Məhkəmə qərarları › İş №2(103)-9602/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9602/2021

27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9602/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(011)-2857/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan 700 manat pulun Cavabdeh alınıb, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 63 saylı mənzil çıxarış əsasında ona məxsusdur və hazırda həmin ünvanında yaşayır, cavabdeh onun yuxarı mərtəbədə yaşayan qonşusudur və onun qanunsuz hərəkətləri nəticəsində yaşadığı mənzilə ziyan dəymişdir, belə ki, 29.12.2020-ci il tarixdə yuxarı mərtəbədən onun mənzilinə su axıtmış, bununla da onun mətbəxinin tavanı və divar kağızları yararsız hala düşmüş və ona maddi ziyan dəymişdir, dəfələrlə axıntının qarşısını alması ilə bağlı cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticəsi olmamış, bu səbəbdən məsələni müvafiq MKİS-ə bildirmiş və tədbir görülməsini xahiş etmişdir, Cavabdeh yaşadığı mənzildə yerləşən sanitar qovşaqdan suyun axması, nəticədə onun əmlakına ziyan dəyməsi və baş verənlər arasındakı əlaqə 91 saylı MKİS-nin verdiyi aktda da öz əksini tapmışdır. Belə ki, idarənin əməkdaşları ona məxsus mənzilə baxış keçirərək maddi ziyan vurulduğunu müəyyən etmiş və müvafiq akt tərtib etmiş, bununla əlaqədar qanunsuzluğa son qoyması və birgə yaşayış qaydalarına əməl etməsi üçün dəfələrlə cavabdehə müraciət etmişlər, lakin o, buna məhəl qoymayaraq heç kimi mənzilinə buraxmamış, heç bir tədbir görməyəcəyini və suyun onun mənzilindən yox, başqa mənzildən axdığını demişdir, halbuki mənzilindən gələn axıntını gizlətmək və təqsirini ört-basdır etmək üçün orada təmir işləri aparmışdır, nəticədə ona dəymiş ziyan ödənilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(011)-2857/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 63 saylı mənzilə vurulmuş maddi ziyana görə 611 (altı yüz on bir) manat, 20 (iyirmi) qəpik məbləğinə pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarına əhəmiyyət verməmiş, iş üzrə həqiqətin müəyyən olunması üçün kifayət qədər araşdırma aparmamış, əldə edilmiş “yarı-yarımçıq” sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəticədə ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda hər iki tərəf apellyasiya şikayəti verdiklərindən, apellyasiya baxışının hədləri qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(011)-2857/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 39, 63 saylı mənzil 10.07.2018-ci ildə tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan 91 saylı MKİS tərəfindən tərtib olunmuş 29.12.2020-ci il tarixli Aktdan görünür ki, 91 saylı MKİS-in sahə nəzarətçisi T.Bayramov, Gəncə prospekti 39, mənzil 61-in sakini N.İbrahimova, Gəncə prospekti 63-ün sakini İddiaçı aktı ona görə tərtib etmişdir ki, Gəncə prospekti 39, mənzil 65-in sakini Cavabdeh mənzilindən mənzil 61-də və mənzil 63-də yaşayan qonşuların mətbəx, hamam otağına tualetdən su axmış və maddi ziyan dəymişdir, su axıntısının qarşısının alınması üçün Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin o, heç bir nəticə çıxarmamışdır, vətəndaş Cavabdeh onları mənzilinə buraxmır və heç bir tədbir görməyəcəyini bildirir, buna görə onlar qonşudan şikayətçidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə ekspertiza mərkəzinin 24.05.2021-ci il tarixli 10/1462 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 63 saylı mənzilin binanın 5-ci mərtəbəsində, cavabdehə məxsus 65 saylı mənzilin isə binanın 6-cı mərtəbəsində yerləşdiyini, 65 saylı mənzilin mətbəx kimi istifadə olunan yardımçı tikilisində təmir işləri aparıldığını və sukanalizasiya xətlərinin gizli şəkildə olduğunu, lakin 63 saylı mənzilin mətbəx kimi istifadə olunan yardımçı tikilisinin divar və tavanında yaranmış qüsurları nəzərə alaraq, 63 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 65 saylı mənzildən suyun sızması xaraketrikdir, su sızma nəticəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 39 saylı evin 63 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 611,2 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Kollegiya, hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərt mövcuddur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyi əsasında mənzilə vurulmuş zərərin həcmini 611 manat müəyyən etməklə, iddianın qismən təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun işin tam araşdırılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmə kifayət qədər araşdırma apararaq, tədqiq olunmuş sübutlara düzgün qiymət vermişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhər Xətai rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(011)- 2857/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar