Məhkəmə qərarları › İş №2(103)-9598/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9598/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9598/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı direktoru X2, Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-431/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 9.740 (doqquz min yeddi yüz qırx) ABŞ dolları məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh tərəfindən İddiaçı MMCdən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabiletlər, eyni zamanda qonaqlamaq üçün otel nömrələri sifariş verilmişdir. İddiaçı sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş, sifariş edilən istiqamətlərdə və tarixlərdə aviabiletləri vaxtında təqdim etmişdir. Lakin cavabdeh ona təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh yalnız 22.07.2019-cu il tarixdə 100 (bir yüz) manat ödəniş etmiş, qalan 9.740 ABŞ dolları məbləğində borcu isə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüş, lakin borcunu ödəməmişdir. Cavabdeh tərəfindən sifariş edilən xidmətlərin dəyərinin ödənilməməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına və maddi ziyana düşməsinə səbəb olmuşdur. İşə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən məhkəmənin 15.03.2021ci il tarixli iclasında İddiaçı MMC-nin etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 9.740 ABŞ dolları əsas borcun, 1.948 ABŞ dolları Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5% məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-431/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 9.740 ABŞ dolları məbləğində əsas borcun, 487 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 10.227 (on min iki yüz iyirmi yeddi) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 431/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, sübutlara mahiyyəti üzrə düzgün hüquqi qiymət verilmədiyindən və əsassız olduğundan ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Tərəfimdən 22 iyul 2019-cu ildə cavabdehə 100 (bir yüz) manat ödənilməsi real həqiqətə uyğun deyildir. Belə hesab edir ki, cavabdeh tələb etmə üçün ötürülmüş iddia müddətinin buraxılmasını aradan qaldırmaq üçün belə bir üsula əl atmışdır. Məlumat üçün bildirir ki, iddiaçı təşkilatın harada yerləşməsini bilmədiyi, onun rəhbərini və ya işçisini tanımadığı halda hər hansı bir ödəniş etməyi reallıqdan uzaqdır. İddia ərizəsinə həmin pulun ödənilməsini, həm də onun tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir sənəd əlavə edilməmişdir. Eyni zamanda qeyd edir ki, həmin vaxtda anası koma vəziyyətində “Medera” Hospitalında müalicədə olduğundan demək olar ki, gecə-gündüz, anası vəfat edənə qədər orada yanında olmuşdur. Belə bir vəziyyətdə tanımadığı, hər hansı bir əlaqəsi olmadığı iddiaçıya pul ödəməyi həm də 16.600 manatdan çox olan borca görə 100 manat ödəməyi inandırıcı deyildir. Hesab edir ki, iddiaçı olan hüquqi şəxs ilə aralarında turizm xidməti göstərilməsi və ya nisyə aviabilet satışı barədə müqavilə olmadığından hər hansı bir öhdəlik yaranmamışdır. Öhdəlik yaranmadığı halda onun icra edilməsi və ya lazımi qaydada icra edilməməsi barədə iddia qaldırılması əsassızdır. İddiaçı iddia ərizəsində birbaşa turizm xidməti göstərməsini iddia etməsə də iddia ərizəsinin məzmunundan aralarında turizm xidmətlərinin göstərilməsinə dair münasibətlərin yarandığı ehtimal edilir, lakin bunu təsdiq edən yazılı müqavilə iddia ərizəsinə əlavə edilməmiş, həmçinin məhkəmə baxışı zamanı təqdim etməmişdir. Halbuki, iddia tələbi cavabdehə turizm xidməti göstərməsi ilə əsaslandırılır, o isə belə xidmətlə bağlı iddiaçı ilə yazılı razılaşma olmadığını bildirir. Məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ona təqdim edilməmiş, məhkəmə iclasında iştirakı təmin edilmədiyindən təkrar məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət vermək hüququmdan məhrum olmuş və həmin ekspert rəyi əsasında məhkəmənin əsassız qətnaməsi çıxarılmışdır. Vəkili tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizədə göstərilmişdir ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, ona iddiaçı tərəfindən göstərildiyi iddia edilən turist xidmətlərindən, o cümlədən aviabiletlərdən 2016-cı ilin 15 noyabrından, 2017-ci ilin fevralın 9-dək istifadə edilmişdir. İddia ərizəsi isə məhkəməyə 2020-ci ilin iyul ayında, yəni axırıncı istifadədən 3 ildən artıq müddət ötdükdən sonra təqdim edilmişdir. Ona görə də, həmin iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-431/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh və onun nümayəndəsi və vəkili X4 verilmiş apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-431/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı direktoru X5 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində, həmçinin Cavabdeh apelyasiya şikayətinə etirazında göstərdiklərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-431/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, İddiaçı MMC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh 2016-2017-ci il tarixdə MMC-nin xidmətlərindən istifadə etmiş və nəticədə 9.800 ABŞ dolları borcu qalmışdır. İş materiallarında olan, müraciət (pretenziya) məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh rəsmi məktub göndərilərək, borcunu 5 gün müddətində ödənilməsi, əks halda hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir.(İş.vər. 24 - 25) İş materiallarında olan, 22 iyul 2019-cu il tarixli, Seriya GLM № 522023 saylı mədaxil qəbzinin kötüyünun surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 2016-2017-ci illər ərzində almış olduğu və istifadə etdiyi turizm xidmətlərinə görə mövcud olan 9.800 ABŞ dolları məbləğində borcundan 100 manat ödəniş etmişdir.(İş.vər. 48) İş materiallarında olan, əlyazma ilə yazılmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 2016-2017-ci illər ərzində almış olduğu və istifadə etdiyi turizm xidmətlərinə görə mövcud olan 9800 ABŞ dolları məbləğində borcundan 100 manat ödəniş etmiş və mövcud olan 9740 ABŞ dolları məbləğində borcunu 6 ay müddətində ödəyəcəyinə görə öhdəlik götürmüş və bunu imzası ilə təsdiq etmişdir.(İş.vər. 62) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/59 saylı, 11 fevral 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspetizaya təqdim olunmuş Cavabdeh adından olan 22.07.2019-cu il tarixli qəbzdə “imza:” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.(İş.vər. 79 - 80) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh adına uçuşlara görə verilmiş elektron biletlər artıq tərəflər arasında müqavilənin olduğunu ifadə edir. Belə ki, Cavabdeh verilmiş elektron bilet sərnişin və aviaşirkət arasında hava daşımaları üzrə müqavilənin mövcudluğunu təsdiq edən elektron sənəddir, yəni elektron bilet, adi kağız formasında olan aviabiletin elektron formasıdır. “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi haqqımda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyun 2007-ci il tarixli, 94 saylı qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, adi bilet (sərnişin bileti və baqaj qəbzi) - vərəqdə hazırlanaraq daşıyıcı tərəfindən təsdiq edilən, müqavilənin bağlanmasını və sərnişinin və onun baqajının hava ilə daşınması şərtlərini təsdiq edən, müəyyən edilmiş nümunədə daşıma sənədidir. Elektron bilet - daşıyıcının kompüter məlumat bazasında yerləşdirilən və hava daşıması haqqında müqavilə hesab edilən, adi aviabiletin elektron analoqudur. Bu bilet vərəqdə çap edilən adi aviabiletdəki məlumata analoji tam məlumatı əks etdirir və elektron ticarət haqqında qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qadada hava daşımalarınnı elektron satışı prosesində tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 842.2-ci maddəsinin tələbinə əsasən sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən sərnişin daşınması qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış daşıma müqaviləsinə uyğun olaraq daşıyıcı tərəfindən verilən sərnişin bileti əsasında həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yuxarıda qeyd edilən sübutlara və maddi hüquq normalarına əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, aviaşirkətlə arasında hava daşımaları üzrə müqaviləyə əsasən Cavabdeh elektron bilet almaq hüququna malik olduğu kimi həmin biletin dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Göründüyü kimi Cavabdeh apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh apelyasiya şikayətində iddiaçı təşkilatın harada yerləşməsini bilmədiyini, onun rəhbərini və ya işçisini tanımadığını, hər hansı bir ödəniş etmədiyini, tanımadığı, hər hansı bir əlaqəsi olmadığı iddiaçıya 16.600 manatdan çox olan borca görə 100 manat ödəməsinin inandırıcı olmadığını, onun iddiaç təşkilata heç bir borcunun olmadığını, bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-431/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-431/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar