Məhkəmə qərarları › İş №2(103)-967/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-967/2020

10.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-967/2020 10.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəbrayılov Orxan Akif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra – Fond) qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “kredit müqaviləsi üzrə yaranmış borcların ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qətnamədən Fondun verdiyi apellyasiya şikayətinə əsasən işə, Fondun nümayəndəsi X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə guya onun arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsinin” etibarsız hesab edilərək müqaviləyə xitam verilməsi və həmin müqavilə üzrə yaranmış borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borc alanların kredit reyestrindən aldığı çıxarışa əsasən iddiaçıya məlum olmuşdur ki, guya o, xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan 150.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Müqavilə üzrə borcu guya əsas məbləğdən 1.500 ABŞ dolları, faiz məbləğdən isə 10.941,53 ABŞ dolları təşkil edir. Həmin müqavilədən və borc məbləğindən iddiaçının xəbəri yoxdur. Həmin müqavilənin bağlanmasında saxtakarlıqlar olmuşdur. İddiaçının adında borcun qalması iddiaçının hüquqlarını pozur. Belə ki, həmin qeydi görən kredit təşkilatları iddiaçıya kredit verməkdən imtina edirlər. İddia ərizəsi əsasında hazırki mülki iş üzrə icraat başlanmışdır. Bundan sonra, Bankın ləğvedicisi olan Fond iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə iddiaçının arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsi” üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə iddiaçıdan Bankın xeyrinə 1.500 ABŞ dolları məbləğində əsas borc, 10.749,03 ABŞ dolları məbləğində faiz borcunun, habelə qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia icraata qəbul edilərək ilk iddia birgə baxılmışdır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 iqt(81)-2410/2012 saylı qətnaməsi ilə Bankın müflis elan edilməsi və Banka ləğvedici qismində “X1 Company” MMC-nin təyin edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə Bankın ləğvedicisi dəyişdirilərək, Bankın ləğvetmə prosesi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilmişdir. Bundan sonra Fond Bankın sənədlərini qəbul edərək onların əsasında bir neçə ödənilməmiş qalan kredit borclarını aşkar etmişdir. O cümlədən müəyyən edilmişdir ki, Bank ilə iddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsinə” əsasən iddiaçıya 12 ay müddətinə, illik 20 faiz dərəcəsi olmaqla, 150.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı qeyd olunan “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, Banka olan borcunu qaytarmamışdır. İddiaçının xx.xx.2019-cu il tarixinə Banka 1.500 ABŞ dollar məbləğində əsas kredit borcu, 10.749,03 ABŞ dollar məbləğində faiz borcu mövcuddur. Fond hesab edir ki, həmin pul məbləği iddiaçıdan onun xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia Rayon Məhkəməsi tərəfindən icraata götürüldükdən sonra iddiaçı “qarşılıqlı iddiaya iddia müddətinin tətbiqi barədə ərizə” vermişdir. Ərizədə göstərilir ki, iddiaçı ilə Bank arasında “Kredit müqaviləsi” bağlanmamış, onun Banka borcu yoxdur. Hər bir halda qarşılıqlı iddia təmin edilə bilməz, çünki müqavilənin bağlanma tarixi kimi “xx.xx.2009-cu il”, müqavilənin qüvvədə olma müddəti isə “12 ay” göstərilir. Belə olan halda hesab edilməlidir ki, müqavilənin müddəti xx.xx.2010cu il tarixdə bitmişdir. Lakin həmin vaxtdan 9 il keçməsinə baxmayaraq nə Bank, nə də ki, Fond müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişlər. Bununla da iddia müddətini ötürülmüş hesab edilməlidir. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə, hər iki iddianın rədd edilməsini qət etmişdir. Bankın ləğvedicisi olan Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları qarşılıqlı iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, “Kredit müqaviləsi” üzrə öhdəliklərin icra müddəti 12 ay müəyyən olunmasına baxmayaraq, müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti müqavilənin Bankda qeydiyyatdan keçən tarixdən ssuda, faizlər, komissiya üzrə borcların Banka tam ödənilməsi və müqavilənin başqa şərtlərinin yerinə yetirilməsi anınadək müəyyən edilmişdir. Belə olan halda, Rayon Məhkəməsi əsassız olaraq qarşılıqlı iddia üzrə iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Fondun nümayəndəsi apellyasiya baxışının iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə iddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, Fond tərəfindən Rayon Məhkəməsinin qətnaməsi yalnız qarşılıqlı iddiaya aid hissədə mübahisələndirildiyindən, iddiaçı isə qətnamədən apellyasiya şikayəti vermədiyindən yalnız qarşılıqlı iddiaya aid hissədə Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığı yoxlanılmışdır. Çünki MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə tərəflər öz aralarında bağlanmış xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsinin” nə bir nüsxəsini, nə də ki, surətini məhkəmələrə təqdim etməmişlər. İddiaçı bildirir ki, onunla iddiaçı Bank arasında xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsi” bağlanmamışdır. Lakin Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin hazırki apellyasiya baxışının predmeti olmayan hissəsi ilə artıq müəyyən edilmişdir ki, Bank ilə iddiaçı arasında xx.xx.2009-cu il tarixdə “Kredit müqaviləsi” bağlanmışdır və müqavilə etibarsız deyil. Belə olan halda qəbul edilməlidir ki, hazırki iş üzrə tərəflər arasında “Kredit müqaviləsi” mövcud olmuş və onların hüquq münasibətləri həmin müqavilə bağlandığı andan yaranmışdır. Müəyyən olunur ki, müqavilə 12 ay müddətinə bağlanmış və xx.xx.2010-cu il tarixədək qüvvədə olmuşdur. İşin müəyyən edilmiş bu hallarını nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə başqa şəxsdən hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlayır (maddə 377.2). Yuxarıda göstərilən maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, Bank tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış “Kredit müqaviləsinin” şərtlərinə görə iddiaçıya verilən kredit vəsaitindən istifadə müddəti 12 aydır və bu müddət xx.xx.2010-cu il tarixdə bitir. Cavabdeh Bankın ləğv edicisi olan Fondun Rayon Məhkəməsinə təqdim etdiyi ödəniş cədvəlindən və ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdə Banka 148.500 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda iddia müddətinin axımı məhz xx.xx.2010-cu il tarixdən başlamış və Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə əsasən xx.xx.2013-cu il tarixdə bitmişdir. İddia müddətinin buraxılması barədə iddiaçının dəlilinə qarşı Fondun etirazı ondan ibarətdir ki, “Kredit müqaviləsinin” şərtlərinə görə müqavilənin qüvvədə olma müddəti borcun Banka tam ödənilməsi və müqavilənin başqa şərtlərinin yerinə yetirilməsi anınadək müəyyən edildiyinə, iddiaçı isə borcu tam ödəmədiyinə görə, Bank iddia müddətini buraxmamışdır. Qeyd edilən məsələ ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göstərilənlərə baxmayaraq, Fond, 3 illik iddia müddətinin bitməsindən təxminən 5 il 2 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Ona görə də hesab edilməlidir ki, Rayon Məhkəməsi müvafiq maddi hüquq normalarını və iddiaçının ərizəsini nəzərə alaraq qarşılıqlı iddianın təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni qarşılıqlı iddianın təmin edilməməsi barədə hissədə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Fond tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan, yəni qarşılıqlı iddianın həll edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Fondun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Elşad Şamayev (imza) Fuad Babayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar