Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-957/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2116/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması və mənzillərin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2007-ci il tarixdə müqavilə ilə Cavabdeh MTK-dan satın aldığı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 124.7 kv.m olan, 3 otaqlı, 9 saylı yaşayış sahəsinə və ümumi sahəsi 123.4 kv.m olan, 3 otaqlı, 10 saylı yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzillərin cavabdehdən alınıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2007-ci il tarixdə o, Cavabdeh MTK ilə müqavilə bağlayaraq, MTK-nın Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxxx 2005- ci il tarixli 267 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 124.7 kv.m, 3 otaqdan ibarət, 1 kv.metri 850 manat olmaqla ümumi dəyəri 105.995 manat olan 9 saylı mənzili və ümumi sahəsi 123.4 kv.m, 3 otaqdan ibarət, 1 kv.metri 850 manat olmaqla ümumi dəyəri 104.890 manat olan 10 saylı mənzili dəyərini ödəməklə satın almışdır. Cavabdeh ilə aralarında bağlanmış xx xxxx 2007-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən mənzillərin dəyəri onun tərəfindən tam ödənilmiş və ona şəxsi vərəqələr verilmişdir. Lakin həmin vaxt bina tam hazır olmadığından mənzillərin ona təhvil verilməsi mümkün olmamışdır. “xxxx” ASC ilə “xxxx” MMC arasında 12 ay müddətinə olmaqla xx xxxxx 2007-ci il tarixli, 70 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi tərəflər arasında xx xxxx 2007-ci il tarixli, 131 və 131/a saylı ipoteka müqavilələri bağlanaraq ona məxsus olan 9 və 10 saylı mənzillər “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mənzillər ipoteka predmeti kimi “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilən zaman ona məxsus xx xxxx 2007-ci il tarixli alğı-satqı müqavilələrinin və şəxsi vərəqələrin əsilləri bank tərəfindən ondan alınmışdır. Sonradan “xxxx” MMC tərəfindən götürülmüş borc məbləği “xxxx” ASC-yə tam qaytarılaraq kredit məbləği bağlanmışdır. Lakin borcun bağlanmasına baxmayaraq, sözügedən ipoteka müqavilələri bağlanan zaman “xxxx” ASC tərəfindən iddiaçıdan alınmış müqavilələrin və şəxsi vərəqələrin əsilləri ona geri qaytarılmamışdır. Bununla bağlı o rəsmi ərizə ilə “xxxx” ASC-yə müraciət edib xx xxxx 2007-ci il tarixli, 131və 131/a saylı ipoteka müqavilələri bağlanan zaman ondan alınmış xx xxxx 2007-ci il tarixli alğı-satqı müqavilələrinin və onlara əlavə edilmiş şəxsi vərəqələrin əsillərinin ona qaytarılmasını xahiş etsə də, bank əsassız məktub yazaraq sənədlərin ona qaytarıldığını bildirmişdir. Cavabdeh MTK ilə aralarında bağlanmış xx xxxx 2007-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən mənzillərin dəyəri onun tərəfindən tam ödənilsə də, cavabdeh tərəfindən sözügedən mənzillər ona təhvil verilməmişdir. Dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirməklə mənzilləri təhvil verməkdən boyun qaçırmışdır. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2007ci il tarixli müqavilə ilə Cavabdeh MTK-dan satın aldığı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 124.7 kv.m olan, 3 otaqlı, 9 saylı yaşayış sahəsinə və ümumi sahəsi 123.4 kv.m olan, 3 otaqlı, 10 saylı yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, mənzillərin və həmin mənzillərə dair sənədlərin-alğı-satqı müqavilələri və şəxsi vərəqələrinin dublikatlarının cavabdehdən alınıb iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2116/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması və mənzillərə dair sənədlərin təhvil verilməsi” barədə iddia tələbinin rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2116/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmədə işə baxılarkən hakim işə səthi yanaşmaqla, iş üzrə dəlil-sübutları hərtərəfli araşdırmadan və şahid ifadələrinə düzgün hüquqi qiymət verməmiş, eləcədə iş üzrə dindirilən şahid ifadələrini cavabdehin xeyrinə təhrif etməklə mübahisəli işi tez-tələsik yekunlaşdırıb səhv nəticəyə gəlmişdir. Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırıb qiymət vermək əvəzinə maddi və prosessual hüquq normalannın pozulması və düzgün tətbiq olunmaması ilə nəticələnən qanunsuz və əsassız şəkildə huquq mənafeini pozmuşdur. Belə ki, işə baxan məhkəmə ədalətli məhkəmə araşdırmasını bir kənara qoyaraq, cavabdehlə aralarında bağlanmış alğı-satqı müqaviləsi və ondan irəli gələn öhdəlikləri nəzərə almamış, mübahisəli məsələyə laqeyid yanaşmaqla, mübahisəli işi qanunsuz olaraq cavabdehin xeyrinə həll etməklə bu işdə öz qeyri-obyektivliyini və birtərəfli mövqeyini ortaya qoymuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin tələbləri pozulmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2116/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X2 və Cavabdeh MTK-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, o pulunu ödəyərək mənzil almışdır. Onun işlədiyi “xxxx” MMC tikiliyə beton vermişdir. Sonradan o ödəniş edərək iki mənzil almışdır. O binanın proyektini görmüşdür. Müqaviləni türk vətəndaşı olan direktor ilə bağlamışdır. Evin kv.metri 800-900 arası olmuşdur. O mənzilin dəyərini birdəfəlik ödəyərək maliyyə arayışını almışdır. Sonradan o evdən imtina edərək onu satmışdır. Hər iki mənzili nağd şəkildə alıb sonra satmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına göstərilir ki, məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 572-ci maddəsinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir (Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələri). Göründüyü kimi, iddiaçı müqavilə öhdəliklərinin icrasını tələb etmək üçün qanunla nəzərdə tutulmuş qaydada bağlanmış müqavilənin mövcudluğunu sübuta yetirməli olduğu halda müqavilənin mövcudluğunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, tərəflər arasında mənzillərlə bağlı hər hansı bir müqavilə mövcud olsada, İddiaçı istinad etdiyi hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin İddiaçı apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2116/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2116/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-957/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-957/2021
26.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver