Məhkəmə qərarları › İş №2(103)-963/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-963/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-963/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1461/2020 saylı iş üzrə 18 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 15.10.2014-cü il tarixli, 271 saylı kredit müqaviləsi üzrə 12355.18 manat əsas, 5392.73 manat faiz, 6914.08 manat cərimə və 1276.24 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 25938.23 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8 ünvanında yerləşən 38.6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 90 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan borcun Cavabdeh1 bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2014-cü il tarixli, 271 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 27% ödənilmək şərtilə, 20.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə həmin tarixdə 271 saylı ipoteka müqaviləsi bağlanmış və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8 ünvanında yerləşən 38.6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 90 saylı mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq surətdə ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq borclu Cavabdeh1 müqavilənin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.Hazırda borclunun 07.11.2019-cu il tarixinə banka ödənilməmiş 12355.18 manat əsas, 5392.73 manat faiz, 6914.08 manat cərimə və 1276.24 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 25938.23 manat borcu mövcuddur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarı ilə İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1461/2020 saylı iş üzrə 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 15.10.2014-cü il tarixli, 271 saylı kredit müqaviləsi üzrə 12355.18 manat əsas, 5392.73 manat faiz, 614.08 manat cərimə və 1276.24 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 19638,23 (on doqquz min altı yüz otuz səkkiz manat iyirmi üç qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 22,50 (iyirmi iki manat əlli qəpik) manat hissəsi ləğv prosesində olan "İddiaçı"ASC-nin xeyrinə tutulması, tutma ipoteka qoyulmuş, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8 ünvanında yerləşən 38.6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 90 saylı mənzilinə yönəldilərək ilkin satış qiyməti 65000 (altmış beş min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsinin Cavabdeh1 ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə qanunsuz, əsassız və ədalətsiz hesab edirlər. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh1 15.10.2014-cü il tarixdə İddiaçı ASC ilə kredit müqaviləsi bağlamış və həmin müqavilə əsasında ona illik 27% olmaqla 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus, ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə biz hər ay 816.50 manat (səkkiz yüz on altı manat 50 qəpik) məbləğində pul ödəməli olmuşlar. Onlar ilkin vaxtlarda ödəniş qrafikinə müvafiq olaraq aylıq ödənişləri vaxtlı-vaxtında ödəyərək öz öhdəliyini icra etmişlər. Lakin sonradan Cavabdeh1nm səhhətində ciddi problemlər yaranmış və o, bir neçə dəfə cərrahiyə əməliyyatına məruz qalmışdır. Cavabdeh1nm müalicəsi üçün xeyli miqdarda vəsait tələb olunmuş, həmçinin Cavabdeh2 keçmiş həyat yoldaşından ayrılaraq iki azyaşlı uşağı üçün aliment ödəməyə başlamışdır. Müqavilə bağlanarkən bu halların baş verəcəyini nəzərə ala bilmədikləri üçün bankın aylıq ödənişlərini ödəməkdə maddi çətinlik çəkməyə başlamışlar. Buna görə aylıq 816 manatı ödəmə imkanları çatmadığı üçün bir neçə ay daha az məbləğdə ödəniş etmək məcburiyyətində qalmışlar. Kredit müqaviləsinə görə 20000 manat əsas məbləğ və 9394 manat faiz olmaqla biz cəmi 29394 manat ödəməyi öhdələrinə götürmüşlər. Kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində ümumilikdə 15970 manat pul ödəmişlər və cəmi 13424 manat borcları qalmışdır. Lakin məhkəmə əsassız olaraq cəmi 19638,23 manat pulun tutulması barədə qətnamə çıxarmışdır. Məhkəmə qətnamə çıxararkən onların məhkəmə iclasında iştirakını təmin etməmiş və beləliklə çəkişmə prinsipini pozmuşdur. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq problemli kreditlərin illik 1%-lə 5 il müddətinə restrukturizasiya edilməsinə 269 milyon manat vəsait ayrılmışdır. Həmin fərmanda banklara tövsiyyə edilmişdir ki: vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsini bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər, borcları restrusturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Qeyd olunan fərmana görə faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Fərmanda Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyyə edilmişdir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya restrusturizasiyasını təmin edən tədbirlər görsünlər. Həmin fərmana uyğun olaraq restrukturizasiya prosesindən faydalanacaq vətəndaşlar banklara dəvət olunaraq onlarla illik cəmi 1 %-lə, 5 il müddətinə yeni kredit müqavilələri bağlanılmışdır. Lakin nə İddiaçı ASC, nə də İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan Fərmanına heç bir əhəmiyyət verməyərək bizə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını təklif etməmiş, vaxtı keçmiş kredit borcumuz üzrə hesablanmış faizləri və dəbbə pulunu (cəriməni) silməmişdir. Bu azmış kimi İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə bizə qarşı iddia qaldıraraq kredit müqaviləsi üzrə 12355.18 manat əsas, 5392.73 manat faiz, 6914,08 manat cərimə və 1276.24 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 25938.23 manat məbləğində pulun tutulması və tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsini xahiş etmişdir. Halbuki, onlar maddi cəhətdən çətinlik çəkdiyi üçün ödənişlərdə güzəşt edilməsi üçün dəfələrlə banka müraciət etmişlər. Lakin onların müraciətlərlərinə baxılmamışdır. Bakı şəhəri Xətai rayon məhkəməsi əsassız olaraq iddiaçının tələbini qismən təmin edərək onlardan cəmi 19638,23 manat pulun iddiaçının xeyrinə tutulması və tutmanın ipoteka qoyulmuş mənzilə yönəldilməsi barədə qətnamə qəbul etmişdir. Yuxarıda qeyd olunan mənzil onların yeganə yaşayış yeridir, həmin mənzildə Cavabdeh2, onun həyat yoldaşı, iki azyaşlı uşağı və ikinci qrup əlil, şəkərli diabet xəstəsi olan anası Cavabdeh1 yaşayır. Həmin mənzilin açıq hərracdan satılması onların ailələr üçün çox acınacaqlı vəziyyətin yaranmasına səbəb olacaq. Həmçinin, qeyd edir ki, məhkəmə mənzilin ilkin satış qiymətini də düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə ilkin satış qiymətini müəyyən edərkən 2014-cü ildə bağlanılmış ipoteka müqaviləsində tərəflərin razılaşdıqları 65000 manatı əsas götürmüş, 2020-ci ildə həmin mənzilin real bazar qiymətini müəyyən etmək üçün qiymətləndirici təyin etməmişdir. Azərbaycan Respublikası Prezidentinin qeyd olunan fərmanına uyğun olaraq yeni güzəştli kredit müqaviləsi bağlamaqla banka olan real borcları ödəmək niyyətindələr, ona görə də mənzillərinin açıq hərracdan satılmasını istəmirlər və hesab edirlər ki, buna heç bir zərurət yoxdur. Lakin məhkəmə heç bir əsas olmadan onlardan real məbləğdən daha çox pulun, yəni 19638,23 manat pulun tutulması barədə qətnamə qəbul edərək onların vəziyyətini xeyli ağırlaşdırmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə barədə «xxxx» MMC-nin rəyi ilə razıdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Buna görə də məhkəmə kollegiyası işə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla hesab edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1461/2020 saylı iş üzrə 18 fevral 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8 ünvanında yerləşən 38.6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 90 saylı mənzilin ilkin satış qiyməti 65000 (altmış beş min) manat müəyyən edilməsi hissəsində dəyişdirilərək mənzilin hərracdan ilkin satış qiyməti 72900 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2014- cü il tarixli, 271 saylı kredit müqaviləsinnin surətindən görünür ki, bank tərəfindən borc alana 36 ay müddətinə, illik 27% olmaqla 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 15.10.2014cü il tarixli, 271 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8 ünvanında yerləşən 38.6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 90 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə RX seriyalı, ******* saylı çıxarış verilmişdir.Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmeti tərəflərin razılığı ilə 65000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 04.12.2019-cu il tarixli bildirişin qeydə alınmasına dair ərizənin surətindən görünür ki, İpoteka saxlayan tərəfindən 04.12.2019-ci il tarixdə ipoteka qoyanlara ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 13.12.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarında olan 18.11.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 15.10.2014-cü il tarixli, 271 saylı kredit müqaviləsi üzrə banka borcu 12355.18 manat əsas, 5392.73 manat faiz, 6914.08 manat cərimə və 1276.24 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 25938.23 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu MəcƏliənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-ci maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 15.10.2014-cü il tarixli, 271 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan "İddiaçı" ASC-yə 12355.18 manat əsas, 5392.73 manat faiz və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1276.24 manat borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia tələbi əsas kredit borcu, hesablanmış faizlər və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış borcun tələb edilməsi hissəsində tam təmin edilməli, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddianın əsas borca hesablanmış 6914.08 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 614.08 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə əsas, faiz, cərimə borcunun tutulması hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətinin dəlili bu hissədə yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Cavabdehin ipoteka predmeti olan mənzilin satış qiymətinin real qiymətindən aşağı müəyyən edilməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə gəldikdə kollegiya hesab edir ki, aşağıdakılara əsasən bu hissədə apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş və apelyasiya icraatı zamanı tədqiq edilmiş «xxxx» MMC-nin 12 mart 2021-ci il tarixli № MB 14/0367 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8 ünvanında yerləşən 38.6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 90 saylı mənzilinin 12 mart 2021-ci il tarixinə hesablanmış likvid dəyəri 72900 (yetmiş iki min doqquz yüz) manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakın hərracdan ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8 ünvanında yerləşən 38.6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 90 saylı mənzilinin hərracdan ilkin satış qiyməti 72900 (yetmiş iki min doqquz yüz)manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş və apelyasiya icraatı zamanı tədqiq edilmiş «xxxx» MMC-nin 12 mart 2021-ci il tarixli № MB 14/0367 saylı məktubdan görünür ki, qiymətləndiricinin xidmət haqqı 200 (iki yüz) manat təşkil edir. Kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının xərci qismində 200 (ik yüz qırx) manat Cavabdeh1 alınaraq «xxxx» MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qətnaməni dəyişdirə bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1461/2020 saylı iş üzrə 18 fevral 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8 ünvanında yerləşən 38.6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 90 saylı mənzilin ilkin satış qiymətinin 65000 (altmış beş min) manat müəyyən edilməsi hissəsində dəyişdirilərək mənzilin hərracdan ilkin satış qiyməti 72900 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1461/2020 saylı iş üzrə 18 fevral 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8 ünvanında yerləşən 38.6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 90 saylı mənzilin ilkin satış qiymətinin 65000 (altmış beş min) manat müəyyən edilməsi hissəsində dəyişdirilərək mənzilin hərracdan ilkin satış qiyməti 72900 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul Cavabdeh1dan “xxxx” MMC-nin hesabına (H/h № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar bank: “xxxx” ASC Yasamal filialı, kodu: 805562, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar