Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9637/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmanətlərin, faizlərin, zərərin, həmçinin digər xərclərin qaytarılması və ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli 2(006)-6198/2018 saylı qərardadından iddiaçı və cavabdehin şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı «əmanətlərin, faizlərin, zərərin, həmçinin digər xərclərin qaytarılması və ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli 2(006)- 6192/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 24 sentyabr 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 17000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), 26 sentyabr 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında" müqaviləyə əsasən 34000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), 05 noyabr 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 13.300 manat və həmin müqavilələr üzrə hesablanan faizlər, hüquqi yardıma görə 200 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin Cavabdeh ASC-dən alınmaqla İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun qalan 10 manat hissəsinin İddiaçı aid edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli 2(103)- 7032/2019 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh ASC-nin apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(006)-6192/2018 saylı qətnaməsinin “həmin müqavilələr üzrə hesablanan faizlərin” tutulması hissəsində ləğv olunması, ləğv olunmuş həmin hissədə iddianın təmin olunmaması, iddiaçı və cavabdehə münasibətdə qalan mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08.11.2019-cu il tarixli 2(102)-6698/2019 saylı qərarı ilə Cavabdeh ASC-nin kassasiya şikayətinin təmin olunmaması, İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli 2(103)-7032/2019 saylı qətnaməsinin qismən – “həmin müqavilələr üzrə hesablanan faizlərin tutulması” tələbinin rədd edilməsi hissəsində ləğv olunması və işin həmin hissədə yeni apelyasiya baxışına qaytarılması, qətnamənin qalan hissəsinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli 2(103)-14949/2019 saylı qətnaməsi ilə apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6192/2018 saylı iş üzrə 26 noyabr 2018-ci il tarixli qətnaməsinin hazırki apelyasiya baxışının predmeti olan hissədə, yəni “müqavilələr üzrə hesablanan faizlərin bankdan tutulub iddiaçıya verilməsi” hissəsində dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin apelyatorlara aid olunması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15.03.2021-ci il tarixli 2(102)-252/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14949/2019 saylı nömrəli iş üzrə 26 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda İddiaçı nümayəndəsi-vəkili məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli 2(006)-6192/2018 saylı qətnaməsinin nəticə hissəsində göstərilmiş “həmin müqavilələr üzrə hesablanan faizlər” izah verərkən, faiz dərəcəsinin hər üç müqavilə üzrə 10 faiz olduğunu və faizlərin ödənilməli olduğu tarixin cinayətin törədildiyi günlərdən depozitin əsas məbləğinin qaytarıldığı tarixədək, yəni - 24 sentyabr 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 15 oktyabr 2014-cü il tarixdən (cinayətin törədildiyi tarix) 18 iyun 2021-ci il tarixədək (depozitin əsas hissəsinin qaytarıldığı tarixədək), 26 sentyabr 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 29 aprel 2014-cü il tarixdən (cinayətin törədildiyi tarix) 18 iyun 2021-ci il tarixədək (depozitin əsas hissəsinin qaytarıldığı tarixədək), 05 noyabr 2012-ci il tarixli “Klassik əmanət (depozit hesabı haqqında” müqaviləyə əsasən 06 noyabr 2014-cü il tarixdən (cinayətin törədildiyi tarix) 18 iyun 2021-ci il tarixədək (depozitin əsas hissəsinin qaytarıldığı tarixədək) olduğunun göstərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(006)- 6198/2018 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli 2(006)-6192/2018 saylı qətnaməsi ilə bağlı izah edilmişdir ki, həmin müqavilələr üzrə hesablanan faizlərin qaytarılması - faiz dərəcəsinin hər üç müqavilə üzrə 10 faiz olduğunu, 24 sentyabr 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 15 oktyabr 2014-cü il tarixdən (cinayətin törədildiyi tarix) 26 noyabr 2018-ci il tarixədək, 26 sentyabr 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 29 aprel 2014-cü il tarixdən (cinayətin törədildiyi tarix) 26 noyabr 2018-ci il tarixədək, 05 noyabr 2012-ci il tarixli “Klassik əmanət (depozit hesabı haqqında” müqaviləyə əsasən 06 noyabr 2014-cü il tarixdən (cinayətin törədildiyi tarix) 26 noyabr 2018-ci il tarixədək hesablanaraq İddiaçı qaytarılmasını ehtiva edir. Qərardaddan iddiaçı və cavabdeh tərəfindən şikayət verilmişdir. İddiaçı şikayətində qərardadın qismən ləğv edilməsini və faizlərin ödənilməli olduğu tarixin cinayətin törədildiyi günlərdən depozitin əsas məbləğinin qaytarıldığı tarixədək olduğunun göstərilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin şikayətində qərardadın ləğv edilməsi, faizlərin bir illik müqavilə müddəti üzrə hesablanmasına dair izah verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Həmin qərardaddan iddiaçı və cavabdeh tərəfindən verilmiş şikayətlər məhkəmənin 26.08.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf ASC-nin şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı və cavabdehin şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qətnaməyə izah verilməsinə dair ərizəyə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə görə, işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (maddə 230.1). Birinci instansiya və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir (maddə 230.2). Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir (maddə 230.3). Məhkəmə belə nəticəyə gəlmişdir ki, sözügedən əmanət müqavilələrinə faiz məbləğləri cinayətin törədildiyi tarixlərdən məhkəmə qətnaməsi çıxarılan tarixə kimi, yəni 26.11.2018-ci il tarixədək hesablanmalıdır. Belə ki, kredit müqavilələri üzrə faizlərin qətnamə qəbul olunan tarixdən sonrakı dövr üçün tələb olunması məqsədəmüvafiq olmamaqla yanaşı mülki dövriyyənin sabitliyinə xələl gətirə bilər. Kollegiya hesab edir ki, məhkəminin bu qənaəti əsassızdır, məhkəmə faizlərin qətnamə çıxarılan tarixə kimi hesablanması barədə gəldiyi nəticəni əsaslandırmamışdır. Mülki Məcəllənin 949.1-ci maddəsinə əsasən Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Hazırki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2019cu il tarixli 2(103)-14949/2019 saylı qətnaməsində də qeyd olunan maddənin tələbləri öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almadan, bu barədə gəldiyi nəticəni əsaslandırmadan yalnış olaraq faizlərin qətnamə çıxarılan tarixə kimi hesablanması qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və qeyd olunan hallar nəzərə alınaraq qətnaməyə izah verilməsi barədə ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı və Cavabdeh ASC tərəfindən verilmiş şikayətlər qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli 2(006)-6198/2018 saylı qərardadı ləğv edilsin və qətnaməyə izah verilməsi barədə ərizəyə yenidən baxılması üçün mülki iş Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9637/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9637/2021
27.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver