Məhkəmə qərarları › İş №2(103)-9660/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9660/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9660/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə Məmməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair” iddia ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2494/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.01.2014-cü il tarixli, 022/f-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh əvəzindən ödədiyi 3214 ABŞ dolları pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının işlədiyi “Lider” Avtosalonuna müraciət edərək, Toyota Prado markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il olan avtomobili kreditlə almaq istədiyini bidirmişdir. Bunun üçün tələb edilmiş sənədlər TuranBank ASC-yə təqdim edilmişdir. TuranBank ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış 29.01.2014-cü il tarixli, 022/f-14 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18% faiz olmaqla 24 ay müddətinə 23300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bankın “Binəqədi” filialı ilə Cavabdeh 29.01.2014-cü il tarixli, 022/f-14 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə cavabdeh özünə məxsus olan Toyota Prado markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il olan **-UC-*** dövlət nömrə nişanlı avtomobilini ipoteka qoymuşdur. Girov müqaviləsinin qeydiyyatı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-dən alınmış AA № 116848 saylı çıxarış Banka təqdim edilmişdir. Cavabdeh Bank qarşısında götürdüyü öhdəliklərini lazımınca icra etmədiyi üçün Bankla iddiaçının arasında olan 21.01.2014-cü il tarixli əməkdaşlıq müqaviləsinə əsasən o cavabdehin əvəzindən 3214 USD məbləğində pulu TuranBank ASC-ə ödəmişdir. Bununla bağlı olaraq TuranBank ASC-yə müraciət etmiş və Bankın “Binəqədi” filialı tərəfindən 11.09.2018-cı il tarixli, 841 saylı arayış ona təqdim edilmişdir. Eyni zamanda ödənişlərini təsdiq edən kassa məxaric orderlərini iş materiallarına əlavə etmişdir. Həmin kassa məxaric orderlərindən görünür ki, 08 iyul 2015-ci il tarixdə 200 USD 31 iyul 2015-ci il tarixdə 660 USD, 08.11.2015-ci il tarixdə 1153 USD, 11.12.2015-ci il tarixdə isə 1201 USD pul tərəfindən 29.01.2014-cü il tarixli, 022/f-14 saylı kredit müqaviləsi üzrə AZ79TURA******************** saylı hesaba mədaxil edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2494/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı 29.01.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə ödədiyi 3214 (üç min iki yüz on dörd) ABŞ dolları (alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2494/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə Məmməd oğlu qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. O, həmçinin qeyd etdi ki, təmsil etdiyi şəxs tərəfindən bankın borcu ödənilmişdir. Bundan əlavə iddiaçı iddia müddətini ötürdüyünə görə cavabdehə qarşı iddia qaldıra bilməz. Zamin kimi müqavilədə qeyd olunan şəxs bankın öz əməkdaşlarından olmuşdur. O, qanunvericiliyə əsasən borcu ödəmək arzusunda olsa belə borclunu bu barədə məlumatlandırmalı idi. Bundan əlavə kredit müqaviləsi üzrə kreditin ödənilməsi üçün müəyyən edilmiş müddət bitdikdən sonra üç illik iddia müddəti tətbiq olunmalıdır. Kredit üzrə cavabdeh tərəfindən sonuncu ödəniş 11.03.2016-cı il tarixdə 3000 ABŞ dolları ödənilməklə borc ödənilmiş, iddiaçı iddia müddətini ötürməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyinə görə qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki: "TuranBank” ASC-nin Binəqədi filialının 15.02.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh 29.01.2014-cü il tarixli 022/f-14 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 18 % olmaqla 23 300 (iyirmi üç min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bankla İddiaçı arasında bağlanılmış 21.01.2014-cü il tarixli əməkdaşlıq müqaviləsinə əsasən həmin kreditin 3214 (üç min iki yüz on dörd) ABŞ dolları məbləğini müştərinin əvəzindən İddiaçı ödəniş etmişdir. 29.01.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-nin Binəqədi filialından 24 ay müddətinə 23 300 (iyirmi üç min üç yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. 29.01.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı borcalan Cavabdeh bank qarşısında öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. 29.01.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh Toyota Prado markalı ağ mirvari rəngli avtomaşını "xxxx" ASC-nin Binəqədi filialına ipoteka ilə yüklü etmişdir. İpotekaya qoyulan avtomobil tərəflərin razılığı ilə 38.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. 08.07.2015-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Binəqədi filialına Cavabdeh əvəzindən 200 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. 31.07.2015-ci il tarixli ödəniş qəbzindən görünür ki, Mikayılzadə Fərid "xxxx" ASCnin Binəqədi filialına Cavabdeh əvəzindən 660 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. 08.10.2015-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Binəqədi filialına Cavabdeh əvəzindən 1253 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. 11.12.2015-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Binəqədi filialına Cavabdeh əvəzindən 1201 ABŞ dolları məbləğində ödəniş olunmuşdur Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə aşağıdakı hüquq normalarını tətbiq etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Cavbdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçının iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etməsidir. Bu baxımdan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı hüquq normalarına müraciət etməyi zəruri hesab edir: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3. Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd olunur ki,: - Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. - MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. - MM-in 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Cavbdeh birinci instansiya məhkəməsində mübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Kredit üzrə cavabdeh tərəfindən sonuncu ödəniş 11.03.2016-cı il tarixdə 3000 ABŞ dolları məbləğində aparılmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 09.04.2021-ci il tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2494/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia müddəti tətbiq olunmaqla iddia təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2494/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar