Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-959/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qaslmovanın katibliyi ilə, İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-5118/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, "xxxx" ASC (kredit verən) ilə cavabdehin (kredit alanın) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 404/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 1.769,43 manat, faiz borcu kimi 178,51 manat, cəmi 1.947,94 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin olunmasın. Qətnamə onunla əsaslandırılıb ki, iddia müddəti keçib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. xx.xx.2014-cü il tarixli 404/14 nömrəli kredit müqaviləsi üzrə 3.194 manat kredit 20 faizlə 24 ay müddətinə, yəni xx.xx.2016-cı ilədək cavabdehə verilib. Müqavilə üzrə kredit verən "xxxx" ASC olub, sonradan tələb hüququ iddiaçıya güzəşt edilib. Müəyyən olunur ki, iddia müddəti keçib. Belə ki, AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Bu müddət xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək olan dövrü əhatə edir. Birinci dəfə verilən iddia ərizəsi iddia müddətinin daxilində verilib, lakin ərizə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə geri qaytarılıb. Həmin zaman məhkəmə ona əsaslanıb ki, kredit müqaviləsinə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanı tətbiq oluna bilər, lakin bank pretenziya qaydasına riayət etdiyini, yəni kredit məbləğinin restrukturizasiya olunması təklifi ilə kredit alana müraciət etdiyini təsdiq edən hər hansı sənəd təqdim etməyib. Həmin qərarddadın qəbul edilməsindən 4 il 10 ay keçdikdən sonra - xx.xx.2024-cü ildə hazırkı iddia ərizəsi verilib. Göründüyü kimi, 3 illik iddia müddəti ötürülüb. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-5118/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-959/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-959/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver