Məhkəmə qərarları › İş №2(103)-9620/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9620/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9620/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı Röyal Salmanovun iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 4.532.08 manat tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 4.532,08 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Hazırkı mübahisə 22.04.2013-cü il tarixli, 112149-1-6156 nömrəli kredit müqaviləsi ilə bağlıdır. Həmin müqaviləyə əsəsən “Bank VTB (Azərbaycan)” ASC cavabdehə 36 ay müddətinə 16.837 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit avtomobilin alınması məqsədilə verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə bir müddət ödəniş etmiş, daha sonra avtomobili 23.03.2014-cü il tarixli etibarnamə ilə iddiaçıya vermiş, ödənişin qalan hissəsi (5.983 ABŞ dolları) iddiaçı tərəfindən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına uyğun olaraq həmin kredit müqaviləsi üzrə 15.05.2019-cu il tarixdə cavabdehin kart hesabına 4.532,08 manat kompensasiya ayrılmışdır. “Bank VTB (Azərbaycan)” ASC-nin verdiyi məlumata görə cavabdeh 07.10.2019-cu il tarixinədək 4.530 manat vəsaiti məxaric etmişdir, 14.10.2019-cu il tarixinə hesabda 2,08 manat mövcuddur. Həmin Fərman baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədilə qəbul edilmişdir. Kredit müqaviləsi cavabdehin adına olsa da devalivasiyaya baş verdikdən sonra kredit öhdəlikləri iddiaçı tərəfindən icra olunmuş, müvafiq olaraq maliyyə itkisi ilə iddiaçı üzləşmişdir. Ona görə də kompensasiya təyinatına görə iddiaçıya çatmalıdır. Cavabdeh komensasiyanı əldə etməklə əsassız varlanmışdır. Ona görə də məhkəmə Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq 4.532,08 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini qət edib. Beləliklə, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar