Məhkəmə qərarları › İş №2(103)-9668/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9668/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9668/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyul 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin atası (mərhum) Cavabdeh arasında bağlanmış 21.01.2020-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 12.627,11 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pul vəsaitin mərhumun vərəsəsi olan cavabdehdən tutularaq ona (Banka) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, onunla Bank arasında bağlanmış 21.01.2020-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan 48 ay müddətinə, illik 17% dərəcəsi ilə 13.500 manat məbləğində pulu borc götürmüşdür. Bundan sonra Cavabdeh müəyyən ödəniş etmiş və 11.05.2020-ci il tarixdə vəfat etmişdir. “Kredit müqaviləsi” üzrə 12.627,11 manat məbləğində əsas kredit borcu yaranmış və ödənilməmiş qalmışdır. Müəyyən araşdırmalar apardıqdan sonra, Bank, Bakı Şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin məktubuna əsasən müəyyən etmişdir ki, hazırki iş üzrə cavabdeh mərhumun övladı olaraq vərəsə kimi tanınmış və ona bu barədə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bu səbəbdən də, Bank hesab edir ki, yuxarıda qeyd edilən borc mərhumun vərəsəsi olan cavabdehdən tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.07.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mərhum atasının kredit götürməsindən xəbəri olmamışdır. Hal-hazırda heç yerdə işləmir, buna görə də üzərinə düşən öhdəliyi yerinə yetirə bilmir. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, Bank tərəfindən cavabdehin atasına kredit zaminsiz verilmiş, “Kredit müqaviləsi” bağlanılarkən cavabdehin atasının öhdəlikləri sığortalanmamışdır. Cavabdeh və iddiaçı Bankın nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə borcalan Cavabdeh arasında bağlanılmış 21.01.2020-ci il tarixli, BPM**********37 saylı “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh bu müqaviləsinə” əsasən Bankdan 48 ay müddətinə, illik 17% dərəcəsi ilə 13.500 manat məbləğində pulu borc götürmüşdür. Bakı Şəhər 3 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat Kontorunun 22.02.2021-ci il tarixli məktubundan görünür ki, 11.05.2020-ci il tarixdə ölmüş Cavabdeh vərəsəsi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Seyran Məmmədov küçəsi, ev 8, mənzil 421 ünvanında qeydiyyatda olan hazırki iş üzrə cavabdehdir və ona “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bank tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdən və hesablamalardan görünür ki, Cavabdeh sağlığında “Kredit müqaviləsi” üzrə müəyyən ödəniş etmişdir. “Kredit müqaviləsi” üzrə hazırda 12.627,11 manat məbləğində əsas kredit borcu mövcuddur. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, həmin borc ödənilməmiş qalmaqdadır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MPM-nin 77-ci maddəsinə görə isə, bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda mərhum borcalanın vərəsəsi olan cavabdehin üzərinə düşür. Lakin o, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və ümumiyyətlə, bu halı mübahisələndirmir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə əgər, bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 1151-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1306.1-ci maddəsinə görə, isə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qanunun yuxarıda qeyd edilən tələbinə görə, kreditor qarşısında öhdəlik daşıyan mərhum borclunun vəzifələri miras passivi qismində onun vərəsələrinə keçir. Belə olan halda Məhkəmə hesab edir ki, 21.01.2020-ci il tarixli “Kredit razılaşması” üzrə mərhum borclu Cavabdeh öhdəlikləri onun vərəsəsinə - cavabdehə keçmiş olur. Belə olan halda hesab edilməlidir ki, Bank, onunla Cavabdeh arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsini Cavabdeh vərəsəsi olan cavabdehdən tələb etməkdə, Rayon Məhkəməsi isə bu tələbi təmin etməkdə haqlı olmuşlar. Apellyasiya şikayətində cavabdeh bildirir ki, mərhum atasının kredit götürməsindən xəbəri olmamışdır. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, Bank tərəfindən onun atasına kredit zaminsiz verilmiş, “Kredit müqaviləsi” bağlanılarkən cavabdehin atasının öhdəlikləri sığortalanmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlilləri əsassızdır. Çünki qüvvədə olan Mülki Məcəllə yuxarıda göstərilən hərəkətlərin mütləq qaydada həyata keçirilməsini, bu kimi hərəkətlərin həyata keçirilmədiyi halda isə kreditorun tələblərinin əsassız hesab edilməsini nəzərdə tutmamışdır. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, cavabdeh hal-hazırda heç yerdə işləmir, buna görə də üzərinə düşən öhdəliyi yerinə yetirə bilmir. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Çünki cavabdehin maddi vəziyyətinin ağır olması onu, vərəsəsi olduğu borclu atasının Bank ilə bağladığı “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasında azad etmir. Bu kimi qaydada Mülki Məcəllədə nəzərdə tutulmamışdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinə münasibətdə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyul 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar