Məhkəmə qərarları › İş №2(103)-964/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-964/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-964/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)-2908/2020 saylı qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19.990 ABŞ dolları əsas, 13.271 ABŞ dolları cərimə, 2.655 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 336/13 saylı kredit kartı müqaviləsinə görə, cavabdehə 36 ay müddətinə, illik 25% ödənilmək şərtilə 20.000 ABŞ dolları məbləğində təmir məqsədi üçün kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)- 2908/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kredit müqaviləsi üzrə mübahisənin araşdırılması üçün ekspertiza təyin etmədən yekun qərara gəlmişdir. Məhkəmə saxtakarlığı aşkar etmiş, lakin heç bir xüsusi qərardad çıxarmamışdır. Məhkəməyə müraciət etməmişdən əvvəl, cavabdeh xəbərdar edilmiş, bundan sonra cavabdeh banka müqavilənin onun tərəfindən imzalanmadığını bildirməmiş, məsələnin araşdırılması üçün banka və digər quruma məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, müqavilənin bağlanma prosesində iştirak etməmişdir və müqavilə bağlanan zaman cavabdehin ölkədən kənarda olması barədə məlumatı yoxdur. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş bankla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixdə kredit kartı müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 25% ödənilmək şərtilə 20.000 ABŞ dolları kredit verilmişdir. Hazırda iddiaçı bank xx.xx.2013-cü il tarixli 336/13 nömrəli kredit kartı müqaviləsinə əsasən cavabdehin icra etmədiyi öhdəliklər nəticəsində yaranmış borcunun ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 386, 389, 324, 406, 407, 739-cu maddələrinə istinad edərək, işin müəyyən edilmiş hallarına əsaslanaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iddiaçının iddia tələbində tələb etdiyi borc məbləği cavabdehlə arasında bağlandığını istinad etdiyi xx.xx.2013-cü il tarixli kredit kartı müqaviləsinə əsasən yaranmışdır, hansıki məhkəməyə təqdim edilmiş müqavilə cavabdeh tərəfindən imzalanmamışdır. Halbuki, qanunvericinin tələblərinə əsasən müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Belə olan halda, müqavilənin tərəfi kimi göstərilmiş Cavabdeh iradə ifadəsinin olması müəyyən edilmir, həmçinin müqavilənin bağlanması üçün qanunvericilikdə göstərilən tələblərə riayət edilməmişdir. Odur ki, iddiaçının bağlanmamış müqaviləyə əsaslanaraq cavabdehdən hər hansı öhdəliyin icrasını tələb etməsi, öhdəliyin pozulmasına görə borcu tələb etməsi əsassızdır. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş arayışdan görünür ki, Gürcüstan vətəndaşı Cavabdeh xx xxxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikasından çıxmış, ölkə ərazisinə növbəti dəfə xx xxxxx 2014-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Gürcüstan vətəndaşı Cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə olduğu yer üzrə qeydiyyata alınma və ya müvafiq yaşama icazələrinin alınması ilə bağlı hər hansı müraciəti qeydə alınmamışdır. Cavabdeh Azərbaycan Respublikasının vətəndaşı olmadığı və Azərbaycan Respublikası ərazisində onun yaşayış yeri olmadığı halda və Cavabdeh xx xxxxxx 2013cü il tarixdə ümumiyyətlə ölkə ərazisinin hüdudlarından kənarda olduğu halda bank tərəfindən onunla kredit müqaviləsi bağlanması iddia edilmiş, bununla da qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Göründüyü kimi, məhkəmə iddianın rədd edilməsi barədə əsaslı və qanuni nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayətində məhkəmənin kredit müqaviləsi üzrə mübahisənin araşdırılması üçün ekspertiza təyin etmədən yekun qərara gəldiyini qeyd etmişdir. Bununla bağlı Kollegiya qeyd edir ki, iddiaçının tələb etdiyi borcun əsası olaraq istinad etdiyi müqavilənin bağlanması müəyyən edilmədiyindən, hər hansı borc məbləğinin tələb edilməsi yolverilməzdir və bunun üçün hər hansı ekspertiza keçirilməsinə zərurət yoxdur. Digər tərəfdən apelyasiya şikayətində saxtakarlıq aşkar edilsə də, xüsusi qərardad qəbul edilmədiyi göstərilmişdir, lakin iş materiallarından görünür ki, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin əməllərində “hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma” (Azərbaycan Respublikası CM-nin 320-ci maddəsində nəzərdə tutulan) cinayətinin əlamətlərinin aşkara çıxarılması barədə Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi qərara alınmışdır. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlili əsassızdır. İddiaçı hazırda tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apelyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2908/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar