Məhkəmə qərarları › İş №2(103)-954/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-954/2021

25.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-954/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “suyun axıdılması nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)- 789/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı cavabdeh X4 tərəfindən mənzilə su axıdılması nəticəsində dəymiş 5000 manat məbləğində maddi zərərin, 2000 manat məbləğində mənəvi zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun, eyni zamanda vəkil xidməti üçün ödənilmiş 210 manat məbləğində pulun, cəmi 7240 manat məbləğində vəsaitin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3/33, mənzil 45 iddiaçının şəxsi mülkiyyətindədir. Yaşadığı mənzil 3/33 saylı binanın 2-ci mərtəbəsində yerləşir, iddiaçıdan yuxarıda, yəni 4-cü mərtəbədə - ünvan 1 ünvanında cavabdeh X4 yaşayır. 2018-ci ilin may-iyun aylarından etibarən 2019-cu ilə qədər ona məxsus olan mənzilndən suyun sızması səbəbinə görə iddiaçının mənzilinə çox böyük zərər vurulmuş: işıq sistemi sıradan çıxmış, mətbəxdə və qonaq otağında divar kağızlarıqopmuş, mətbəxdə, qonaq otağında tavanın ağartması şişmiş və saralmış, parketlər isə qaralaraq bir neçə yerdə tamamilə qalxmışdır. Həmin vaxtdan indiyə kimi iddiaçının mənzilində nəmişlik iyi qalıb. Zərərin aradan qaldırılması ilə bağlı dəfələrlə iddiaçının müraciətlərinə baxmayaraq cavabdeh tərəfindən heç bir tədbirlər görülməmişvə eyni zamanda mənzilə su axıdaılması nəticəsində dəymiş maddi ziyanı ödəməkdə imtina edir. Cavabdeh tərəfindən iddiaçının mənzilinə su axıdılması ilə əlaqədar qonşular tərəfindən akt tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-789/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, dəymiş maddi ziyanın əvəzi olaraq 2054 manat məbləğində pulun, hüquqi yardıma görə iddiaçı tərəfindən vəkilə ödənilmiş pulun 100 manat hissəsinin və ödənilmiş dövlət rüsumunun 8,80 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 21,20 manat və vəkilə ödənilmiş pul vəsaitinin 110 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, ekspert rəyində iddiaçının mənzilinə dəyən zərərin məbləği göstərilsə də, zərərin məhz onun təqsiri nəticəsində dəydiyini təsdiq edən məlumat olmaması, onun mənzili ilə iddiaçının mənzili arasında daha bir evin olması, həmin mənzildən iddiaçının mənzilinə dəfələrlə su axıdılması, qonşuluq münasibtələrini pozmaq istəmədiyindən iddiaçıya dəymiş ziyanın 100- 150 manat hissəsini qarşılaya biləcəyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə yanaşı bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, o iddiaçıya dəymiş ziyana görə 300 manat təklif etdikdə iddiaçı ondan 450 manat pul istəmiş və sonradan məhkəməyə müraciət edərək 5000 manat ziyan dəydiyini bildirmiş və bu ziyanın əvəzini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun dəyişdirilmədən saxlanılmasını xagiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yazılı apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin mahiyyətindən aydın olur ki, onun iradə ifadəsi qətnamənin yalnız iddianın qismən təmin edilməsi ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat X1 görünür ki, Bakı şəhəri, 7-ci mikrorayon, ev 3/33 saylı evin 45 saylı mənzili xx.xx.2003-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, 7ci mikrorayon, ev 3/33 saylı evin 51 nömrəli mənzilinin mülkiyyətçisi Cavabdeh 2018-ci ilin yaz aylarından etibarən 2019-cu ilə qədər həmin ünvanda 48 nömrəli mənzildə yaşayan Elxan Hüseynova və 45 nömrəli mənzildə yaşayan İddiaçı məxsus mənzillərə dəfələrlə su axıdılmışdır. Nəticədə İddiaçı məxsus olan mənzildə işıq sistemi sıradan çıxmış, mətbəxdə və qonaq otağlarına divar kağızları qopmuş, mətbəxdə, qonaq otağında tavanın emulsiyası şişmiş və çatlamış, dəhlizdə və qonaq otağında parket xarab olmuşdur. Həmin aktı E.H.Hüseynov, S.R.Qocayeva və R.B.Qəribov imzalamış və akt Mənzil-tikinti kooperativin möhürü ilə təsdiq edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq iddiaçının mənzilinə cavabdehə məxsus mənzildən su axıdılıb-axıdılmadığının aydınlaşdırılması istənilmiş, xx xxxxx 2020-ci il tarixli, 743 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3/33 saylı evin 45 saylı mənzilində susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2054 manat məbləğində olduğu müəyyən edilmiş, lakin susızmanın konkret olaraq hansı texniki səbəblərdən baş verməsi və suyun hansı mənzildən axıdıldığını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X3 ifadəsində göstərdi ki, o, 48-ci mənzildə yaşayır və onun mənzili iddiaçı ilə cavabdehin mənzilləri arasında yerləşir. Cavabdeh özünə məxsus mənzili aldıqdan sonra, həmin mənzili təmir etmiş və göründüyü kimi, təmir zamanı mənzilin boru sistemində tıxanma baş vermişdir. Bunun nəticəsində onun mənzilini tamamilə su basmış və həmin su aşağı mərtəbələrə, hətta bloka və yan qonşunun evinə də sızmışdır. Hadisə baş verən zaman cavabdeh evində olmamış və kooperativin sədri vasitəsilə binaya təcili olaraq çağırılmışdır. Cavabdeh hadisə yerinə gələndən sonra ondan dönə-dönə üzr istəmişdir. Onun evi təmirsiz olduğuna görə dəymiş ziyan o qədər də gözə çarpan olmamış, lakin İddiaçı evi hənin vaxt nisbətən təzə təmir edilmiş və ona külli miqdarda ziyan dəymişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X2 ifadəsində göstərdi ki, o, kooperativin sədridir. Ona görə də, məlum hadisə baş verən zaman sakinlər ilk növbədə onu çağırmışlar. O, da Cavabdeh zəng etmiş və ona təcili olaraq hadisə yerinə gəlməli olmasını bildirmişdir. Cavabdeh gələndən sonra demişdir ki, mütəxəssis çağıracaq və su sızması onun evindən baş veribsə - pulunu ödəyəcək. Mütəxəssis gəlmiş və su sızmanın Elvin Şıxəliyevin evindən baş verməsi təsdiq olunmuşdur. Elvin Şıxəliyev mütəxəssisin xidmətinə görə 100 manat ödəmişdir. Hadisə nəticəsində İddiaçı evinə çox ciddi ziyan dəymiş, evin təmiri tamamilə pozulmuş, hətta mənzilin elektrik sistemi də sıradan çıxmışdır. Birinci instansiya məhkəməsi məhz yuxarıda qeyd olunanları əsas götürərək və Mülki Məcəllənin 1096-ci, 1097-ci, 1115-ci və 21-ci maddələrinə istinad etməklə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh hazırkı mülki iş çərçivəsində iştirak etdiyi bütün məhkəmə iclaslarında su sızmasının onun mənzilindən olmasını qəbul etmiş və yalnız ondan tələb olunan məbləği mübahisələndirmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, ekspert tərəfindən su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2054 manat olması müəyyən edilmişdir. Kollegiya hesab edir ki, sözügedən ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərclər isə apellyatora aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-789/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar