Məhkəmə qərarları › İş №2(103)-955/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-955/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-955/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddia tələbi üzrə (Açar sözlər: borc) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5709/2024 saylı 09 oktyabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 03794440 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh “Toshiba” markalı soyuducu, “Hoffmann Mrac” markalı kondisioner almış və nəticədə 1620 manat məbləğində borc yaranmışdır.

2. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Banka xx.xx.2024-cü il tarixə 1472,83 manat ödənilməmiş hissə, 147,17 manat cərimə olmaqla, cəmi 1620 manat borcu vardır.

3. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı təşkilat xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1472,83 manat ödənilməmiş hissə, 147,17 manat cərimə olmaqla, cəmi 1620 manat borcu tələb edir.

4. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin tələbinə riyaət edərək müvafiq malı cavabdehə təhvil vermişdir, lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, aldığı malın dəyərini ödəməmişdir..

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Soyuducu Toshiba, Hoffman MRac kondisioner üçün 1472.83 (min dörd yüz yetmiş iki manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 147.17 (yüz qırx yeddi manat on yeddi qəpik cərimə olmaqla, ümumilikdə, 1620 manat borc və 36.20 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SOYUDUCU TOSHİBA, HOFFMANN MRAC kondisioner almış və nəticədə 1620 (min alti yüz iyirmi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alıq-satqı qiyməti 2315.95 (iki min üç yüz on beş manat doxsan beş qəpik) manat (yəni 3 ay x 736.65 manat + 106 manat ilkin ödəniş) olan SOYUDUCU TOSHİBA, HOFFMANN MRAC kondisioner üçün ümumilikdə, 1620 (min altı yüz iyirmi) manat olmaqla ondan 1472.83 (min dörd yüz yetmiş iki manat səksən üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 147.17 (yüz qırx yeddi manat on yeddi qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 843.12 manat təşkil edir. Ödəniş cədvəlin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əsyalarin təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz səkildə təhvil almışdir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəliləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmus öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5709/2024 saylı 09 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddianın qismən təmin edilməsi, Cavabdeh 1472,83 manat ödənilməmiş hissə, 50 manat cərimə olmaqla, cəmi 1522,83 (bir min beş yüz iyirmi iki manat səksən üç) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 36,20 manatın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 467-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-6-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının məhkəmə iclasında iştirakı a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla iddiaçı “ABC Telecom» arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı onunla iddiaçı “ABC Telecom» arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə mənə nisyə satmağı öhdəsinə götürmüşdür. Aralarında bağlanmış 03794440 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən göründüyü kimi “Toshiba” markalı soyuducu, “Hoffmann Mrac” markalı kondisioner ona satılmış və iddiaçı həmin əmlaklarla bağlı onun iddiaçıya 1620 manat məbləğində borcunun olduğunu iddia etmişdir. Halbuki o, həmin əmlaklardan birini –soyuducunu iddiaçı təşkilata geri qaytarmış və buna səbəb həmin soyuducuda aşkar edilmiş nöqsan olmuşdur, belə ki, soyuducunu aldıqdan bir neçə gün ərzində onun qeyri normal işləməsi tərəflərindən aşkar edilmiş və bu barədə iddiaçının təmir servisinə müraciət olunmuş, həmin servis tərəfindən soyuducunun guya təmir olunması bildirilsə də sonradan yenə də eyni problem baş vermişdir. Bundan sonra iddiaçıya təklif olunmuşdur ki, soyuducunu başqa bir soyuducu ilə dəyişsin, lakin bu olmadığı üçün soyuducu iddiaçıya qaytarılmış və hazırda da həmin əmlak iddiaçıdadır. Bu halda onda olmayan və iddiaçıda olan həmin əmlaka görə nə üçün vəsait ödəməlidir. Lakin məhkəmə onun məhkəmə prosesində iştirakını təmin etmədiyi üçün mən məhkəmədə iştirak edə bilməmiş və bu halı qarşı tərəf məhkəmədən də gizlətmişdir. Məhkəmə qarşı tərəfin təqdim etdiyi maliyyə arayışına istinad etmiş və bu əsassız nəticəyə və qənaətə gəlmişdir. Məhkəmə bildirişi onun yaşadığı ünvana deyil, Bərdə rayonu Divanlı kəndinə-anasının yaşadığı ünvana göndərilmiş bu səbəbdən o, məhkəmə prosesinin yeri və vaxtı barədə məlumatsız olmuş, belə bir qətnamənin qəbul edilməsini qətnamə icraya yönələndən sonra bilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının məhkəmə iclasında iştirakı

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-ci maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

13. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

14. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1).

15. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5).

16. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

17. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

18. 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

19. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Belə ki, iddia tələbinin təmin edilmədiyi hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3806/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir.

31. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Soyuducu Toshiba, Hoffman MRac kondisioner üçün 1472,83 manat ödənilməmiş hissə, 50 manat cərimə olmaqla, cəmi 1522,83 (bir min beş yüz iyirmi iki manat səksən üç) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 36,20 manat tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh bildirişlərin onun yaşadığı ünvana deyil anasının yaşadığı Bərdə rayonu, Divanlı kəndinə göndərildiyini bildirsə də, iş materiallarından görünür ki, məhkəmə sənədləri məhz cavabdehin apellyasiya şikayətində də yaşadığı ünvan kimi qeyd etdiyi ünvan 3mişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə iclaslarından xəbərsiz olduğunu bildirsə də, dəlillərini təsdiq edəcək sənədləri nə apellyasiya şikayətinə əlavə etmiş, nə də apellyasiya icraatı zamanı məhkəmə kollegiyasına təqdim etməmişdir.

33. Kollegiya apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə qeyd edir ki, soyuducunu iddiaçıya geri qaytardığını bildirsə də müqaviləni mübahisələndirməmiş, soyuducunun qaytarılması ilə bağlı hər hansı sübutu apellyasiya şikayətinə əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri onun müqavilə üzrə üzərinə götürmüş öhdəliyin yerinə yetirilməsindən azad etmir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

36. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5709/2024 saylı 09 oktyabr 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar