Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-962/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi” iddiasına dair mülki iş üzrə (açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh tərəfindən törədilmiş inzibati xəta, yəni yol-nəqliyyat hadisəsi nəticəsində istismara yarasız vəziyyətə düşmüş “Renault Magane” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmiri üçün lazım olan pul vəsaitinin əvəzi olaraq 4.081,67 manat, avtomobilindən 2 ay ərzində istifadə edə bilməməsi nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 3.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, özünə məxsus “X3 Prado” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2020-ci il tarixdə, saat 17:00da, Bakı şəhəri, Nobel prospektində hərəkət olarkən yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil iddiaçının idarə etdiyi “Renault Magane” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobil zədələnərək, istismara yarasız vəziyyətə düşmüşdür. Cavabdeh, qeyd edilən hadisənin törədilməsində təqsirli bilinmiş və cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. İddiaçıya məxsus avtomobilə "xxxx" Şirkətinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının avtomobilinin təmiri və istismara yaralı vəziyyətə gətirilməsi üçün 7.715 manat (ehtiyat hissələrinin ümumi qiyməti 5.195 manat, görüləcək işlərin qiyməti isə 2.520 manat) vəsait tələb olunur. İddiaçıya dəymiş zərərin bir qismi "xxxx" ASC tərəfindən qarşılanmışdır. Həmin Sığorta Şirkəti tərəfindən iddiaçıya yalnız 3.633,33 manat məbləğində sığorta ödənişi verilmişdir. Qalan 4.081,67 manat məbləğində pulun ödənilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh, həmin məbləği iddiaçıya ödəməkdən imtina etmişdir. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq avtomobilini öz vəsaiti hesabına təmir etdirmişdir. Buna görə də, iddiaçı hesab edir ki, ona dəymiş maddi zərərin əvəzi – 4.081,67 manat cavabdehdən onun xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı bildirir ki, onun avtomobilinin təmiri 2 həftə çəkmişdir. Həmin müddət ərzində o, avtomobilsiz qalmış, müəyyən narahatçılıqla üzləşmiş, mənəvi əzab çəkmişdir. İddiaçı hesab edir ki, cavabdeh ona vurduğu mənəvi zərərin əvəzini ona ödəməlidir. İddiaçı, ona dəymiş mənəvi zərəri 3.000 manat məbləğində dəyərləndirir. Bundan başqa nəzərə alınmalıdır ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, həmin məbləğ də, cavabdeh tərəfindən ona ödənilməlidir. b) cavabdehin iddia tələbinə olan mövqeyi barədə məlumat
3. Cavabdeh məhkəmə baxışından iştirak edərək iddia tələbinə etiraz etmiş və bildirmişdir ki, onun tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində o, inzibati xəta törətmiş və iddiaçının avtomobilinə maddi zərər dəymişdir. "xxxx" ASC-nin əməkdaşları iddiaçıya dəymiş zərəri 3.815 manat məbləğində qiymətləndirmiş və zərərin əvəzini iddiaçıya ödəmişlər. İddiaçı tərəfindən təqdim edilən “Qüsur aktında” göstərilən məbləğ şişirdirilmiş məbləğdir. Buna görə də, o, iddianın rədd edilməsini Rayon Məhkəməsində xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 315 manat, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 1.500 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını, iddianın qalan hissəsinin təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət nəfinə ödənilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil cavabdeh tərəfindən idarə edildiyindən və mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, iddiaçı, cavabdeh tərəfindən ona vurulmuş ziyanın əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Ekspertiza tərəfindən iş üzrə verilmiş rəydən görünür ki, iddiaçıya dəymiş maddi zərər 3.815 manat təşkil edir. İş materiallarından müəyyən edilir ki, "xxxx" ASC tərəfindən 3.500 manat məbləğində sığorta ödənişi edilmişdir. Belə olan halda iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 315 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçıya məxsus avtomobilin təmiri bir neçə gün ərzində həyata keçirilmiş və həmin müddət ərzində iddiaçı, avtomobilsiz qalaraq müəyyən narahatçılıqla üzləşmiş, bununla da ona mənəvi zərər dəymişdir. Cavabdeh iddiaçıya mənəvi zərər yetirdiyi üçün həmin zərərin əvəzini ödəməlidir. Lakin məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərin əvəzi iddiaçının təklif etdiyi kimi 3.000 manat deyil, 1.500 manat məbləğində müəyyən edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə ondan cavabdehin xeyrinə 1.500 manat məbləğində pulun tutulması hissəsində ləğv edilməsini və həmin hissədə də, bu tələbin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya dəymiş mənəvi ziyanın Rayon Məhkəməsi tərəfindən 1.500 manat məbləğində qiymətləndirməsi ağlabatan deyil. Belə ki, baş vermiş hadisə nəticəsində iddiaçının iki ay müddətində avtomobili idarə etmədiyini, 1.500 manat qiymətləndiriləcək dərəcədə əsəb, stress psixoloji sarsıntı keçirdiyini təsdiqləyən hər hansı sübutu Rayon Məhkəməsinə təqdim etməmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
9. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
10. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri barədə məlumat
11. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnamədən verdiyi apellyasiya şikayətində Rayon Məhkəməsinin iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə ondan iddiaçının xeyrinə 1.500 manat məbləğində pulun tutulması barədə nəticəni mübahisələndirir, qətnamənin qalan hissəsini mübahisələndirmir.
12. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır.
14. Məhkəmə bildirir ki, hazırki iş üzrə apellyasiya baxışının predmetini iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 1.500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsaslı olub-olmaması təşkil edir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə iddiaçının avtomobilinin zədələnməsi, avtomobilin istismara yarasız vəziyyətə düşməsi, bundan sonra bir neçə gün ərzində təmirdə olması işin mübahisəsiz halıdır. Belə olan halda iddiaçının mənəvi sarsıntı keçirməsi də işin mübahisəsiz halı kimi qəbul edilməlidir. İddiaçı mənəvi zərər keçirtdiyi üçün cavabdeh, iddiaçıya dəymiş mənəvi zərərin əvəzini ödəməlidir. Lakin məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərin əvəzi iddiaçının təklif etdiyi kimi 3.000 manat deyil, 1.500 manat məbləğində müəyyən edilməlidir.
16. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə iddiaçının avtomobilinin zədələnməsi, avtomobilin istismara yarasız vəziyyətə düşməsi, bundan sonra bir neçə gün ərzində təmirdə olması işin mübahisəsiz halıdır.
17. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər (bənd 1.). Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (bənd 2.). Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (bənd 8.).
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
20. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.
21. Odur ki, yuxarıda qeyd olunanlara, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara, cavabdehin hərəkəti nəticəsində iddiaçıya ziyan vurması faktına əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsi mənəvi ziyana görə pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Mənəvi ziyana görə pulun tutulması hissəsində iddianın tamamilə rədd edilməsi hissəsində apellyasiya şikayətinin dəlili əsassızdır. Lakin bununla yanaşı Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin mənəvi ziyana görə müəyyən etdiyi məbləğ – 1.500 manat məbləğ tənasübsüz sürətdə yüksəkdir.
22. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndinə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
23. Məhkəmə, hesab edir ki, Rayon Məhkəməsinin müəyyən etdiyi 500 manat məbləğində pul həmin ziyanın ödənilməsi üçün adekvatdır. h) apellyasiya baxışının nəticəsi
24. Şərh olunanları, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə yuxarıda qeyd edilən qaydada dəyişdirilməlidir.
25. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
26. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki qətnamənin iddiaçının narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti 1.500 manat, qətnamənin cavabdehin narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti 1.000 manat təşkil edir.
27. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərin əvəzinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə Cavabdeh İddiaçı xeyrinə 500 (beş yüz) manat pul tutulsun. Müəyyən edilsin ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 18 mart 2022-ci il tarixli qətnamənin qalan hissəsi, yəni iddianın qismən təmin edilməsi, dəymiş maddi ziyanın əvəzi olaraq 315 (üç yüz on beş) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 200 (iki yüz) manatın dövlət nəfinə tutulması hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.