Məhkəmə qərarları › İş №2(103)-953/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-953/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-953/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-14/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. xx.xx.2013-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2014-ci il tarixinədək qaytarmaq şərti ilə 165000 ABŞ dolları borc vermiş, borcalan 165000 ABŞ dollarını almış və müəyyən edilmiş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Borc müqaviləsi Bakı şəhəri 6-cı notariat kontorunun notariusu Ə.Umanov tərəfindən təsdiq edilmiş və reyestrdə 3M/707 nömrə ilə qeyd edilmişdir.

2. İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2018-ci il tarixli barışıq razılaşmasına əsasən İddiaçı Cavabdeh xx.xx.2014-cü il tarixədək qaytarılması şərti ilə 165000 ABŞ dolları borc vermiş və həmin borc barışıq razılaşması təsdiq olunan günədək qaytarıİmamışdır. Tərəflər təsdiq edirlər ki, borcalan Cavabdeh 2015-2017-ci illər ərzinda pulun dəyərdən düşməsi nəticəsində və digər təsirlərlə bağlı maddi vəziyyəti pisləşdiyindən pulun qaytarılma müddəti qarşılıqlı razılaşmaya əsasən şifahi surətdə uzadılmış, hal-hazırda pulun qaytarılmasına dair növbəti müzakirələr nəticəsində müəyyən edilmişdir ki, maddi vəziyyətinin çətinliyi ilə əlaqədar borcalan pulun bir dəfəyə qaytarılmasına dair üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmir və tərəflər mübahisəni qarşılıqlı güzəştlər yolu ilə həll etmək məqsədi ilə aşağıdakı şərtlər daxilində razılığa gəlirlər: Borcverən İddiaçı qaytarılacaq məbləğin miqdarında güzəştə gedir və bu razılaşmama bütün şərtləri yerinə yetiriləcyi halda qaytarılacaq borcun məbləğini 125.000 ABŞ dolları məbləğində müəyyən edirlər. Göstərilən məbləğin 100.000 ABŞ dolları hissəsi xx.xx.2018-ci il tarixinə qədər, 25.000 hissəsi isə xx.xx.2019-cu il tarixinə qədər qaytarıİmalıdır. Razılaşmada göstərilmiş şərtlərin pozulması bu razılaşmanın qüvvədən düşməsinə və tərəflərin üzərindəki öhdəliklərin xx.xx.2013-cü il tarixli borc müqaviləsinə əsasən yerinə yetirilməsinə səbəb olur. Razılaşmanın şərtlərinin tam yerinə yetirilməsi xx.xx.2013-cü il tarixli borc müqaviləsinin qüvvədən düşməsinə səbəb olur. Razılaşma Bakı şəhəri 14 saytı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-129 nömrə ilə qeyd edilmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-2657/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı və “X4. Ticaret LTD” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə onun arasında xx.xx.2013- cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M/707 saylı reyestrlə qeydə alınaraq bağlanmış borc müqaviləsinin və xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda 3M-129 reyestr nömrəsi ilə qeydə alınaraq bağlanmış barışıq razılaşmasının etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, qətnamə ilə iddia tələbi təmin edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-3495/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-2657/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-3368/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 3495/2020 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayətləri təmin edilmiş, qətnamə ləğv edilmiş və şikayətə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-670/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-2657/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilərək, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin olunmaması qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-2844/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-3495/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 165.000 ABŞ dollarının və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiada göstərilir ki, əvvəllər tanıdığı Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə altı ay müddətinə-xx.xx.2014-ci il tarixinə qədər qaytarmaq şərti ilə 165000 ABŞ dollarının verilməsinə dair borc müqaviləsi imzalamışdır. Lakin həmin pulu qaytarmadığından 2018-ci ildə pul tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, işin məhkəmə baxışı zamanı Cavabdeh maddi vəziyyətinin ağır olduğunu və ABŞ dollarının manata münasibətdə dəyərinin artdığını bildirərək ümumi borcun bir hissəsini ona bağışlamasını və pulun qaytarılması ilə bağlı ona əlavə vaxt verilməsini xahiş etmişdir. Nəticədə borcun bir hissəsinin güzəşt edilməsi və qalan hissəsinin ödənilməsi üçün əlavə vaxt təyin edilməsi üçün razılığa gəlmişlər. Razılaşmanın nəticəsi olaraq, aralarında xx.xx.2018-ci il tarixində notarial qaydada təsdiq olunmaqla barışıq razılaşmasının şərtlərinə görə razılaşmanın şərtlərinə əməl olunacağı halda qaytarılacaq məbləği 160.000 ABŞ dolları yox, 125.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Yəni, borcun 125.000 ABŞ dolları məbləğində qaytarılması barışıq razılaşmasının şərtlərinin yerinə yetirilməsindən asılı edilmişdir(bənd 2.1). Bundan əlavə, razılaşmada göstərilmiş şərtlərin pozulması xx.xx.2013-cü il tarixli borc müqaviləsində göstərilmiş öhdəliklərin yerinə yetirilməsinə səbəb olur(bənd 3). Barışıq razılaşmasının 2.3-cü bəndinə görə isə razılaşdırılmış 125.000 ABŞ dollarının 100.000 hissəsi xx.xx.2018-ci il tarixinə qədər, 25.000 hissəsi isə xx.xx.2019-cu il tarixinə qədər cavabdeh tərəfindən ona qaytarılmalı idi. Lakin bu şərtlərin heç biri Cavabdeh tərəfindən yerinə yetirilməmiş, ötən vaxt ərzində heç bir ödəniş edilməmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-14/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim Sərdar Mehrəliyev) ilə iddia tələbinin təmin edilərək Cavabdeh 165.000 (yüz altmış beş min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, işin məhkəmədə araşdırılmış halları ilə iş üzrə İddiaçı Cavabdeh 165.000 ABŞ dolları məbləğində pulu borc verməsi, həmin borc məbləğinin müəyyən olunmuş müddətdə borcalan tərəfindən qaytarılmaması təsdiq edildiyindən iddia tələbi təmin edilməli, həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilir ki, tərəflər arasında bağlanmış bütün müqavilələr etibarsızdır. Barışıq Razılaşması bütünlüklə etibarsız sayılmasa belə onun yuxarıda qeyd etdiyi 3-cü bəndi etibarsız sayılmalı idi. Həmin bəndə görə bir tərəf digər tərəf qarşısında üstünlüyündən istifadə edərək, bu razılaşmanın yerinə yetirilməyəcəyi təqdirdə müvəkkilini əvvəlki borc müqaviləsində olan daha yüksək məbləğdə pulu ödəməyə məcbur etmişdir. Hesab edir ki, yuxarıda göstərdiy hal hüquqdan sui-istifadədir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmənin sonuncu iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə İddiaçı və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi təsbit olunmuşdur. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Maddə 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Maddə 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

23. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin 881-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia haqlı sayılır. 24.Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

25. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə borc müqaviləsini və barışıq razılaşmasını təqdim etmişdir. Cavabdeh də iddia tələbinə etiraz edərək həmin əqdləri etibarsız hesab edir, Barışıq Razılaşması bütünlüklə etibarsız sayılmasa belə 3-cü bəndin etibarsız sayılmalı olduğunu, çünki həmin bəndə görə bir tərəf digər tərəf qarşısında üstünlüyündən istifadə edərək, bu razılaşmanın yerinə yetirilməyəcəyi təqdirdə əvvəlki borc müqaviləsində olan daha yüksək məbləğdə pulu ödəməyə məcbur etmiş, bu halda hüquqdan sui-istifadədir.

26. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir.

27. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək borc(kredit) müqaviləsi yaxud barışıq razılaşması adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə, yaxud uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə, əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə yaxud barışıq razılaşmasına əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfə hər hansı bir məbləğdə borcu olmadığını yaxud hazırki işdə olduğu kimi tələb edilən öhdəliyin əsasını təşkil edən əqdlərin etibarsız olduğunu bəyan etməsidir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv yoxlamaqla düzgün nəticəyə gəlməlidir.

28. İddiaçının istinad etdiyi borc müqaviləsinin, xüsusən də barışıq razılaşmasının hüquqi nəticə yaratdığı qanuni qüvvədə olan yuxarıda qeyd olunan məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir.

29. Mülki Prosessual Məcəllənin 82.3, 233.3-cü maddələri ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.

30. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

31. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə aktları ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni iddiaçının istinad etdiyi xx.xx.2013-cü il tarixli borc müqaviləsi və xx.xx.2018-ci il tarixli barışıq razılaşmasının hüquqi nəticə yaratdığı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən, yəni Mülki Məcəllənin 881-ci maddəsinin tələbinə əsasən əvvəlki mübahisəli hüquq münasibəti üzrə əqdin əsl tərəfi olmadığını iddia edən şəxsin barışıq razılaşmasını imzalaması artıq həmin şəxsi əvvəlki əqdin tərəfi olmadığına(mübahisəli hüquqlara) istinad etmək imkanından məhrum etdiyi və barışıq razılaşmasını imzalamış şəxslərin hüquqi statusundan asılı olmayaraq barışıq razılaşmasında təsbit edilənlərin onlar üçün etibarlı olduğu(öhdəlik yaratdığı) təsdiq olunduğundan və həmin əqdə əsasən tələb edilən pul tələbi təmin edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət və əsas yoxdur. 32.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı və barışıq razılaşması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

33. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-14/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-14/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar