Məhkəmə qərarları › İş №2(103)-966/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-966/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-966/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5028/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru X1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzər borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 07.10.2013-cü tarixli, İ-13/114 nömrəli kredit müqaviləsinə əsasən 22.06.2021-ci il tarixinə əsas borc üzrə 9.005,07 manat, faiz borcu üzrə 399,90 manat olmaqla, cəmi 9.404,97 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən iddiaçı "xxxx" ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 8.985,19 manat, faiz borcu üzrə 189,60 manat, cəmi 9.174,79 manat kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 07.10.2013-cü tarixli, İ-13/114 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 12 faizlə 119 ay müddətinə 41.470,57 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5028/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 8.985,19 manat əsas borc, 189,60 manat faiz, cəmi 9.174,79 manat pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC-nin baş direktoru X1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5028/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi Aşağıdakı səbəblərə görə ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, cavabdehlərin nümayəndəsinin iştirakı təmin edilmədiyindən qanunvericiliyin prinsipi pozulmuş (MM-nin 6-cı maddəsi) və ədalətsiz məhkəmə qərarının qəbul edilməsinə səbəb olmuş, qanunvericiliyin tələbi olan ədalət mühakiməsinin çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə ekspertiza təyin etmədən yalnız iddiaçının verdiyi araşıyı və məlumatı əsas götürərək əsas borcun və faiz borcunun nə qədər olması qənaətinə gəlir. Məhkəmə MPM-nin 88-ci maddənin bir başa göstərişlərindən yayınmışdır. Sübutun birbaşa və əsas elementlərindən olan onların izahatı alınmamış, iddiaçı ilə çəkişmə zamanı üzə çıxarılmalı olan faktlar müəyyən etməmişdir. Cavabdeh məhkəmədə iştirak etmədiyinə görə məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etməli idi. Bəlkə əsas və faiz borcunu iddiaçı düzgün hesablamayıb. Ona görə də hesab edirik ki, qətnamə əsasslı hesab edilə bilməz. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5028/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh "xxxx" ASC-nin baş direktoru Vüqar Süleymanov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, "xxxx" ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış İ-13/114 saylı, 07 oktyabr 2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank Cavabdeh1 illik 12 % hesablanmaqla 119 ay müddətinə 41.470,57 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.(İ.vər. 4 - 8) İş materiallarında оlan, "xxxx" ASC-nin “Nərimanov” ilə Cavabdeh1 arasında bağlanmış İ-13/114 saylı, 07 oktyabr 2013-cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavə оlan ödəniş cədvəlinin surətindən görünür ki, bоrclu Cavabdeh1 41.470,57 manat məbləğində əsas bоrcu və 29.641,44 manat faiz məbləğini, hər ay 597,58 manat оlmaqla banka 71.112,01 manat məbləğini 01 noyabr 2013-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixə kimi ödəməli idi.(İ.vər. 14 - 15) İş materiallarında olan, İ-13/114 saylı, 07 oktyabr 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC İ-13/114 saylı, 07 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərlərinə götürmüşdür.(İ.vər. 9 - 13) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi "xxxx" ASC tərəfindən Cavabdeh1 verilmiş kredit məbləğinə görə İ- 13/114 saylı, 07 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə bankın borcludan tələb etdiyi məbləğ - 8.985,19 manat əsas, 189,60 manat faiz olmaqla, cəmi 9.174,79 manat təşkil edir. Məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC-nin baş direktoru Vüqar Süleymanovun apelyasiya şikayətinin əsas və faiz borcunun artıq hesablanması ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləki, tərəflər arasında bağlanmış İ-13/114 saylı, 07 oktyabr 2013-cü il tarixli krеdit müqaviləsinə əsasən bоrcalan kreditdən istifadəyə görə 119 ay müddətinə illik 12 % ödəməyi öhdəsinə görürür. İş materiallarında olan, 59 saylı, 22 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə İ-13/114 saylı, 07 oktyabr 2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə 22 sentyabr 2021-ci il tarixinə 8.985,19 manat əsas, 189,60 manat faiz olmaqla, cəmi 9.174,79 manat məbləğində borcu vardır.(İ.vər. 55) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC-nin baş direktoru Vüqar Süleymanovun apelyasiya şikayətinin məhkəmənin işi hərtərfli araşdırmadan qanunsuz və ədalətsiz qətnamə çıxarması, məhkəmə ekspertiza təyin etmədən yalnız iddiaçının verdiyi araşıyı və məlumatı əsas götürərək əsas borcun və faiz borcunun nə qədər olması qənaətinə gəldiyini, cavabdehlərin nümayəndəsinin iştirakı təmin edilmədiyindən qanunvericiliyin prinsipinin pozulduğunu bank tərəfindən həm əsas, həm də faiz borcunun şişirdilməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətində göstərilən həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlillər üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə ki, cavabdeh "xxxx" ASC-nin baş direktoru Vüqar Süleymanov apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və məhkəmə iclasında iştirak edərək apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Bеləliklə, məhkəmə kollеgiyası cavabdeh "xxxx" ASC-nin baş direktoru Vüqar Süleymanovun apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5028/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5028/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar