Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9525/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qаrşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(007)-441/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cаvаbdеhlər Cavabdeh2, Cavabdeh3 Cahangir qızına və Cavabdeh1 qаrşı iddiа ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bаkı Şəhəri Nizаmi Rаyоn Məhkəməsinə mürаciət еdərək, onun xüsusi mülkiyyətində olan, Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsində yerləşən 3 saylı evin 44 saylı mənzilinə köçürülməsi, həmin mənzilin eskiz layihəsində cavabdehlər tərəfindən edilmiş qanunsuz dəyişikliklə bağlı mənzilin eskiz layihəsində olduğu vəziyyətə qaytarılması, əks halda mənzilin eskiz layihəsinə qanunsuz edilmiş dəyişikliyə görə mülkiyyətçiyə vurulmuş maddi ziyanla əlaqədar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Cahangir qızından müştərək qaydada 10000 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması və məhkəmə ekspertiza xərcinin cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, onun mərhum qohumu X4 X9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Cahangir qızına qarşı Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsində yerləşən 3 saylı evin 44 saylı xüsusi mülkiyyətində olan mənzilindən çıxarılmaları və onun həmin mənzilə köçürülməsinə dair iddia ərizəsinin təmin edilməsi barədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən 02 aprel 2012-ci il tarixli qətnamə çıxarılmışdır. Həmin qətnaməyə izah verilməsi ilə əlaqədar Nizami Rayon Məhkəməsi tərəfindən 04 iyun 2013-cü il tarixli qərardad da qəbul olunmuşdur. Qətnamə 5 ildir ki, qüvvəyə minib, lakin cavabdehlərin günahından qətnamə icra olunmadan qalmışdır. 2017-ci ildən isə sözügedən mənzilin mülkiyyətçisidir. Cavabdehlər mənzili artıq özlərinki kimi hiss etdiklərindən hətta evin eskiz layihəsinə qanunsuz dəyişiklik də ediblər. Belə ki, evin eskiz layihəsində ayrı-ayrı olan hamam və ayaqyolu birləşdirilib, yəni ayaqyolu ləğv edilib, hamama birləşdirilib. Bununla da mülkiyyətçi olaraq iddiaçıya maddi ziyan vurulub. Boşaldılmasına qərar verilən yaşayış sahəsinə mülkiyyət hüququ müqaviləyə əsasən yeni mülkiyyətçiyə, yəni ona keçib. Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsində yerləşən 3 saylı evin, 44 saylı mənzilin mülkiyyətçisidir, sözügedən mənzilə köçmək istəyir. Ailə üzvləri 5 nəfərdən ibarətdir. Övladları artıq 32, 30, 28 yaşındadırlar. Göründüyü kimi onlar evlənmək yaşındadırlar. Evsizlikdən onlar evlənmirlər. Onun mülkiyyətində olan evini zəbt etmiş şəxsin bütün övladları evlənib ev-eşik sahibi olublar. Hazırda qeydiyyatda olduğu və içində yaşadığı ev 1930-cu ilin tikilisidir ki, o da 2001-ci ildə olan baş vermiş zəlzələ nəticəsində yaşamaq üçün yararsız vəziyyətə düşüb. Hətta 2006-cı ildə bu barədə Nizami rayon İcra Hakimiyyətinə müraciət etmişdir ki, evin bərpasına maddi köməklik göstərsinlər. Onlar da “maddi köməklik göstərmək imkanımız xaricindədir” cavabını verdilər. Bu səbəbdən də zəbt olunan mənzilə görə dəfələrlə iş üzrə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Mülkiyyətində olan evi öz mülkiyyəti kimi hesab edən Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi 26 ildir ki, “balansında ev olanda mənzilin boşaldılacaq” cavabını verir. Halbuki bu günə qədər balansında minlərlə ev olur. Qeyd olunanlara əsasən, onun xüsusi mülkiyyətində olan, Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsində yerləşən 3 saylı evin 44 saylı mənzilinə köçürülməsi, həmin mənzilin eskiz layihəsində cavabdehlər tərəfindən edilmiş qanunsuz dəyişiklik, mənzilin eskiz layihəsində olduğu vəziyyətə qaytarılması, bu mümkün olmadıqda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Cahangir qızından müştərək qaydada 10000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması və məhkəmə ekspertiza xərcinin cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(007)-441/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsində yerləşən 3 saylı evin 44 saylı mənzilinə köçürülməsi, həmin mənzilin eskiz layihəsində cavabdehlər tərəfindən edilmiş qanunsuz dəyişiklik, mənzilin eskiz layihəsində olduğu vəziyyətə qaytarılması, bu mümkün olmadıqda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Cahangir qızından müştərək qaydada 1625 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması, ekspertiza xərci olan 100 manatın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Cahangir qızından müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilib, iddianın evin əvvəlki vəziyyətə qaytarılması, əks halda cavabdehlərdən 1625 manat maddi zərərin tutulması hissəsində rədd olunması, iddiaçının evə köçürülməsi hissəsində icranın təxirə salınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(007)-441/2021 saylı qətnaməsi əsassız, qanunsuz və ədalətsiz olduğundan ləğv edilməlidir. Belə ki, iş üzrə cavabdehlər Cavabdeh1, mərhum əri X14, Cavabdeh2 və Cavabdeh3 Cahangir qızı 1993-cü ildə Zəngilan rayonu erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra 6 nəfərdən ibarət ailəsi ilə birlikdə bir neçə ay Sabirabad rayonunda çadır şəhərciyində məskunlaşmış və yaşamışlar. Orada yaşadıqları yer tamamilə yararsız olduğuna görə 1994-cü ilin əvvəllərində yaşamaq üçün daha münasib yer tapmaq ümidi ilə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinin əksər rayonlarını gəzib yaşamaq üçün yer axtarmışlar. 1994-cü ilin aprel ayının əvvəlləridə Nizami rayon İcra Hakimiyyətində olarkən Ə.Vəliyev küçəsində yarımçıq tikili olan bina olduğunu öyrənmişlər. Binaya gəldikdə mənzillərin heç bir şəraiti olmadığını, qapı və pəncərələrin belə olmadığını görmüş, lakin gecələmək üçün yer olmadığından binanın 44 saylı mənzilində qalmışlar. Sonrakı 10-15 gün ərzində mənzilin qapı-pəncərələrini bağlamış, digər təmir işləri apararaq onu yararlı hala salmış, daha sonra işıq və su problemlərini aradan qaldırıb orada yaşamağa başlamışlar. 1994-cü ilin may ayının 13-də Azərbaycan ordu sıralarında xidmət edən oğlu X3 rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bir müddət sonra H.Y.Quliyev adlı bir şəxs həmin mənzilə gələrək mənzilin ona məxsus olduğunu bildirmişdir. Onların məcburi köçkün və şəhid ailəsi olduğunu bildikdən sonra onların həmin evdə yaşamasına icazə vermişdir. Onlar məcburi köçkün və şəhid ailəsi kimi Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə və digər qurumlara dəfələrlə müraciət etsələr də, onları evlə və yaxud yaşayış yeri ilə təmin etməmişlər. Başqa çıxış yolları olmadıqlarından onlar həmin mənzildə yaşamağı davam etdirmişlər. Mənzildə yaşadıqları dövrdə əllərinə düşən pulu həmin mənzilin təmirin sərf etmişlər. Ancaq dayaq divarlarından ibarət olan bir mənzilin hazırkı vəziyyətə gətirilməsi üçün ən azı 15-20 min manat pul xərcləmişlər. Hər hansı bir mütəxəssis cəlb edilsə bu məbləğin daha çox olduğu təsdiq edilə bilər. 2012-ci ilin əvvəllərində mübahisəli evin sahibi X1 Rayon Məhkəməsində iddia qaldıraraq onların Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində yerləşən 3 saylı evin 44 saylı mənzilindən çıxarılmaları və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və 05.04.2012-ci il tarixdə məhkəmə mülki iş üzrə iddia tələbini təmin edərək, X14, Cavabdeh1, Cavabdeh2 və X2 Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində yerləşən 3 saylı evin 44 saylı mənzilindən çıxarılmaları, X10 həmin mənzilə köçürülməsi, X14, Cavabdeh1, Cavabdeh2 və X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunana qədər yaşamaları üçün müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün tədbirlər görülməsi Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən sonra onlar dəfələrlə müvafiq qurumlara, ölkə rəhbərliyinə müraciət etsələr də bu günə kimi evlə təmin olunmamışlar. 2012-ci ildə baxılmış iş üzrə iddiaçının nümayəndəsi qismində çıxış edən İddiaçı hazırkı iş üzrə iddiaçı kimi tərəflərdən birinə çevrilmişdir. Sonuncu iddia ərizəsində bildirmişdir ki, mübahisəli mənzil 2017-ci ildən sonra ona məxsusdur və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı çıxarış əsasında onun mülkiyyətinə keçmişdir. İddiaçı məhkəməyə yanlış məlumat verərək bildirmişdir ki, guya onlar şəhid ailəsi olmasını aidiyyəti orqanlardan gizlədirlər və bu yolla növbədən kənar ev almaq istəmirlər. Bu məlumat tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Belə ki, 2012-ci ildən başlayaraq mərhum X15 şəhid atası kimi Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna, Nizami və Zəngilan rayonlarının İcra Hakimiyyəti Başçılarına çoxlu sayda ərizə və müraciətlər göndərmiş, mövcud vəziyyəti izah edərək evlə təmin olunmalarını xahiş etmişlər. Bu ərizə və müraciətlər, həmçinin onların cavabları apellyasiya şikayətinə əlavə olunmuşdur. İddiaçının bu fikirləri absurddur və heç bir məntiqə sığmır. Hansı ailə istəməz ki, onun şəxsi evi olsun və kim istəyər ki, başqasının evində otursun və günlərini məhkəmələrdə keçirsin. Onların ailəsi şəhid ailsəi kimi ev növbəsində qeydiyyatdadırlar. Ev növbəsində olmalarını Zəngilan rayon İcra Hakimiyyətinin 11.08.2021-ci il tarixli arayışı da təsdiq edir. Digər tərəfdən guya mənzilin eskiz layihəsində dəyişikliklərin edilməsi barədə iddia tələbinə dair bildirir ki, həmin mənzildə hamam və ayaqyolu heç vaxt bir yerdə olmamışdır və hazırda da ayrı-ayrılıqda otaqlardan ibarətdir. Onlar həmin mənzilə girəndən onun yaşayış üçün yararlı və əlverişli şərait yaradılmasına çalışmışlar. Bu məqsədlə görülən təmir işlərinə təxminən 15-20 min manata kimi pul xərcləmişlər. Bir sözlə mülkiyyətçiyə heç bir maddi ziyan vuulmamışdır. Əksinə mülkiyyətçinin xeyrinə müxtəlif tikinti-təmir işləri görülmüşdür. Bütün bu işlər iddiaçı həmin mənzili əldə edəndən çox əvvəl görülmüşdür və o, mənzili bu halda qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Ə.Vəliyev küçəsində yerləşən 3 saylı evin 44-cü mənzilinə baxış keçirilməsi üçün heç bir mütəxəssis gəlməmişdir və həmin mərkəzin 16.04.2021-ci il tarixli rəyində göstərilən, guya mənzilin əvvəlki vəziyyətə qaytarılması üçün yerinə yetirilməli müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin dəyərinin təqribi qiymətinin 1625 manat məbləğdə müəyyən edilməsi əsassızdır və həqiqətə uyğun deyildir. Belə ki, yuxarıda qeyd edildiyi kimi onlar 1994-cü ildə həmin mənzilə girərkən arakəsmə divarlarının natamam və suvaqsız olduğunun sahidi olmuşlar. Həmin yarımtikilini mənzil halına onlar gətirmişlər. Nizami Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra onlar yenə də ölkə prezidentinə, birinci vitse prezidentə, Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə və Zəngilan rayon İcra Hakimiyyətinə müraciət etmiş və şəhid ailəsi kimi onların evlə təmin olunmalarını xahiş etmişlər. Qeyd edilən qətnamənin 4-cü yarımbəndində onların Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanadək müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün tədbirlər görülməsi Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə həvalə edilməsinə baxmayaraq dövlət məmurları onları yaşayış yeri və yaxud evlə təmin etməmişlər. Ümid edirlər ki, uzun müddət düşmən tapdağı altında qalan torpaqları işğaldan azad edən Ali Baş Komandan İlham Əliyev əldə etdiyi bu böyük qələbəni başa çatdıracaq və ən yaxın aylarda məcburi köçkünləri və şəhid ailələrini öz ata-baba torpaqlarına qaytaracaqdır. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehlərin və 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyb, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsindəki 3 saylı evin 44 saylı mənzili 19.01.2017-ci ildən iddiaçının xüsusi mülkiyyətindədir.Həmin mənzildə Zəngilan rayonundan məcburi köçkün, xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh1 ailə üzvləri 05.09.1982-ci il təvəllüdlü Cavabdeh2, 28.09.2018-ci il təvəllüdlü X17, 24.05.2013-cü il təvəllüdlü X16 və 10.07.2016-cı il təvəllüdlü X12 ilə birlikdə ünvan 1 ünvanında məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadırlar və orada yaşayırlar. Onlar mülkiyyətçinin razılığı olmadan mənzilin quruluşunda dəyişiklik etmişlər. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mənzilin əvvəlki vəziyyətə gətirilməsi üçün 1625,0 manat vəsait tələb olunur. Bаkı Şəhəri Nizаmi Rаyоn Məhkəməsinin 02.04.2012-ci il tаriхli qətnaməsinə əsаsən mənzilin əvvəlki mülkiyyətçi X4 iddiası təmin olunmaqla X7, X5, Cavabdeh2 və Cavabdeh3 Cahangir qızının ünvan 1-dən çıxarılması, X4 həmin mənzilə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Mənzil Məcəlləsinin 9.2, 9.2.2-ci maddələrinə əsasən mənzil hüquqlarının müdafiəsi üsullarından biri də mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınmasıdır. Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Mənzil Məcəlləsinin 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Həmin Məcəllənin 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(007)-441/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə - maddi ziyanın tutulması və mənzilə köçürmə hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9525/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9525/2021
02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver