Məhkəmə qərarları › İş №2(103)-9627/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9627/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9627/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-155/2017 saylı mülki iş üzrə qəbul etdiyi 26 iyul 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavebdehdən 2000 manat əsas borcun, 300 manat gecikməyə görə faiz borcunun, 300 manat hüquqi xidmət xərci olmaqla, cəmi 2600 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan “VAZ 21070” markalı 10 HC-022 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq həmin avtomobilin istismarının cavabdehə və digər şəxslərə qadağan edilməsi, həmin avtomobilin saxlanılmaqla, müvəqqəti saxlama meydançasında saxlanca verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli 2(002)- 155/2017 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Cavabdeh mülkiyyətində olan “VAZ 21070” markalı 10 HC-022 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, həmin avtomobilin istismarının cavabdehə və digər şəxslərə qadağan edilməsi, həmin avtomobilin saxlanılmaqla, müvəqqəti saxlama meydançasında saxlanca verilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(002)- 155/2017 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan “VAZ 21070” markalı 10 HC-022 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli 2(002)-155/2017 nömrəli qərardadına əsasən Cavabdehun mülkiyyətində olan “VAZ 21070” markalı 10 HC- 022 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi qərara alınmışdır. İddiaçı 26.07.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli 2(002)-155/2017 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(002)-155/2017 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı həmin qərardadda şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərardadı ona qanunla müəyyən edilmiş müddətdə və qaydada verilməmişdir. Belə ki, məhkəmənin 08 iyun 2018-ci il tarixli qərardadı poçt vasitəsilə 17 iyul 2021-i il tarixdə ünvanına daxil olmuşdur. Həmin qərardaddan o, 22 iyul 2021-ci il tarixdə şiikayət vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırlmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı və qərardad ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materialının 70-ci vərəqəsindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli 2(002)-155/2017 nömrəli qərardadı İddiaçı ünvanına göndərilmişdir. Lakin iddiaçının həmin qərardadı alınmasına dair işdə heç bir sənəd mövcud deyildir. Mülki iş materialının 75-ci vərəqəsində olan məktubdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli 2(002)-155/2017 nömrəli qərardadı İddiaçı ünvanına göndərilmişdir. Mülki iş materialının 77-ci vərəqəsində olan xəbərnamədən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli 2(002)-155/2017 nömrəli qərardadını İddiaçı 17.07.2021-ci il tarixdə rəsmi qaydada almışdır. AR Mülki Prosessual Məcəlləsinin 267-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268-ci maddəsinə əsasən qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi İddiaçı özünün müraciəti əsasında qərardadı alandan sonra onun tərəfindən Mülki Prosessual Məcəllənin 268-cı maddəsində göstərilmiş 10 günlük müddət ötürülməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı qərardaddan şikayət verməklə bağlı müddəti ötürüb-ötürməməsi məsələsini yenidən aşadırıb buna hüquqi qiymət verməlidir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş yenidən baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir . Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-155/2017 saylı mülki iş üzrə qəbul etdiyi 26 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakim: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar