Məhkəmə qərarları › İş №2(103)-9604/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9604/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9604/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, Cavabdeh1, Tərcüməçi X3 qızının iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(011)-321/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 8500 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 01.02.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbini cavabdeh kimi cəlb edilmiş Cavabdeh2 münasibətdə müdafiə etməkdən imtina etdiyini və onun cavabdeh kimi iştirakına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, Cavabdeh1 31.10.2017-ci il tarixdə ondan 2000 manat məbləğində borc almışdır, bunu cavabdeh tərəfindən tərtib edilmiş qəbz də təsdiq edir, bundan başqa, Cavabdeh1 ondan 14.11.2017-ci il tarixdən 19.01.2018-ci il tarixə kimi 1500 manat, 07.06.2018-ci ildə 5000 manat borc pul almışdır, bunu təsdiq edən qəbz də mövcuddur, beləliklə, Cavabdeh1 ona cəmi 8500 manat borcu yaranmışdır, aralarındakı razılaşmaya əsasən Cavabdeh1 ondan borc olaraq aldığı cəmi 8500 manat pulu 1 ilə qaytarmalı idi, lakin qəbzlərin tərtib edilməsindən uzun müddət keçsə də cavabdeh borclu olduğu 8500 manat məbləğində pulu İddiaçı qaytarmaqdan imtina edir, bu da onun mülki qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(011)-321/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 borcun əvəzi qismində 8500 (səkkiz min beş yüz) manat pul və dövlət rüsumu qismində 30 (otuz) manat alınaraq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 127 (yüz iyirmi yeddi) manat məbləğində pul Cavabdeh1 alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-321/2021 saylı iş üzrə 29.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, o, İddiaçı ilə aralarında olan borca dair dəftərdə əl yazmaları ilə solda ayın tarixi, verdi sözü, məbləğ yazıb imza etmiş. Eyni gündə eyni saatda yazısının qarşısında İddiaçı ayın tarixi, aldım sözü, məbləğ qeyd edib imza etmişdir. Belə ki, hər ödəniş etdikcə eyni qaydada solda Cavabdeh1 sağda Alla yazıb qeyd etmişlər. Ümumilikdə o, İddiaçı 6500 manat qaytarmışdır. Bir gün aralarında mübahisə yaranmış və o, Allanı evindən ciddi səbəbə görə qovmuşdur. O gündən Alla ona qarşı hər pisliyə əl atır. Bir gün ona telefon zəngi gəldi və ona məlum oldu ki, Alla onu və onun vasitəsi ilə tanıdığı və faizə pul verdiyi Cavabdeh2 məhkəməyə verib. Əvvəlcə elə bilmiş ki, Alla Dürdanəyə əl yazması ilə verdiyi 300 manatı dəftərdə 600 yazdırıb verdiyi pulun tələbin edib. Lakin məhkəməyə gedəndə ona məlum olmuşdur ki, Alla aralarında qeyd etdikləri əl yazmalarını cinayətə əl ataraq saxtalaşdırmış, istədiyi görüntünü əldə edib cavabdehdən ona qaytardığı borcu ondan Cavabdeh2 zaminliyi əsasında müştərək qaydada tələb edib. Ona qaytardığı pulların maddi sübutunu ortaya çıxartmaq və Allanın hiyləyə əl atıb cinayət törədib Məhkəməni aldatmağını hansıki Dürdanəni onun vasitəsilə tanıdığı ciddi əsas idi. Məhkəməyə bəyan etmiş ki, Alla saxtakar bir faizçidir. Cavabdeh qismində Dürdanəyə onun vasitəsilə faizə pullar verib. Bütün Allaya məxsus qanunsuz hərəkətləri Məhkəməyə demişdir. O, evə gəlib Dürdanəyə mobil telofonla zəng edib, video görüntü çəkilişi etmişdir ki, maddi sübut kimi lazım olar. Dürdanə ilə danışığı dinlənəndə Allanın saxtakarlığı ortaya çıxacaq. Bundan əlavə olaraq o, məhkəməyə vəsatət təqdim etmişdir, əl yazmalarında ciddi dəyişiklər var deyə məhkəmədən məhkəmə ekspertizasının cidi araşdırma aparıb düzgün rəy verməsini, yazının soldan sağa sürüşməsini, Allanın yazısının onun yazısından aylar sonra yazması bəlkədə il sonra yazmasının aşkar edilməsi. Allanın barəsində xüsusi qərardad çıxarılmasını və yazını kimlə əlbir olub saxtalaşdırdığı yerin aşkarlanmasını xahiş etmişdir. O, məhkəmə ekspertizasının rəyinə əsasən yenidən məhkəməyə müraciət edib vəsatət təqdim etmişdir ki, düzgün rəy verilməyib, yenidən araşdırılma aparılması üçün xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Vahi qızı apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarından görünür ki, Cavabdeh1 məxsus şəxsiyyət vəsiqəsinin ksero surətini əks etdirən vərəqdə “İddiaçı 22000 manat borcdan əlavə, 2000 manat 31.10.2017ci il tarixində götürmüşəm. Ümumi olaraq mənim borcum 24000 manatdan ibarətdir. İmza: Cavabdeh1, 31.10.2017-ci il” yazı mətni əks olunmuşdur. İş materiallarında olan mülki işin 82-ci vərəqində əl yazısı ilə icra olunmuş borc qəbzində “14.11.2017- 400 manat-imza-15.11.2017; 30.11.2017-250 manat-imza- 30.11.2017; 14.12.2017-150 manat-imza-14.12.2017; 25.12.2017-050 manat-imza- 25.12.2017; 09.01.2018-200 manat-imza-09.01-2018/1050; 15.01.2018- 300 manat-imza- 15.01.2018; 19.01.2018- 150 manat-imza-19.01.2018/1500; 07.06.2018 - 5000 manatimza-27.07.2018” yazı mətni əks edilmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, təqdim edilmiş mülki işin 82-ci vərəqində əl yazısı ilə icra olunmuş borc qəbzində 15.11.2017 rəqəmlər və qarşısındakı imza, 30.11.2017 rəqəmlər və qarşısındakı imza, 14.12.2017 rəqəmlər və qarşısındakı imza, 25.12.2017 rəqəmlər və qarşısındakı imza, 09.01.2018/1050 rəqəmlər və qarşısındakı imza, 15.01.2018 rəqəmlər və qarşısındakı imza, 19.01.2018/1500 rəqəmlər və qarşısındakı imza, 27.07.2018 rəqəmlər və qarşısındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Təqdim edilmiş mülki işin 82-ci vərəqində əl yazısı ilə icra olunmuş borc qəbzində 14.11.2017-400 manat yazılar, 30.11.2017-250 manat yazılar, 14.12.2017-150 manat yazılar, 25.12.2017-050 manat yazılar, 09.01.2018-200 manat yazılar, 15.01.2018- 300 manat yazılar, 19.01.2018-150 manat yazılar, 07.06.2018-5000 manat yazılar Cavabdeh1 tərəfindən yox, başqası tərəfindən icra olunmuşdur. Təqdim edilmiş mülki işin 82-ci vərəqində əl yazısı ilə icra olunmuş borc qəbzinin 7-ci sırasında 15.01.2018 yazılarında 01 rəqəmlərindəki 1 rəqəmi tədqiqat prosesinin 3-cü bəndində göstərilən səbəblərə görə yararsız olduğundan həmin rəqəmin Cavabdeh1 tərəfindən yoxsa başqası tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün olmamışdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil edir. İş materiallarında olan Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş sənədlərin texniki ekspertizası ilə bağlı 02 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 18 noyabr 2021-ci il tarixli 5/1190 saylı Ekspertiza Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “14.11.2017-400 manat” yazısı ilə başlayıb “27.07.2018 yazısı ilə bitən qəbzin üzərində olan əl yazı və imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vastəsilə icra edilmiş və həmin qəbzin üzərində hər hansi bir montaj əlamətləri müəyyən edilmədi. Tədqiqata təqdim edilmiş “14.11.2017-400 manat” yazısı ilə başlayıb “27.07.2018 yazısı ilə bitən qəbzin üzərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilmədi. Birinci instansiya məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 arasında şifahi borc müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır, İddiaçı borc kimi Cavabdeh1 31.10.2017-ci il tarixində 2000 manat, 14.11.2017-ci il tarixdən 07.06.2018-ci il tarixədək 400+250+150+050+200+300+150+5000 manat, ümumilikdə 8500 manat məbləğində pul vermişdir. Bununla belə, borc məbləğinin qaytarılmasını təsdiq edən, həmçinin iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən və iddiaçının əl yazısı ilə icra olunmuş borc qəbzini saxtalaşdırmasını təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə kollegiyası, ekspertin gəldiyi nəticə ilə razılaşaraq ekspert rəyini, cavabdehin əlyazısı ilə icra olunmuş borc məbləği barədə qəbzin (sənədin) həqiqiliyinin müəyyən olunmasında sübut kimi qəbul edir. Məhkəmə kollegiyası, iddia tələbinə münasibətdə qeyd edir ki, şifahi müqavilə üzrə borcun verilməsini təsdiq edən sübut kimi qəbzlərin mövcudluğu və bu sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edildiyindən və cavabdehin müqavilə üzrə öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, həmçinin cavabdeh borc müqaviləsinə dair nəticələrin riskini daşıdığı halda borcun ödənilməsi barədə kreditora qarşı hər hansı bir tələb irəli sürməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh1 8500 manat pul alınaraq İddiaçı ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, Kollegiya hesab edir ki, MPM 119-cu maddəsinə əsasən apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 62 (altmış iki) manat Cavabdeh1 tutularaq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilməlidir. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(011)-321/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 62 (altmış iki) manat Cavabdeh1 tutularaq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar