Məhkəmə qərarları › İş №2(103)-9573/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9573/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9573/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3678/2021 saylı 05 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 16.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2576,16 manat məbləğində əsas borc, 631,1 manat məbləğində faiz borcu, cəmi 3207,26 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat dövlət rüsumunun tutulması, tutmanın bank qarşısında girov qoyulmuş, Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş altı ədəd qızıl-zinət əşyasına (583 əyarlı bir ədəd qolbaq, üç ədəd üzük, bir cüt sırğa) yönəldilməsi və qızıl-zinət əşyaları hərracda satılmaqla satışdan əldə olunan pul hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 24.04.2019-cu il tarixli, 103840- 233758/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 26% dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh arasında 24.04.2019-cu il tarixli, 103840-233758/3 nömrəli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh tərəfindən 6 ədəd qızıl-zinət əşyası (583 əyarlı bir ədəd qolbaq, üç ədəd üzük, bir cüt sırğa) 24.04.2019-cu il tarixli, 233758.3 nömrəli aktla banka saxlanca qəbul edilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafıkini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 19.04.2021-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 2576,16 manat məbləğində əsas borc və 631,1 manat faiz borcu olmaqla, cəmi 3207,26 manat məbləğində kredit borcu yaranmışdır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3678/2021 saylı 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 24.04.2019-cu il tarixli, 103840- 233758/3 nömrəli kredit müqaviləsi üzrə 2576,16 manat məbləğində əsas borc, 631,1 manat faiz borcu, cəmi 3207,26 manat (üç min iki yüz yeddi manat iyirmi altı qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında girov qoyulmuş, Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş altı ədəd qızıl-zinət əşyasına (583 əyarlı bir ədəd qolbaq, üç ədəd üzük, bir cüt sırğa) yönəldilməsi, qızıl-zinət əşyaları hərracda satılmaqla satışdan əldə olunan pul hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdehə qaytarılmasə qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin nəticə hissəsində girov qoyulmuş qızıl-zinət əşyalarının bazar qiymətini müəyyən etməmişdir. Bu isə gələcəkdə həmin əşyaların dəyərindən xeyli aşağı qiymərə satılmasına gətirib çıxara bilər. Məhkəmə tərəfindən həmin qızıl-zinət əşyalarının bazar qiymətinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə ekspertizası təyin edilməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3678/2021 saylı 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24.04.2019-cu il tarixli, 103840-233758/3 saylı kredit müqaviləsinə əsasən, bank borcalana istehlak məqsədləri üçün 24 ay müddətinə illik 26% ödəmək şərtilə 4000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. Girov müqaviləsi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24.04.2019-cu il tarixli, 103840-233758/3 nömrəli girov müqaviləsinə əsasən 24.04.2019-cu il tarixli, 103840-233758/3 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi müstəqil qiymətləndirici tərəfindən 1629,30 manat dəyərində qiymətləndirilmiş əmlakı bankın xeyrinə girova qoymuşdur. İş materiallarında olan 25.06.2020-ci il tarixli, 103/103/0431/2020 saylı bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 19.04.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 24.04.2019-cu il tarixli, 103840-233758/3 saylı kredit müqaviləsi üzrə 2576,16 manat əsas, 631,1 manat faiz borcu, cəmi 3207,26 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məşəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində girov qoyulmuş qızıl-zinət əşyalarının bazar qiymətini müəyyən edilmədiyini, bu isə gələcəkdə həmin əşyaların dəyərindən xeyli aşağı qiymətə satılmasına gətirib çıxara biləcəyini qeyd etsə də, iş materiallarına olan girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi haqqında 24.04.2019-cu il tarixli, 233758.3 nömrəli akta əsasən 583 əyarlı bir ədəd qolbaq, üç ədəd üzük, bir cüt sırğa, cəmi altı ədəd qızıl-zinət əşyası 1132,2 manat məbləğində qiymətləndirilməklə, ******* nömrəli xüsusi paketə qoyularaq bankın pul anbarına saxlanca qəbul edilmişdir. Göründüyü kimi, tərəflər girov predmetinin qiymətinin müəyyən edilməsi ilə bağlı sərbəst şəkildə iradə ifadəsi nümayiş etdirmişlər. Kollegiya hesab edir ki, hazırki halda iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsinə ehtiyac yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3678/2021 saylı 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3678/2021 saylı 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar