Məhkəmə qərarları › İş №2(103)-959/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-959/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-959/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4866/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 13 mart 2023-cü il tarixli, 99İM saylı kredit müqaviləsindən görünür ki, BOKT tərəfindən cavabdehə 18 ay müddətinə illik 35% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Həmçinin Zamin ilə BOKT "xxxx" MMC arasında bağlanmış 13 mart 2023-cü il tarixli, 99 nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdehlər, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmədiklərindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" MMC ilə cavabdehlər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 99 İM nömrəli kredit müqaviləsi və 99 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh və Zamin müştərək qaydada 6667,76 manat məbləğində əsas borc, 881,34 manat hesablanmış faiz borcu, 180,34 cərimə borcu olmaqla, cəmi 7729,44 manat məbləğində pulun və ödənilmiş 97,70 manat dövlət rüsumunun alınaraq BOKT “AzFinans" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki Cavabdeh BOKT "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT arasında xx.xx.2023-cü il tarixli, 99İM saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 3.4-cü bəndlərinə əsasən, “İstehlak” məqsədilə borcluya 18 ay müddətinə, illik 35 % olmaqla 7000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Zamin ilə 99 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 332,24 manat, kredit faizi üzrə 210,68 manat, cərimə faizi üzrə 0,59 manat, cəmi 543,51 manat məbləğində pul ödənilmişdir. Halhazırda Cavabdeh təşkilata ödənilməmiş 6667,76 manat məbləğində əsas borcu, 881,34 manat hesablanmış faiz, 180,34 manat cərimə faizi, cəmi 7729,44 manat məbləğində borcu var. Təşkilatla borclunun zamini arasında bağlanmış xx.xx.2023-cü il tarixli 99 saylı zaminlik müqaviləsinin 2.1 bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, "zamin” və "borclu” kreditor qarşısında birgə məsuliyyət daşımağı öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.2 bəndinə müvafiq olaraq zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4866/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 6667.76 (altı min altı yüz altmış yeddi manat yetmiş altı qəpik) manat əsas borc, 881.34 (səkkiz yüz səksən bir manat otuz dörd qəpik) manat faiz borcu, 180.34 (yüz səksən manat otuz dörd qəpik) manat cərimə olmaqla, cəmi 7729.44 (yeddi min yeddi yüz iyirmi doqquz manat qırx dörd qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 97,70 (doxsan yeddi manat yetmiş qəpik) manat pulun tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda digər cavabdeh Zamin mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.1, 448.2, 470.1, 472.1, 472.3, 739, 739.2, 743-cü maddələrinə eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadən əsaslandırmışdır. Qətnamədən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin yenidən düzgün hesablanmaqla qanuni və əsaslı qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş, tərəflərin çəkişmə prinsipinə əməl etməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İşin hallarından aşkar şəkildə görünür ki, məhkəmə öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə səbəb olmuş halları ümumiyyətlə araşdırmamış, icra edilməməsi və ya lazımınca icra edilməməsində tərəflərin məsuliyyətini müəyyən etməmişdir. Məhkəmə işin bu halını araşdırmış olsa idi mülki qanunvericiliyin istinad olunan maddəsinin (maddə 458.1) tələbinə əsasən borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaltmalı idi. Həmçinin məhkəmə cavabdeh tərəfindən aparılmış ödənişlərin və bu ödənişlərin iddiada göstərilən ümumi borc məbləğinə təsirini də araşdırmamışdır. İşə baxan birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbində göstərilən həm əsas borcun, həm də faiz borcunun dəqiq hesablanması xüsusi bilik tələb etdiyindən iş üzrə müvafiq məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmiş və nəticədə işin hallarını tam və hərtərəfli araşdırmamışdır. İşin hallarından da göründüyü kimi məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən göstərilən bu prosessual normanın tələbini də pozmuşdur. Belə ki, məhkəmə öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə səbəb olmuş halları ümumiyyətlə araşdırmadığından işin hallarına yuxarıda göstərilən maddi hüquq (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsi) tətbiq etməli olduğu halda bunu etməmiş nəticədə göstərilən prosessual normanın tələbini pozmuşdur. . Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə borcun müəyyən edilməsi hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci və 472.3. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (köhnə redaksiya) 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (köhnə redaksiya)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. ( köhnə redaksiya)

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - əsas və faiz borcu hissəsində dəyişdirilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı şəxs Cavabdeh 7000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 13 mart 2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən Zamin borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə təşkilat arasında bağlanmış xx.xx.2023-cü il tarixli 99 İM saylı kredit müqaviləsinə əsasən BOKT "xxxx" MMC-dən götürdüyü 7000 manat məbləğində əsas borcdan 332,24 manat, kredit faizi üzrə 210,68 manat, cərimə faizi üzrə 0,59 manat ödəniş etmişdir. Hal-hazırda müştərinin təşkilata ödənilməmiş 6667,76 manat məbləğində əsas borcu, 881,34 manat hesablanmış faiz borcu, 180,34 manat cərimə borcu, cəmi 7729,44 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubun surətindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 mart 2023-cü il tarixli, 99İM saylı kredit müqaviləsi üzrə hesablanmış borcun 3 iş günü müddətində banka ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən ödənilməli olan borcun məbləğini müəyyən edərkən, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixə olan maliyyə arayışına istinad etmişdir. İşin müəyyən edilmiş hallarına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən xəbərdarlıq məktubu 11 iyul 2023-cü il tarixdə tərtib edilməklə cavabdehlərə göndərilmiş və bildirilmişdir ki, xx.xx.2023-cü il tarixinə 598,02 AZN, vaxtı keçmiş əsas borc, 374,33 ΑΖΝ, vaxtı keçmiş faiz borcu, 47,75 AZN cərimə faiz borcu, ümumi olaraq 1020,1 AZN (min iyirmi manat 10 qəpik) borcu yaranmışdır. Həmçinin kredit müqaviləsi ilə Cavabdeh Akif oğlu üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyinə görə gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanıb və illik 70% təşkil edir. Qeyd olunanlara əsasən 3 iş günü ərzində borcun ödənilməsi tələb edilmişdir. Hazırda cavabdeh tərəf apellyasiya şikayətində borcun məbləğini mübahisələndirməklə, hesablanmış borcun reallığı əks etdirmədiyini bildirmişdir. Belə olan halda həm hazırda iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında göstərilən borc məbləğinə dair şübhələr mövcud olduğundan, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarının tələbləri baxımından, borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə 9/883 nömrəli, 06 aprel 2024-cü il tarixli rəydən görünür ki, 11 iyul 2023-cü il tarixə (xəbərdarlıq məktubu göndərilən tarixə) 7.231,42 AZN olmaqla, əsas borc üzrə - 6.667,46 AZN, faiz borcu üzrə 563,96 AZN; 14 sentyabr 2023-cü il tarixə (maliyyə arayışının tarixinə) 7.639,80 AZN olmaqla, əsas borc üzrə - 6.667,46 AZN, faiz borcu üzrə 972,34 AZN, 31 oktyabr 2023-cü il tarixə (qətnamənin qəbul edildiyi tarixə) 7,944,46 AZN olmaqla, əsas borc üzrə 6667,46 AZN, faiz borcu üzrə 1.277 AZN müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri isə 50 manat təşkil etmişdir. Məhkəmə kollegiyası mövcud sübutlara və eskpert rəyinə qiymət verərək qeyd edir ki, kredit müqaviləsinə görə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələblərinin pozulması halları mövcud olmuşdur. Bununla da cavabdehlərin bank qarşısında borcu yaranmışdır. Məhkəmə kollegiyası ilk olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas borcun məbləğinə münasibətdə qeyd edir ki, ekspert rəyi ilə əsas borc (bildiriş göndərilən tarixədək, maliyyə arayışı verilən tarixədək eləcə də qətnamə çıxarılan günədək) 6667,46 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən tələb edilən əsas kredit borcunun məbləği ilə müəyyən edilmiş məbləğ arasında fərq olmuşdur. Məhkəmə kollegiyası həmin fərqə münasibətdə hesab edir ki, iddia ərizəsi üzrə əsas borc tələb və təmin edilən məbləğə uyğun olmamışdır. Buna görə məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas borc 6667,46 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh həmin məbləğin düzgün hesablanmaması barədə mötəbər sübutlar təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri - əsas kredit borcunun məbləği hissəsində apellyasiya şikayəti qismən əsaslı olmaqla birinci instansiya məhkəməsi nəticəsi ekspert rəyinə uyğun dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatı nəticəsində müqavilə şərtlərinə uyğun hesablanmış – faiz borcunun məbləği iddia ərizəsi üzrə tələb və təmin edilən məbləğə uyğun olmamışdır. Belə ki, iddiaçı hazırda faiz borcunu 14 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən tələb etsə də, onun tərəfindən cavabdehə yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar edilməsi barədə 11 iyul 2023-cü il tarixli bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və faiz borcu üzrə məbləğləri tələb edə bilərdi. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği məhz cavabdehə ünvanlanmış bildirişin tarixinədək hesablanmalıdır. Həmin tarixə də faiz borcu ekspert rəyi ilə 563,96 manat hesablanmışdır. Beləliklə də, 13 mart 2023 cü il tarixli, 99İM saylı kredit müqaviləsi üzrə cavabdehin faiz borcu ekspert rəyində müəyyən olunmuş 563,96 manat həddində müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert rəyinin nəticə hissəsini şübhə altına almaq üçün əsas yoxdur, həmin hissə ekspert tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi isə işin sadalanan hallarına dair araşdırma aparmayaraq (ekspertiza təyin etmədən) iddia tələbini faiz borcuna münasibətdə tam təmin etdiyindən məhkəmə kollegiyası cavabdehin borc məbləğlərinin düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlilini qismən, faiz hissəsində əsaslı hesab edir. Məhkəmə kollegiyası iddia tələbinin - cərimə borcu ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 6667.46 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı 180.34 manat cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 180.34 manat həddində müəyyənləşdirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətlidir. Bundan başqa cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarından aşkar şəkildə görünür ki, məhkəmə öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə səbəb olmuş halları ümumiyyətlə araşdırmamış, icra edilməməsi və ya lazımınca icra edilməməsində tərəflərin məsuliyyətini müəyyən etməmişdir. Məhkəmə işin bu halını araşdırmış olsaydı mülki qanunvericiliyin istinad olunan maddəsinin (maddə 458.1) tələbinə əsasən borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaltmalı idi. Mülki Məcəllənin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin faktiki hallarından öhdəliyin icra edilməməsində iddiaçı tərəfin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda işin faktiki halları ilə belə bir hal müəyyən edilməmişdir. Belə olan halda qeyd olunan normanın hazırki işə tətbiq edilməsi yol verilməzdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi əsas və faiz borcu hissəsində dəyişdirilməli, 13 mart 2023-cü il tarixli, 99İM saylı kredit müqaviləsi üzrə əsas borc 6667,46 manat, faiz borcu 563.96 manat müəyyən edilməlidır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4866/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 99 İM saylı kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləği hissəsində dəyişdirilsin. xx.xx.2023-cü il tarixli, 99 İM saylı kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalı olan əsas borcun məbləği 6667,46 manat, faiz borcunun məbləği isə 563.96 müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən cavabdeh qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar