Məhkəmə qərarları › İş №2(103)-9608/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9608/2021

08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9608/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-352/2021 saylı iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* saylı Çıxarışından görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil tam mülkiyyət hüququ üzrə onun adına reyestrdə qeydiyyata alınmışdır. O, 2014-cü ildən qeyd olunan ünvandaki mənzilə köçmüşdür. Mənzili yüksək mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. 07 iyun 2020-ci il tarixdə üst mərtəbədəki 68 saylı mənzildən onun evini su basmışdır. Həmin subasmadan sonra mənzilin vəziyyəti 14 iyul 2020-ci il tarixli aktda qeyd olunmuşdur. Həmin aktdan görünür ki, Xətai rayonu, Əhmədli y/sahəsi, S.Ə.Şirvani küçəsi, ev 5, mənzil 65 ünvanda dəhlizdə parket döşəmə iki yerdə qabarmış, tavanda subasmanın ləkələri var, qonaq otağında parket döşəmə bir yerdə qabarmış, mətbəxdə alçıpanlı tavan yararsız hala düşmüş, mətbəx şkafı, müxtəlif qablar, ütü, günəşdən müdafiə eynəyi qırılmış, hamam otağında tavan qabarmışdır. Mətbəx şkafının təmirinə və zəruri ləvazimatların alınmasına 500 manat ödənilmişdir. 450 manata alınmış, “Karaca” şirkətinin istehsalı olan, ağ-qızılgül rəngli 6 personlu çay servisinin, 150 manata alınmış, 10 ədəd mürəbbə qablarının, 150 manata alınmış “Bosch” firmasının istehsalı olan ütünün, 340 manata alınmış günəşdən müdafiə eynəyinin qırılması nəticəsində ona 1090 manat – cəmi 1590 manat zərər dəymişdir. Mənzilin dəhlizindəki və qonaq otağındaki sahəsi 30 kv.metr olan parket döşəmənin altı islandığından və döşəmə qabardığından tam yararsız vəziyyətə düşmüşdür. 1 kv.metr parketin bazar qiyməti 35 manat və 1 kv.metr parketin yerə vurulmasının usta pulunun 26 manat olduğunu nəzərə alsaq ( 30x35 +30x26 = 1830), eyni zamanda parket altı diktin alınmasına 400 manat, laqanın alınmasına 300 manat, lakın, şurupun, və digər ləvazimatların alınmasına 300 manat – cəmi parketlə bağlı xərclər 2830 manat təşkil edir. Dəhliz və mətbəxdə tavan dəyişdirilməlidir. Bunun üçün alçıpanın alınmasına 200 manat, emulsiyanın və digər ləvazimatların alınmasına isə 200 manat, alçıpanın vurulmasına və rəngləmə işlərinə usta pulu 700 manat ödənilməlidir. – cəmi xərclər 1100 manat təşkil edir. Hamam otağında asma tavan dəyişdirilməlidir: asma tavanın alınmasına 150 manat, tavanın yenidən qurulmasına usta pulu 100 manat – cəmi 250 manat xərc tələb olunur. Bundan başqa, parketin və alçıpanın çıxarılması, yerinin təmizlənməsi, çölə daşınması və digər qara işlərin görülməsinə usta pulu 400 manat təşkil edir. 68 saylı mənzilin kimə məxsus olduğunu müəyyənləşdirmək üçün "xxxx" MTK-ya vəkil sorğusu verilmişdir. Sorğuya cavab olaraq verilmiş 15 iyul 2020-ci il tarixli, 15/10- 04 saylı arayışda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, S.Ə.Şirvani küçəsi, 5 saylı yaşayış binasında 68 saylı 2 otaqlı mənzil 2005-ci ildən Cavabdeh məxsusdur. Beləliklə, Cavabdeh ona vurduğu zərər (1590 + 2830 + 1100 + 250 + 400 = 6570 ) 6570 manat məbləğindədir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh vurulmuş zərərin əvəzi kimi 6570 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh vurulmuş zərərin əvəzi kimi 5552 manatın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-352/2021 saylı iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 4872 manat pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi, iddianın qismən təmin edildiyi üçün ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 50 %, yəni 100 manatının Cavabdeh, qalan 50 %, yəni 100 manatının İddiaçı tutularaq, dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi Kod:210005VÖEN ********** m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi, həmçinin iddia qismən təmin edildiyi üçün İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50 %, yəni 15 manatının Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 50 %, yəni 15 manatının iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edən zaman qətnaməsini prosessual hüquq normalarını sadalayaraq ancaq ekspert rəyi ilə əsaslandırıb. Şikayətçinin fikrincə, məhkəmə tərəfindən yol verilmiş kobud prosessual pozuntular onun maddi hıiquq normaları ilə qorunun hüququnun pozulması ilə də nəticəənib. Cavabdeh hesab edir ki, məhkəmə ədalətli araşdırma aparmadan, işin hallarını nəzərə almadan kobud şəkildə onun qanunla qorunan hüquqlarını pozub və bu pozuntular aşağıdakılardır. Belə ki, iş materiallarından və işin hallarından tam sübut edilir ki, cavabdehin qeyd edilən maddə ilə nəzərdə tutulan hüququ kobud pozulub. Hüquq normasının tələbinə əsasən məhkəmə çəkişmə prinsipini təmin etmək üçün cavabdehə ekspertizanın keçirilməsi ilə bağlı mütləq məlumatlandırmalı idi. 08.01.2021-ci il tarixdə ekspertizanın keçirilməsi ilə bağlı cavabdehə hər hansı formada məlumat verilməyib. Hətta cavabdeh iş üzrə ekspertizanın keçiriləcəyini gözləmirdi. Sonradan cavabdehə məlum olmuşdur ki, 08.01.2020-ci il tarixdə ekspertiza keçirilib. Məhkəmə təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatəti əsassız rədd edib. 08.01.2021-ci il tarixli 10/3149 saylı ekspert rəyi 03.03.2021-ci il tarixinə təyin edilmiş məhkəmə baxışında cavabdehin nümayəndəsinə təqdim edildikdən sonra rəylə tanış olmaq üçün vaxt istənilib. Həmin gün iclasdan sonra rəylə tanış olunduqdan sonra e-məhkəmə vasitəsi ilə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verilib. Ancaq məhkəmə bu vəsatətə münasibət bildirməmişdir. Sonradan iş göndərilib iş üzrə əmtəşünaslıq ekspertizasının keçirilməsi üçün. İş üzrə məhkəmə baxışı təyin ediləndən sonra təkrar olaraq 16.06.2021-ci il tarixdə yenidən vəsatət verilib. Vəsatət har iki dəfə aşağıdakı qaydada əsaslandırılıb. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində 4 dəfə iş materiallarında olmayan 14.06.2020-ci il tarixli aktın məlumatlarına istinad edərək rəy verdiyini bildirib. Ancaq iş materiallarında 14.06.2020-ci il tarixli Akt mövcud deyil. Əgər bu tarixli akt prosessual icraatdan kənar ekspertə verilibsə bu ümumiyyətlə qanunsuz olmaqla yanaşı rəy verən ekspertin kənarlaşdırılması üçün əsasıdır. Ekspert rəyinin tədqiqatın nəticə hissəsindən göründüyü kimi, rəy yenə də iş materialında olmayan 14.06.2020-ci il tarixli Akta istinad edilməklə, şərt qaydasında verilib. Yəni iddiaçının mənzilinin bütün sahələrinə (iddiaçının qəbul etmədiyi yaşayış otaqları, və mətbəx sahəsi) ziyanın vurulmasının cavabdeh tərəfindən edildiyini iş materiallarında olmayan 14.06.2020-ci il tarixli Aktla şərtləndirib. Bundan əlavə hətta hesab etsək ki, ekspert səhv edərək istinad etdiyi sənəddə 7-ci ay yox 6-cı ay yazıldığını bildirsə belə hazırkı rəydə ziddiyyətin aradan qaldırılması qeyri-mümkündür. Ekspert ümumiyyətlə tərəflərin verdiyi sənədə, izahata yox dürüst şəkildə onun qarşısında qoyulan sual üzrə obyektiv rəy verməlidir. Ekspert rəyindən görünür ki, dəymiş ziyan hesablanarkən 11,4 kv.m dəhliz, 17,6 kv.m yaşayış, 15,7 kv.m yaşayış otaqlarına və 13,8 kv.m mətbəx tikilisinə dəymiş ziyan nəzərə alınmaqla cəmi 3962 manat ziyanın vurulması nəticəsinə gəlib. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin 1-ci səhifəsinin 3-cüabzasında iddia edilən ziyanın hansı həcmdə olmasını dəqiq qeyd edib. Ən azı iddia tələbində divar kağızının zədələnməsi barədə hər hansı tələb irəli sürülməyib. İddia tələbində qeyd edilmədiyi və bununla bağlı tələb irəli sürülmədiyi halda Ekspert tərəfindən divar kağızının zədələnməsi ilə bağlı ziyan hesablaması iddia tələbi ilə ziddiyyət təşkil etməklə bərabər onun obyektivliyinə ciddi şübhə yaradır. Ekspert rəyində qeyd edir ki, ziyanın cavabdeh tərəfindən vurulması cavabdehə məxsus mənzildə yaşayan sakinin dedikləri əsasında müəyyən edilir. Bu isə qeyri-qanuni olmaqla yanaşı rəyin birbaşa əsassızlığını və birtərəflililiyini sübut edir. Çünki qanunvericiliyin tələbinə əsasən ekspert rəyini qeyrimüəyyən, mənbəyi olmayan və ümumi mülahizələrəəsaslanaraq rəy verə bilməz. İş materiallarından da məlumdur ki, məhkəmə tərəfindən ekspertizanın keçirilməsi ilə bağlı cavabdehin vəsatətlərinə münasibət bildirilməyib və bununla bağlı hər hansı əsaslandırılmış qərardad çıxarılmayıb. Çıxarılıbsa belə, cavabdehə təqdim edilməyib. Məhkəmə iş üzrə keçirilmiş 29 aprel 2021-ci il tarixli, 9/1883 nömrəli rəyini cavabdehə təqdim etməyib və ümumiyyətlə tanış olması üçün hər hansı şərait yaratmayıb. Əvvəla 03.03.2021-ci il tarixdə iş üzrə əmtəəşünaslıq ekspertizanın keçirilməsinə cavabdeh etiraz edirdi. Cavabdehin arqumenti ondan ibarətdir ki, məhkəmə öncə iddiaçının iddia etdiyi əşyaların su basması nəticəsində məhv olmasını müəyyən etməli, bundan əlavə əşyaların istismar müddəti, tamamı ilə və yaxud qismən məhv edilməsi aydınlaşdırmalıdır. Məhkəmə əşyaların məhv olmasının subasma faktı ilə bağı olub-olmamasını aydınlaşdırmadan əşyaların dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin etmişdir. Bu isə tam qanunsuzdur. Bu azmış kimi, qeyd edilən rəy ümumiyyətlə cavabdehə təqdim edilməyib və bunun səbəbi ilə bağlı açıqlama verilməyib. Hətta məhkəmədə cavabdehin nümayəndəsi bununla bağlı iradlarını bildirib. Cavabdeh qeyd edilən rəylə tanış olmadığı üçün onunla bağlı hər hansı mövqe bildirməyib. Qeyd edilən normanın tələbi pozularaq məhkəmə baxışında 29 aprel 2021-ci il tarixli, 9/1883 nömrəli rəy tədqiq edilməyib. Prosessual qanunvericiliyə əsasən ekspert rəyi məhkəmə üçün məcburi deyil. Bununla bərabər məhkəmə hər iki rəy üzrə, xüsusi ilə ikinci rəy üzrə ev əşyalarının məhv olmasına səbəb kimi məhz mənzilin su basması olması nəticəsinə gəlməsini bir cümlə də olsun əsaslandırmayıb. Məhkəmə üçün açıq-aşkar məlum idi ki, ekspert rəyində ciddi uyğunsuzluq və birtərəflilik var idi. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin 1-ci səhifəsinin 3-cii abzasında iddia edilən ziyanın hansı həcmdə olmasını dəqiq qeyd edib. Ən azı iddia tələbində divar kağızının zədələnməsi barədə hər hansı tələb irəli sürülməyib. İddia tələbində qeyd edilmədiyi və bununla bağlı tələb irəli sürülmədiyi halda Ekspert tərəfindən divar kağızının. Zədələnməsi ilə bağlı ziyan hesablaması iddia tələbi ilə ziddiyyət təşkil etməklə bərabər onun obyektivliyinə ciddi şübhə yaradır. Buna baxmayaraq məhkəmə bu halla bağlı araşdırma aparmadan qanunsuz olaraq iddia tələbini təmin edib. İddiaçı tərəfindən məhkəməyə təqdini edilən ekspert rəyində yeganə əsas kimi götürülən 14.07.2020-ci il tarixli Aktın həqiqiliyinə ciddi şübhə var və əsas kimi götürülə bilməz. Əvvəla həmin aktdan məlum olur ki, aktı iddiaçı və tanışları Əzizov İlqar Boran oğlu və Şıxəliyeva Xəyalə Vidadi qızı tərəfindən imzalanıb. Ən ciddi uyğunsuzluq ondan ibarətdir ki, akt iddiaçının iddia etdiyi subasma hadisəsindn bir ay 07 gün sonra tərtib edilib. Təkcə bu hal onu təsdiq edir kı, Akt sonradan tərtib edilməklə əsas məqsəd cavabdehə qarşı əsassız iddia qaldırılmasında istifadə edilsin. Bundan əlavə həmin aktda nədənsə hər hansı bitərəf şəxsin, о cümlədən yerli MİS-nin, sahə müvəkkilinin və ya yaşayış binasının tikintisini və ya idarəedicisi təşkilatın iştirakı təmin edilməyib. Cavabdeh hətta məhkəmə baxışı zamanı aktı tərtib edən şəxslərin şahid qismində dindirilməsi ilə bağlı vəsatət versə də, məhkəmə vəsalərə ümumiyyətlə lüzum görməyib. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-352/2021 saylı iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, S.Ə.Şirvani küçəsi, ev 5, 65 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2111 nömrəli reyestr kitabının 195330 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 5 saylı yaşayış binasında 68 saylı 2 otaqlı mənzil 2005-ci il tarixdən vətəndaş Cavabdeh məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3149 nömrəli 08 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə. Şirvani küçəsi, 5 saylı evin 65 saylı mənzilin tavanında, divarlarında və döşəməsində su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan, 14.06.2020-ci il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri, Xətai rayonu, S.Ə. Şirvani küçəsi, 5 saylı evin 65 saylı mənzilinə yuxarı mərtəbədəki 68 saylı mənzildən suyun sızması müəyyən olunur. 68 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, 65 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin qeyd olunur ki, 68 saylı mənzilin sakini tərəfindən bildirilmişdir ki, 65 saylı mənzilə su sızması, 68 saylı mənzilin su xətlərində yaranmış nasazlıqlar nəticəsində baş verdiyi bildirilmişdir. Bakı şəhəri, Xətai rayonu, S.Ə. Şirvani küçəsi, 5 saylı evin 65 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 3962 manat məbləğində müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1883 nömrəli 29 aprel 2021-ci il tarixli rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan istifadə olunmuş əşyaların hal-hazırda orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 910 manatdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Vəliyev Muğan Hacı oğlu Cavabdeh onun baldızı olması ilə yanaşı, cavabdehin rayonda yaşamasını, həmin mənzilin isə kirayəyə verilməsini bildirmişdir. Şahid göstərmişdir ki, hadisə baş verən vaxt yay fəslinə təsadüf etmişdir və iddiaçı tərəfindən ona zəng gəlmiş, hadisə ilə bağlı məlumat verilmiş, mənzildə su şlanqı deşilmiş, mənzilə daxil olan zaman giriş qapısı hissəsində parketin qalxmasını görmüşdür. Təmir üçün iddiaçıya 500 manat təklif olunsa da, iddiaçı həmin təklifi qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyin qeyd olunan tələbindən məlum olur ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması vacibdir. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqazidd davranışı, bu davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun təqsiri aiddir. Mülki qanunvericiliyə əsasən, mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasını zərər vurulması faktı təşkil edir. Göründüyü kimi, hazırkı mülki iş üzrə mülki məsuliyyətin yaranmasına əsas verə biləcək üç məcburi halların məcmusu təhlil olunmalı, cavabdehin təqsirlilik dərəcəsi araşdırılmalıdır. Şərtlər dedikdə isə cavabdehin iddiaçılara münasibətdə hüquqa zidd davranışının olub-olmaması, məhz bu davranış nəticəsində yaranan zərər arasında səbəbli əlaqə və zərər vurulması faktı anlaşılmalıdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, sadalanan xüsusatlara, qanunvericilik aktı normalarına əsasən mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3149 nömrəli 08 yanvar 2019-cu il tarixli rəyi və 29 aprel 2021-ci il tarixli, 9/1883 nömrəli rəyi ilə iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 68 saylı mənzildən suyun sızması və bunun nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan vəsaitin məbləğinin ümumilikdə 4872 manat (təmir-bərpa işlərinin dəyəri olaraq 3962 manat + iddia ərizəsində adları sadalanan istifadə olunmuş əşyaların qiyməti olaraq 910 manat) olduğu müəyyən edildiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4872 manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində ekspet rəyində istinad olunan 14.06.2020-ci il tarixli aktın olmadığını qeyd etsə də, aktın mövcudluğu sübut olunur. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdehin hüquqazidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqənin mövcudlu iş materialları ilə təsdiq olunduğundan apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-352/2021 saylı iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-352/2021 saylı iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar