Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9643/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Məhsəti Hüseynovanın iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması tələbinə dair” Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(001)-5281/2020 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək kredit razılaşması və ona edilmiş əlavə saziş üzrə 3299.63 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X1 İddiaçı QSC ilə bağladığı 19.02.2015-ci il tarixli, 033L000002 100094 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə X2 İddiaçı QSC ilə bağladığı 28.11.2016-cı il tarixli, 033R********** saylı kredit razılaşması əsasında 7 ay müddətinə, aylıq faiz dərəcəsi 2,3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3630 (üç min altı yüz otuz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 31.08.2017-ci il tarixli, 033R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.11.2017-ci il tarixdən banka qaytarmamışdır. X2 götürdüyü kredit borcundan 330,37 manat ödəmiş, onun 3299,63 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddtli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yanmbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən üzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X3 ilə birgə msuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(001)- 5281/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 3299,63 manat əsas borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin zaminə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələblərinin Cavabdeh1 münasibətdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən zaminə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli və 25.07.2019-cu il tarixli qərarları ilə əsaslandırılmışdır. Məhkəmə hazırkı iş üzrə Konstitusiya Məhkəməsinin istinad olunan qərarlarını tətbiq etməklə səhvə yol vermiş və Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1- ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4- cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli qərarlarına dair" 11 oktyabr 2019-cu il tarixli qərardadını nəzərə almamışdır. Belə ki, yuxarıda istinad olunan qərardada əsasən Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4,405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri 31.05.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh2 arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqavilə üzrə bağlanmış kredit razılaşması müvafiq olaraq 19.02.2015-ci il və 28.11.2016-ci il tarixlərində imzalanmışdır. Digər cavabdeh, yəni Cavabdeh1 ilə iddiaçı arasında zaminlik müqaviləsi 19.02.2015-ci il tarixində bağlanmışdır. Bununla yanaşı, istinad olunan müqavilələr üzrə iddiaçı iddia tələbi ilə 01.09.2020-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdeh arasında münasibətlər Plenumun müvafiq Qərarlarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Bu səbəbdən də, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinin müvafiq qərarlarını hazırkı iş üzrə mübahisəyə tətbiq etməklə, səhvə yol vermişdir. Əlavə olaraq, hazırkı işin faktiki hallarından görünür ki, tərəflər 19.02.2015-ci il tarixli 033L**********94 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi zaminliyi müəyyən etmiş və bu müəyyən etmə mülki qanunvericiliyin tələbləri ilə uyğunsuzluq təşkil etməmişdir. Çünki, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (Mülki Məcəllənin 470-ci maddəsi). Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırkı iş üzrə zaminlik müqaviləsində 19.02.2015-ci il tarixli, 033L**********94 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Belə ki, zamin Cavabdeh1 1 000 000 ABŞ dolları daxil olmaqla həmin çərçivədə 120 ay müddətinə, yəni fevral ayının 2025-ci ilinə kimi öhdəlik götürmüşlər. Cavabdeh2 isə 28.11.2016-cı il tarixli 033R********** saylı kredit razılaşması üzrə 3630 (üç min altı yüz otuz) manat məbləğində kredit götürmüşdür. Həmin kreditin qaytarılması üçün ödəniş planına əsasən sonuncu müddət 2017-ci ilin iyun ayına kimi müəyyən edilmişdir. Sonradan tərəflər arasında imzalanmış 31.08.2017-ci il tarixli sazişlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş və həmin sazişlə kredit öhdəliyinin qaytarılması üçün son müddət 15.08.2018-ci il tarix müəyyən edilmiş, həmin müddət də zaminin öhdəliyinin qüvvədə olma müddətini əhatə etmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş maliyyə arayışından və iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərdən yalnız əsas borc tələb edir, əsas borca heç bir faiz və cərimə hesablanmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.01.2021-ci il tarixli, 2(103)- 1601/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(001)-5281/2020 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.08.2021-ci il tarixli, 2(102)-3457/2021 saylı qərarı ilə İddiaçı QSC-nin kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Yeni apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki halda apellyasiya baxışının hədlərini iddianın zaminə qarşı təmin edilməyən hissəsinin qanuniliyi və əsaslılığının yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, birinci instansiya məhkəməsi iddianı zaminə qarşı təmin etməyərkən gəldiyi nəticəni Mülki Məcəllənin 472.1, 472.2, 477.0.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli qərarları ilə əsaslandırmışdır. Həmin qərarlarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bununla belə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadına görə Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyə uğun olaraq həmin qərarlar onların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il və 25 iyul 2019-cu il qərarları həm də Mülki Məcəllənin 477.0.1-ci maddəsinin şərhi ilə bağlı olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadında da məhz Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli qərarlarının konkret hansı mübahislərə şamil olunması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.1.-ci maddəsinə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı QSC ilə zamin arasında bağlanmış zaminlik müqaviləsi 19 fevral 2015-ci il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün bağlanmışdır. Kredit xətti müqaviləsinin 1.4-cü bəndinə əsasən verilən hər bir kredit məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması ilə müəyyən edilir. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 033R********** saylı kredit razılaşması və tərəflər arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 033R**********S saylı Sazişə dair zaminlə heç bir müqavilə bağlanmamışdır. Zaminin 033R********** saylı kredit razılaşması və tərəflər arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 033R**********S saylı Saziş üzrə öhdəliyi üzərinə götürməsinə dair digər formada razılığı alınmadığından və həmin saziş üzrə onun öhdəliyi yaranmadığından bu öhdəliyə görə ondan borc məbləği tələb oluna bilməz. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddia tələbi zaminə münasibətdə də təmin edilməli, iddiaçının xeyrinə 3299,63 manat məbləğində borc iş üzrə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadı nəzərə alınmamışdır. Həmin Qərardadda qeyd edilmişdir ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarından isə müəyyən edilir ki, Cavabdeh2lə 19 fevral 2015-ci il tarixdə kredit xətti müqaviləsi və 28 noyabr 2016-cı il tarixdə kredit razılaşması imzalanmışdır. Digər cavabdeh olan Cavabdeh1la zaminlik müqaviləsi 19 fevral 2015-ci il tarixində bağlanmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 01 sentyabr 2020-ci ildə müraciət etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadına əsasən Plenumun 31 may 2018-ci il və 25 iyul 2019-cu il tarixli qərarları hazırki mübahisəyə şamil edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən-iddia tələbinin zaminə qarşı təmin edilməyən hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3299,63 manat əsas borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(001)- 5281/2020 saylı qətnaməsi mübahisələndirilən - iddia tələbinin zaminə qarşı təmin edilməyən hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3299,63 (üç min iki yüz doxsan doqquz manat altmış üç qəpik) manat əsas borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9643/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9643/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver