Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9581/2020 29.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «ipotekaya qoyulmuş avtomobilin hərracdan satılması və borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-992/2011 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «ipotekaya qoyulmuş avtomobilin hərracdan satılması və borcun tutulması» tələbinə dair iddia ərizəsi birinci instansiya məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, iddiaçının iddianın təimn olunması barədə ərizəsinə əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qərardadı ilə Cavabdeh məxsus, banka girov qoyulmuş **-CG-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2008, rəngi-qara, ban nömrəsi KMHSH81DP9U441264) «X6» markalı avtomobilin üzərinə həbs qoyulmuş və həmin avtomobilin saxlanılaraq DİN-nin BDYP-nin cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmuş, cavabdehdən ümumilikdə 20908 manat pul vəsaitinin tutulması və tutmanın ipoteka qoyulmuş, cavabdehə məxsus **-CG-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2008, rəngi-qara, ban nömrəsi KMHSH81DP9U441264) «X6» markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcu ödənilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra, məhkəmənin xx xxxxx 2011-ci il tarixli məktubu ilə icraya yönəldilmişdir (işdən görünür ki, Yasamal rayon icra şöbəsinin xx xxxx 2011-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır). Cavabdeh xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə mübahisənin yekunlaşdığını bildirmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(004)-992/2011 saylı qərardadı ilə «X6» markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 992/2011 saylı qərardadı ilə (hakim Vahid Hacıyev) ərizə təmin olunmamışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – birinci instansiya məhkəməsinin qərardadının əsassız olması və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin edilməsi xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə əlaqədar məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinin tələbinə əsasən, qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. MPM-nin 162.4-cü maddəsinin tələbinə görə iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Göründüyü kimi, iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Birinci instansiya məhkəməsi təmin etmə tədbirinin ləğvi barədə ərizəni rədd edərkən qeyd edilən normaya əsaslanmış, lakin qətnamənin icraya yönəldilməsindən uzun müddət (9 ildən çox) keçəməsinə baxmayaraq tərəflərin və icra məmurunun iştirakı ilə icra sənədinin icra olunub-olunmamasını yoxlamamış, bu istiqamətdə ümumiyyətlə araşdırma aparmamışdır (icra işini tələb edərək ona baxış keçirməmiş, qətnamənin icra vəziyyətini öyrənməmiş, keçən uzun müddət ərzində avtomobilin hərracdan satılıb-satılmamasını, pulun ödənilib-ödənilməməsini və s. halları aydınlaşdırmamışdır). Belə olan halda isə qərardad qanuni və əsaslı sayıla bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. X5 Məhkəməsi «X2rşı» (xx xxxxxx 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. X5 Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən tərəflərin (həmçinin, icra məmurunun) dinlənilmə hüquqları təmin olunmaqla, qeyd edilən məsələlər tam və hərtərəfli araşdırılmalı və nəticəyə uyğun ərizəyə əsaslandırılmış qərardadla hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «ipotekaya qoyulmuş avtomobilin hərracdan satılması və borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-992/2011 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-992/2011 saylı qərardadı ləğv edilsin, mülki iş iddianın təmini tədbirinin ləğvi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9581/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9581/2020
29.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver