Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9538/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə ilk, həmçinin Cavabdeh İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin əlavəsinə dəyişiklik edilməklə möhlət verilməsi və hesablanmış əsas və faiz borclarının yeni cədvəl üzrə ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(007)-2717/2021 saylı qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 24.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 13181,72 manat əsas borc, 479,23 manat faiz borcu, 37,65 manat cərimə borcu olmaqla, cəmi 13698,6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 24.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 18 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Buna baxmayaraq, borclu öhdəliyini lazımi qaydada icra etməmiş və tələbdə qeyd olunan məbləğlərdə borcu qalmışdır. Eyni zamanda, Cavabdeh İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin əlavəsinə dəyişiklik edilməklə möhlət verilməsi və hesablanmış əsas və faiz borclarının yeni cədvəl üzrə ödənilməsi” barədə qarşılıqlı iddia verərək, cavabdehlə arasında bağlanmış 24.01.2020-ci il tarixli uzunmüddətli kredit müqaviləsinin 1 saylı Əlavəsinə dəyişiklik edilərək 31.12.2021-ci il tarixədək ona möhlət verilməsi və 200 manat aylıq ödəniş müəyyən olunmaqla əsas borcun və faizlərin tərtib edilmiş yeni cədvəl üzrə ödənilməsi qaydasının təsdiq olunmasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış kredit müqaviləsinin 1 saylı Əlavəsinə əsasən aylıq ödəniş 440,63 manat təşkil etmişdir. Müqaviləni bağlayarkən onun yüksək maaşlı işi olmuş, bank hesabına dair çıxarışdan da göründüyü kimi iyul ayınadək qrafik üzrə ödənişləri tam ödəmişdir. 2020-ci ilin aprel ayında iş yerini itirməsi ilə əlaqədar ödənişləri etməkdə çətinlik çəkmişdir. “COVİD-19” pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərlə əlaqədar iş tapa bilməmiş, himayəsində 2 azyaşlı uşağı olduğu üçün banka müraciət edərək, ona möhlət verilməsini və ya aylıq ödənişin 441 manatdan 200 manata endirilməsini xahiş etmiş, hətta Mərkəzi Banka da ərizə ilə müraciət etmişdir. Hər dəfə banka müraciət etdikdə müraciətinə baxıldığı, ona əlavə məlumat veriləcəyi bildirilmiş, o da bankın müqavilənin şərtlərinə yenidən baxılmasına, aylıq ödənişin şəraitin dəyişməsini nəzərə alaraq dəyişdirilməsinə razı olduğuna inanmış, buna görə də çatdırdığı qədər aylıq 200 manatdan az olmamaqla kredit ödənişini davam etdirmişdir. Müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən yayınmaq kimi niyyəti və məqsədi olmamışdır. Cavabdehin məhkəməyə müraciət etməsi isə onun üçün gözlənilməz olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 2(007)-2717/2020 saylı qətnaməsi ilə (hakim Qumru Əliyeva) ilk iddia qismən təmin edilərək, 24.01.2020-ci il tarixli, 22-Y-1-0-156-20 saylı kredit müqaviləsi üzrə 13176,72 manat əsas, 479,23 manat faiz borcu, 37,65 manat cərimə olmaqla, cəmi 13693,6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması, ilk iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddianın rədd olunması qət edilmişdir Cavabdeh, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh, apellyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunda izahat vermiş, məhkəmə kollegiyasından şikayətinin təmin olunmasını xahiş etmiş və suala cavab olaraq bildirmişdir ki, banka olan borcunu qəbul edir, sadəcə hissə-hissə ödəməsinə imkan yaradılmasını xahiş edir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia isə rədd olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini, izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış 24.01.2020-ci il tarixli, 22-Y-1-0-156-20 saylı kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən kredt alana 48 ay illik 18% dərəcəsilə 15000 manat məbləğində kredit verilmiş və müqaviləyə 1 nömrəli əlavə ilə tərəflər arasında aylıq 440,62 manat olmaqla ödəniş cədvəli razılaşdırılmışdır. Lakin borclu öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və bank tərəfindən 17.03.2021-ci il tarixli bildirişlə ona borcun 5 gün müddətinə ödənilməsi, əks halda bununla bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Bank tərəfindən verilmiş 06.05.2021-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin həmin tarixə 13181,72 manat əsas, 479,23 manat faiz, 37,65 manat cərimə borcu olmaqla, cəmi 13698,60 manat, məhkəmə prosesində təqdim olunmuş 06.07.2021-ci il tarixli maliyyə arayışına əsasən isə, həmin tarixə 13,176 manat əsas, 719,29 manat faiz, 133,38 manat cərimə borcu olmaqla, cəmi 14029,39 manat borcu qalmışdır. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə qətnamədə göstərilən borc məbləğlərinin tutulması qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Həmin Məcəllənin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Cavabdeh isə, borcu qəbul etməklə, qətnaməni yalnız qarşılıqlı iddiasının təmin olunmadığı hissədə mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi, qarşılıqlı iddianı rədd edərkən gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, müqavilənin dəyişdirilməsi əsasları, o cümlədən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi anlayışı qanunvericilikdə konkret formada öz əksini tapmışdır, cavabdehin təqdim etdiyi dəlillər isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini təsdiq edən sübut qismində qəbul edilə bilməz. Kollegiya, rayon məhkəməsinin mövqeyini əsaslı hesab edərək, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin (bundan sonra, MM) 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Göründüyü kimi, qanunverici, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə görə müqavilənin dəyişdirilməsini mümkün saymaqla, bunu şərait dəyişikliyinin yalnız əhəmiyyətli olduğu hallara aid etmişdir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, müqavilə tərəfi dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, onun müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayacağı və ya ümumiyyətlə bağlamayacağı aşkar olur. Başqa sözlə, əgər tərəflər müqavilə bağlayarkən mövcud şəraitinin dəyişəcəyini görmüşlərsə, yaxud lazımi diqqət və ağlabatan ehtiyatlılıqla bunu görməli idilərsə, o zaman müqavilənin dəyişdirilməsindən söhbət gedə bilməz. Odur ki, hazırda müqavilənin dəyişdirilməsi barədə tələb irəli sürmüş tərəf, qeyd olunan maddələrin dispozisiya şərtlərini, yəni şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini sübuta yetirməlidir. Əks təqdirdə həmin tələb haqlı sayıla və təmin oluna bilməz. Hazırkı işin halları baxımından isə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin işdən çıxaması və Covid-19 epidemiyası ilə əlaqədar yeni iş tapa bilməməsi, buna görə də maddi vəziyyətinin aşağı düşməsi tərəflər arasında müqavilə bağlanan zaman mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul edilə bilməz. Əvvəla ona görə ki, Covid-19 epidemiyası adından da göründüyü kimi 2019-cu ildən etibarən yayılmağa başlamaqla, tərəflər arasında 24.01.2020-ci il tarixdə kredit müqaviləsi bağlanan zaman onlara məlum olmuş və tərəflər müqaviləni məhz bu şəraitdə bağlamışlar. Dolayısı ilə də, bu halla bağlı şəraitin dəyişməsi məntiqi baxımdan mümkün olmadığından Kollegiya həmin xüsusat üzrə əlavə araşdırma aparmağa zərurət görmür. Cavabdehin sözügedən kredit müqaviləsi bağlandıqdan sonra işdən çıxması isə müqavilə bağlanan zaman mövcud olmuş şəraitin dəyişməsi olsa da, müqavilə şərtlərinin dəyişdirilməsinə səbəb ola biləcək qədər əhəmiyyətli dəyişiklik hesab oluna bilməz. Çünki, tərəflər, o cümlədən borclu müqavilə bağlayarkən lazımi diqqət və ağlabatan ehtiyatlılıq göstərməklə bunu görməli idilər. Əks yanaşma, həyatın normal axarına uyğun olmazdı. Kollegiya, həmçinin nəzərə alır ki, cavabdeh də məhkəməyə əksini təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. MM-in 422-ci maddəsinin dispozisiya şərtləri aşkar edilmədiyi halda isə, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Kollegiya, bu qənaətə gələrkən onu da vurğulayır ki, cavabdeh, iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra (icra mərhələsində) qətnamənin hissə-hissə icra edilməsi və ya ona möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (MPM, maddə 231). Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə ilk, Cavabdeh İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin əlavəsinə dəyişiklik edilməklə möhlət verilməsi və hesablanmış əsas və faiz borclarının yeni cədvəl üzrə ödənilməsi” haqqında qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 2(007)-2717/2020 saylı qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 2(007)- 2717/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9538/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9538/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver