Məhkəmə qərarları › İş №2(103)-9651/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9651/2021

29.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9651/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mübahisəli yaşayış sahəsi üzərində istifadə hüquqlarına xitam verilməsi və sair tələbləri barədə” ilk iddiasına, Cavabdeh1 iddiaçıya qarşı “mübahisəli yaşayış sahəsinə dair onunla iddiaçı arasında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi və iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyun 2021-ci il tarixli qətnamədən cavabdehlərin ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətlərinə əsasən mülki işə iddiaçının nümayəndəsi (anası) Nümayəndə, iddiaçının vəkili (nümayəndəsi) X1, Cavabdeh1 özünün və vəkilləri (nümayəndəsi) Vəkil, Cavabdeh2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən mənzilin 4/48 hissəsinə cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılmaları və özünün, habelə övladı 04.10.2013-cü il təvəllüdlü Nərgizin həmin yaşayış sahəsinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 22.09.2011-ci il tarixdə nikah daxil olaraq ailə qurmuş və onlar iddia ərizəsində qeyd edilən mənzildə yaşamışlar. Mənzilin 4/48 hissəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Nikahdan bir övladları var: 04.10.2013-cü il təvəllüdlü Nərgiz. Cavabdeh1 mənzilin mülkiyyətində olan həmin hissəsini 28.12.2014-cü il tarixdə iddiaçıya bağışlamış və iddiaçının mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13.01.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Nikahdan uşağın olmasına baxmayaraq iddiaçı ilə Cavabdeh1 ayrılmışlar. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuş və uşağın yetkinlik yaşına çatanadək iddiaçının yanında saxlanılması qət edilmişdir. Cavabdeh1 və onun bacısı – iş üzrə digər Cavabdeh2 2021-ci ilin yanvar ayından etibarən iddiaçını evə buraxmırlar. Bu səbəbdən də, iddiaçı, məcburiyyət qarşısında qalaraq övladı ilə bilikdə valideynlərinin yanında yaşayır. Cavabdehlər iddiaçının mülkiyyət hüququ pozurlar. İddiaçı bildirir ki, cavabdehlərin başqa yaşayış yerləri var. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16.02.2015-ci il tarixli, 32 saylı sərəncamına əsasən Cavabdeh1 4 nəfər ailə tərkibi ilə (özü, arvadı (iddiaçı), övladı, bacısı (digər cavabdeh)) ümumi növbəlik siyahısına daxil edilmiş və Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin 31.08.2020-ci il tarixli, 142/19 saylı cavab məktubuna əsasən Bakı şəhəri, Moskva prospekti, 8 ünvanında “X3” MTK-nın inşa etdiyi 15 saylı binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 154 kv.m olan 3 otaqlı 22 saylı mənzil Cavabdeh1 təqdim etdiyi “Forma 2” arayışa əsasən qeydiyyatda olan 4 nəfər (özü, bacısı, həyat yoldaşı və övladı) ailə tərkibi nəzərə alınaraq verilməsi qeyd olunmuşdur. Bununla bağlı hal-hazırda məhkəmə prosesləri davam etdirilir. Bundan başqa cavabdehlərin Xəzər rayonu, Türkan qəsəbəsində 0,12 ha torpaq sahəsində inşa edilmiş hər bir şəraiti olan 2 mərtəbəli bağ evləri də var. İlk iddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki işin icraatı başlanmışdır. Bundan sonra, Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli yaşayış sahəsinin onun tərəfindən iddiaçıya bağışlaması barədə onunla iddiaçı arasında bağlanmış 28.12.2014-cü il tarixli müqavilənin ləğv edilməsi, həmin sahəyə dair iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışın etibarsız hesab edilməsi, reyestrdəki əvvəlki qeydiyyatın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərin yeganə yaşayış yeri həmin mənzildir. Mübahisəli mənzilin 4/48 hissəsi Cavabdeh1 valideynlərindən vərəsəlik qaydasında keçmişdir. Həmçinin cavabdehlər iddiaçının və uşağın həmin mənzildə yaşamasına heç bir maneçilik törətmirlər. Cavabdeh1 iddiaçı ilə nikahda olmasını, iddiaçı ilə ömür boyu birlikdə yaşayacaqlarına ümid edərək mənzilin mülkiyyətində olan hissəsini iddiaçıya bağışlamış və bununla əlaqədar olaraq 28.12.2014cü il tarixdə onların arasında “Bağışlama müqaviləsi” bağlanmışdır. Bunlara və nikahdan uşağın olmasına baxmayaraq iddiaçı xəyanət etmiş və bu səbəbdən də, nikahları Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Göründüyü kimi, iddiaçı, ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozması aralarında olan nikahın ləğvinə səbəb olmuş və həmin vaxtdan etibarən iddiaçı həmin mənzilə dair cavabdehlərin istifadə hüququnun ləğv edilməsini və mənzildən çıxarılmağı tələb etməyə başlamışdır. “Bağışlama müqaviləsi” Cavabdeh1 onun bacısının – iş üzrə digər Cavabdeh2 hüquqlarını pozur və onlar üçün ağır nəticələrə səbəb olur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07.06.2021-ci il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, iddiaçının azyaşlı övladı ilə birlikdə mübahisəli sahəyə köçürülməsini, Cavabdeh1 mübahisəli sahədən istifadə hüququna xitam verilməklə çıxarılmasını, Cavabdeh2 isə mübahisəli sahədən istifadə hüququnun yaranmaması əsası ilə çıxarılmasını, ilk iddianın qalan hissəsinin və qarşılıqlı iddianın rədd edilməsini qət etmişdir. Cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişlər. Hər iki apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırılmış Cavabdeh1 apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasındakı nikah pozulsa da, etibarlı ailə münasibətlərinə xitam verilməsi əsası ilə Cavabdeh1 mübahisəli sahə üzərindəki istifadə hüququna da xitam verilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Çünki Cavabdeh1 mübahisəli sahə üzərindəki istifadə hüququ həmin sahə hələ onun mülkiyyətdə olduğu dövrdə yaranmışdır. Cavabdeh2 apellyasiya şikayətində isə əlavə olaraq göstərilmişdir ki, onun mübahisəli sahədən istifadə hüququ var və onun mübahisəli sahədən istifadə hüququnun yaranmaması əsası ilə sahədən çıxarılması barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir. Cavabdeh1, onun vəkili (nümayəndəsi) və Cavabdeh2 apellyasiya baxışı iclasında iştirak edərək, verdikləri apellyasiya şikayətlərini müdafiə etdilər və şikayətlərin məzmununa uyğun izahat verdilər. İddiaçının nümayəndələri (anası və vəkili) apellyasiya baxışı iclasında iştirak edərək, hər iki apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdilər. Məhkəmə iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddianın “cavabdehlərin mübahisəli sahədən istifadə hüquqlarına xitam verilməklə çıxarılmaları” hissəsinin həll edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddianın həmin hissəsi təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən mənzilin (mübahisəli) 4/48 hissəsi Cavabdeh1 məxsus olmuşdur. İş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, həmin sahə Cavabdeh1 ilə iddiaçının birgə nikahları dövründə, birgə vəsait hesabına əldə olunmamışdır. Həmin sahə cavabdehlərin valideynlərinə məxsus olmuş və vərəsəlik qaydasında Cavabdeh1 mülkiyyətinə keçmişdir. İddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış 28.12.2014-cü il tarixli “Bağışlama müqaviləsindən” görünür ki, Cavabdeh1 özünə məxsus mübahisəli sahəni arvadına – iş üzrə iddiaçıya bağışlamışdır. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, iddiaçının mübahisəli yaşayış sahəsi üzrə mülkiyyət hüququ 13.01.2015-ci il tarixdə reyestrdə qeydiyyata alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli qətnaməsindən (İş № 2(004)-1338/2020) görünür ki, həmin qətnamə əsasında iddiaçı ilə Cavabdeh1 arasında 22.09.2011-ci il tarixdə bağlanmış nikahın pozulması, onların nikahından doğulmuş uşağın anasının (hazırki iş üzrə iddiaçının) yanında saxlanılması və sair məsələlər qət olunmuşdur. Mübahisəli yaşayış sahəsinin yerləşdiyi binaya xidmət göstərən Mənzil İstismar Sahəsinin verdiyi “Forma 2” arayışından görünür ki, Cavabdeh1 2004-cü ildən, Cavabdeh2 2010-cu ildən, iddiaçı isə 2015-ci ildən mübahisəli sahədə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, ilk iddia “cavabdehlərin mübahisəli yaşayış sahəsi üzərində istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılmaları tələbi barədə” olsa da, mövcud mülki mübahisənin həlli ilə bağlı ilk növbədə Cavabdeh1 iddiaçıya qarşı irəli sürdüyü “mübahisəli yaşayış sahəsinə dair onunla iddiaçı arasında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi və iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiasının əsaslılığına qiymət verilməlidir. Qarşılıqlı iddia ərizəsində Cavabdeh1 tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsaslanır və bildirir ki, iddiaçı ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verənə, yəni ona qarşı kobudcasına pozmuş, aralarında bağlanmış nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məcəllənin 673.1.2-ci maddəsinə görə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məcəllənin 673.1.3-cü maddəsinə görə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məcəllənin 673.3.-cü maddəsinə görə, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Məcəllənin 673.4-cü maddəsinə görə, bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1 maddələrinin şərh edilməsinə dair” 19.12.2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. Mülki Məcəllənin 666.1. maddəsinə əsasən, bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Məcəllənin 673.1.2-ci maddəsinə görə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Yuxarıda qeyd edilən “Bağışlama müqaviləsindən” görünür ki, müqavilə şərtlə bağlanmamış, iddiaçının üzərinə heç bir öhdəlik qoyulmamışdır. Bundan başqa, hazırki iş üzrə bağışlamadan imtina tələbləri üzrə qanunla müəyyən edilmiş bir illik müddət buraxılmışdır. Belə ki, iddiaçı nikahın ləğvi iddiası ilə Yasamal Rayon Məhkəməsinə 2020-ci ilin yanvar ayında müraciət etmişdir. Cavabdeh1 bağışlamadan imtinaya dair fikrini isə 16.03.2021-ci il tarixli məlumat məktubunda bildirmişdir. Lakin bağışlamaqdan imtina üçün nəzərdə tutulmuş bir illik müddət Cavabdeh1 nikahın pozulması üçün məhkəməyə müraciət etdiyi tarixdən hesablanmalıdır. Bu halda Cavabdeh1 bir illik müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Odur ki, Rayon Məhkəməsi bağışlama müqaviləsinin ləğvi barədə qarşılıqlı tələbi təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin qətnamənin bu hissəsinə aid dəlilləri əsassızdır. Qarşılıqlı iddianın digər hissəsi “iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışın etibarsız hesab edilməsi barədədir”. Bu tələblə bağlı Məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış “Bağışlama müqaviləsinin” ləğv edilməsi üçün əsaslar olmadığından qəbul edilməlidir ki, müzakirə edilən bu tələb də təmin edilə bilməz. Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətlərinin qətnamənin bu hissəsinə aid dəlilləri əsassızdır. İlk iddia üzrə iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürmüş tələblərdən biri, cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə cavabdehlərin mübahisəli yaşayış sahəsindən çıxarılmaları barədədir. İddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin başqa yaşayış yerləri – Bakı şəhəri, Moskva prospekti 8 ünvanında “X3” MTK-nın inşa etdiyi 15 saylı binada yerləşən 22 saylı mənzil və Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 0,12 ha torpaq sahəsində inşa edilmiş hər bir şəraiti olan 2 mərtəbəli bağ evləri var. Bunun təsdiqi olaraq iddiaçı iddia ərizəsinə Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16.02.2015-ci il tarixli, 32 saylı sərəncamını əlavə etmişdir. Həmin sərəncamdan görünür ki, Cavabdeh1 4 nəfər ailə tərkibi ilə (özü, arvadı (iddiaçı), övladı, bacısı (digər cavabdeh)) ümumi növbəlik siyahısına daxil edilmiş və Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin 31.08.2020-ci il tarixli, 142/19 saylı cavab məktubuna əsasən Bakı şəhəri, Moskva prospekti, 8 ünvanında “X3” MTK-nın inşa etdiyi 15 saylı binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 154 kv.m olan 3 otaqlı 22 saylı mənzil Cavabdeh1 təqdim etdiyi “Forma 2” arayışa əsasən qeydiyyatda olan 4 nəfər (özü, bacısı, həyat yoldaşı və övladı) ailə tərkibi nəzərə alınaraq verilməsi qeyd olunmuşdur. İşə baxmış Rayon Məhkəməsi Cavabdeh1 münasibətdə hesab etmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasındakı nikah pozulduğundan onların arasında etibarlı ailə münasibətlərinə xitam verilmiş, belə olan halda Cavabdeh1 mübahisəli sahə üzərindəki istifadə hüququna da xitam verilməlidir. Cavabdeh1 başqa yaşayış yeri olduğundan onun müəyyən müddət ərzində mübahisəli yaşayış sahəsindən istifadə hüququ saxlanılmamalı və o, həmin sahədən çıxarılmalıdır. Cavabdeh2 isə münasibətdə Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 mübahisəli yaşayış sahəsindən istifadə etməkdən ibarət hüququnun yaranmamışdır. Belə ki, yaşayış sahəsi Cavabdeh1 tərəfindən iddiaçıya bağışlanarkən sahədən istifadə etmək hüququ olmuş Cavabdeh2 notariat orqanına ərizə verərək buna etiraz etmədiyini bildirmiş, “Bağışlama müqaviləsi” bağlandıqdan sonra isə sahənin yeni mülkiyyətçisi olmuş iddiaçı ilə Cavabdeh2 arasında, sonuncunun sahədən istifadə hüququnun yaranması ilə bağlı notarial qaydada müqavilə bağlanmamışdır. Bunlar və Cavabdeh2 (baldız) ilə iddiaçı (gəlin) arasında etibarlı ailə münasibətlərinin olmaması nəzərə alındıqda müəyyən edilir ki, mübahisəli sahə iddiaçının mülkiyyətinə keçdikdən sonra Cavabdeh2 həmin sahəyə dair istifadə hüququnu itirmişdir. Belə olan halda Cavabdeh2 qarşı irəli sürülmüş “istifadə hüququnun itirilməsi barədə” tələb təmin edilə bilməz, lakin “sahədən çıxarılma barədə” tələb təmin edilməlidir. Cavabdeh1 ona qarşı irəli sürülmüş tələbə və bu tələbin təmin edilməsi barədə Rayon Məhkəməsinin mövqeyinə qarşı etirazı ondan ibarətdir ki, onunla ilə iddiaçı arasındakı etibarlı ailə münasibətlərinə xitam verilsə də, onun mübahisəli sahə üzərindəki istifadə hüququna bu əsasla xitam verilə bilməz, çünki onun mübahisəli sahə üzərindəki istifadə hüququ həmin sahə hələ onun mülkiyyətdə olduğu dövrdə yaranmışdır. Cavabdeh2 ona qarşı irəli sürülmüş tələbə və bu tələbin qismən təmin edilməsi barədə Rayon Məhkəməsinin mövqeyinə qarşı etirazı ondan ibarətdir ki, mübahisəli yaşayış sahəsi Cavabdeh1 tərəfindən iddiaçıya bağışlanarkən o, yazılı surətdə buna etiraz etmədiyini bildirərkən həmin sahədən istifadə etmək hüququndan imtina etməsini bildirməmiş, fasiləsiz olaraq sahədə yaşamaqda davam etmiş və hazırda da orada yaşayır. Belə olan halda hesab edilməlidir ki, onun həmin sahədən istifadə hüququ hazırda da, mövcuddur və o, istifadə hüququnun olmaması əsası ilə mənzildən çıxarıla bilməz. Məhkəmə cavabdehlər qarşı yönəlmiş “cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə cavabdehlərin mübahisəli yaşayış sahəsindən çıxarılmaları barədə” tələbi əsassız hesab edir. Belə ki, işin hallarından görünür ki, mübahisəli yaşayış sahəsi əvvəllər Cavabdeh1 mülkiyyətində olmuş, o və onun bacısı – iş üzrə digər Cavabdeh2 mübahisəli yaşayış sahədə, sahənin Cavabdeh1 tərəfindən iddiaçıya bağışlanmasından əvvəl yaşamış və yaşayış yeri üzrə sahəyə qeydiyyata alınmışlar. Cavabdeh1 28.12.2014-cü il tarixdə həmin sahəni iddiaçıya bağışlamışdır. Bundan sonra da, hər 2 cavabdeh həmin sahədə iddiaçı ilə birlikdə yaşamaqda davam etmişlər. “Bağışlama müqaviləsi” bağlandıqdan təxminən 5 il 6 ay sonra Cavabdeh1 ilə iddiaçının nikahı məhkəmə qaydasında pozulmuş, lakin cavabdehlər mübahisəli sahədə bundan sonra da yaşamış və daimi yaşayış yerini dəyişməmişlər. Cavabdeh2 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş 28.12.2014-cü il tarixli ərizədən görünür ki, o, yaşayış sahəsinin qardaşı Cavabdeh1 tərəfindən iddiaçıya bağışlamasına etiraz etmir. Ərizədə Cavabdeh2 yaşayış sahəsinə olan istifadə hüququndan imtina etməsi və ya mülkiyyətçi dəyişəndən sonra onun həmin sahədən çıxması barədə üzərinə öhdəlik götürməsi barədə müddəalar yoxdur. Bu kimi müddəa Cavabdeh1 “Bağışlama müqaviləsi” bağlanan zaman notariusa ünvanlandığı ərizədə də yoxdur. Cavabdehlərin mübahisəli sahədən istifadə hüquqları 01.10.2009-cu il tarixdən əvvəl yarandığından Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli Qərarının 1-ci bəndinə görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.4-ci maddəsinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Göründüyü kimi, mübahisəli yaşayış sahəsi cavabdehlərin istifadə hüququ ilə yüklü qaydada iddiaçının mülkiyyətində keçmiş və bu hüquq hazırda da, mövcuddur. Göstərilən əsasla cavabdehlərin istifadə hüquqlarının itirilməsi və bunun nəticəsində onların mübahisəli sahədən çıxarılması qeyri-mümkündür. Bundan başqa Məhkəmə qeyd edir ki, cavabdehlərin istifadəsində başqa mənzilin olması onların mübahisəli yaşayış sahəsindən çıxarılmaları üçün əsas ola bilməz. Çünki cavabdehlər yuxarıda qeyd edilən “Bağışlama müqaviləsi” bağlanmazdan əvvəl də mənzildə yaşamışlar və hazırda da orada yaşayırlar. Onların yaşamaq hüququ hazırki mənzil hesabına təmin olunur. Cavabdehlərin uzun müddət yaşadığı mənzildən istifadələrində başqa bir mənzilin və ya bağ evinin olması əsası ilə çıxarılması mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsipini pozur. Göstərilənlərə əsasən müəyyən edilir ki, ilk iddia ərizəsinin müzakirə edilən hissəsi əsassız, bu tələb ilə bağlı Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi səhv, apellyasiya şikayətlərinin qətnamənin bu hissəsinə aid dəlilləri isə formal mülahizə xarakteri daşımır. İlk iddia üzrə iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürmüş digər tələb iddiaçının özünün və azyaşlı övladının mübahisəli yaşayış sahəsinə köçürülməsi barədədir. Bu tələb onunla əsaslandırılmışdır ki, mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətindədir, lakin cavabdehlər onu mənzilə buraxmırlar. Bu səbəbdən də, o və məhkəmə qətnaməsi ilə nikahın pozulmasından sonra yanında saxlanılmış azyaşlı övladı mənzilə köçürülməlidirlər. İşə baxmış Rayon Məhkəməsi bu tələbi təmin etmişdir. Rayon Məhkəməsinin qətnamədən apellyasiya şikayəti vermiş cavabdehlər qətnamənin tam ləğv edilərək ilk iddia ərizəsində ifadə olunmuş bu tələbin də rədd edilməsini xahiş etsələr də, apellyasiya baxışı iclasında bildirdilər ki, iddiaçının və uşağın mübahisəli mənzilə köçürülməsinə etiraz etmirlər. Qeyd edilən bu tələblə bağlı Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin müzakirə edilən nəticəsi əsaslıdır. Çünki iddiaçı mübahisəli yaşayış sahəsinin mülkiyyətçısıdir və uşaq, nikahın pozulmasından sonra iddiaçının yanında saxlanılmışdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məcəllənin 27.2-ci maddəsinə görə, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş şəxslərin yaşayış yeri sayılır. Odur ki, 385-ci maddəsinin tələbini və işin hallarını nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, Məhkəmə iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddianın “cavabdehlərin mübahisəli sahədən istifadə hüquqlarına xitam verilməklə çıxarılmaları” hissəsinin həll edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddianın həmin hissəsi təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanan və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyun 2021-ci il tarixli qətnamə qismən, yəni ilk iddianın “cavabdehlərin mübahisəli sahədən istifadə hüquqlarına xitam verilməklə çıxarılmaları” hissəsinin həll edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürdüyü il iddianın “cavabdehlərin mübahisəli yaşayış sahəsi üzərində istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılmaları barədə” təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyun 2021-ci il tarixli qətnamənin qalan hissəsi, yəni İddiaçı özünün və azyaşlı övladının - 04.10.2013-cü il təvəllüdlü Nərgizin ünvan 1 ünvanda yerləşən mənzilin 4/48 hissəsinə köçürülməsi və Cavabdeh1 İddiaçı qarşı “mübahisəli yaşayış sahəsinə dair onunla iddiaçı arasında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi və sair tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməməsi, iddiaların məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumlarının onları ödəmiş şəxslərin özlərinə aid edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar