdeh tərəfindən MMC-yə ziyan vurulduğu aşkar edilmişdir, bu tələblə qanunvericiliyin tələbinə görə 1 il müddətində iddia ərizəsi ilə məhkəməyə müraciət edilməli olduğu halda, iddiaçı yanız 16.05.2021-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, bu da iddianın rədd olunması üçün əsasdır. Eləcə də nəzərə almaq lazımdır ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmədiyi üçün iddia müddətinin tətbiqi barədə ərizəni də həmin məhkəməyə təqdim edə bilməmiş, bu səbəbdən ərizə hazırki icraat mərhələsinin müzakirə predmeti olmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3126/2021 saylı iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar