Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9544/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(005)-3178/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 13.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7624,40 manat əsas, 63,08 manat faiz borcu, 20,51 manat cərimə, həmçinin kredit müqaviləsi üzrə 16.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 331,30 manat əldən çıxmış fayda olmaqla, cəmi 8039,29 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 13.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 1 faizlə 60 ay müddətinə 7624,40 manat məbləğində kredit verilmiş və Cavabdeh2 tərəfindən həmin tarixli zaminlik müqaviləsi ilə borcun ödənilməsinə təminat verilmişdir. Buna baxmayaraq, borclu öhdəliyini lazımi qaydada icra etməmiş və tələbdə qeyd olunan məbləğlərdə borcu qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(005)- 3178/2021 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev) cavabdehlərdən müştərək qaydada 13.11.2019-cu il tarixli, 15-MZ-3-0-173-15 saylı kredit və zaminlik müqavilələri üzrə 7624,40 manat əsas, 63,08 manat faiz, 20,51 manat cərimə olmaqla, cəmi 7707,99 manat borcun və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 28 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir Cavabdeh1 (bundan sonra cavabdeh), qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - tərəfindən borcun çox hissəsinin ödənilməsinə baxmayaraq, iddiaçı tərəfindən borc məbləğlərinin şişirdilməsi, məhkəmə tərəfindən isə heç bir araşdırma aparılmaması, maddi və prosessual hüquq normalarının pozulması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı və digər cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz cavabdeh Cavabdeh1 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini, izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlara əsasən Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanının icrası sahəsində “Nikoyl" İKB ASC (hazırda "xxxx" ASC) ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 13.11.2019-cu il tarixli 15-MZ-3-0-173-15 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən kredit alana illik 1 faiz ödənilməsi şərtilə 5 il müddətinə (1 il güzəşt müddətilə) 7624,40 manat məbləğində kredit verilmiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Digər Cavabdeh2lə həmin tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və bank tərəfindən 23.04.2021-ci il tarixli bildirişlə cavabdehlərə borcun 5 gün müddətinə ödənilməsi, əks halda bununla bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 16.05.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehlərin həmin tarixə 7624,40 manat əsas, 63,08 manat faiz, 20,51 manat cərimə borcu qalmışdır. Lakin, cavabdeh müqavilə şərtlərini pozmuş, xəbərdalıq və pretenziya göndərilməsinə baxmayaraq, yenə ödənişləri müəyyən olunmuş qaydada həyata keçirməmişdir. Belə olan halda isə, iddiaçı kredit borcunu vaxtından əvvəl tələb etməkdə haqlı olmuşdur (tərəflər arasında bağlanmış müqavilənin 5.1.3, 5.1.4 və digər bəndləri). Cavabdeh apellyasiya şikayətində bunun əksini (müqavilə öhdəliklərini pozmaması və s.) təsdiq edən halları əsaslandırmamış, sübutlarını təqdim etməmişdir. Mülki Məcəllənin (bundan sonra, MM) 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə borcun düzgün hesablanmadığını göstərsə də, bunun nədə ifadə olunması, tərəfindən edilmiş ödənişlərin məbləği ilə tələb olunan borc məbləğləri arasında uyğunsuzluğun olması və s. bu kimi zəruri halları əsaslandırmamışdır. Həmçinin, işdə olan sübutlardan (kredit müqaviləsi, maliyyə arayışı və s.) da kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluq müəyyən olunmamışdır. Belə olan halda, məhkəmə kollegiyası borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(005)-3178/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(005)-3178/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9544/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9544/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver