Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9679/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(001)-3403/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş zərərin əvəzi kimi 508,81 manat, əldən çıxmış fayda kimi 52 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, icarə müqaviləsi əsasında **-PE-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” markalı avtomobil X1 istifadəsinə verilmişdir. X3 27 noyabr 2020-ci il tarixdə, saat 13-30-da idarə etdiyi həmin avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə Nərimanov rayonu istiqamətində hərəkət edərkən yolun orta-sağ hissəsində hərəkətdə olan moped sürücüsü Cavabdeh qəfil avtomobilin qarşısına keçmiş, nəticədə avtoqəza baş vermişdir. Avtoqəza nəticəsində F.Həmidovun idarə etdiyi avtomobilin qabaq gücləndiricisi, kapotu və bamperi sıradan çıxmışdır. İddiaçı tərəfindən avtomobilin təmir və bərpasına 508,81 manat xərc çəkilmişdir. Həmçinin, avtomobilin təmir-bərpa işlərinə 2 gün sərf edilmiş, avtomobilin həmin müddətdə taksi kimi fəaliyyət göstərməməsi nəticəsində itirilmiş fayda olaraq gündəlik 26 manat olmaqla iddiaçıya 52 manat zərər dəymişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(001)-3403/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 508,81 manat çəkilmiş xərclərin əvəzi kimi, 52 manat isə əldən çıxmış fayda olmaqla, ümumilikdə 560,81 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə qətnaməsində cavabdehin iştirakı qeyd olunmamışdır. Lakin, cavabdeh özü şəxsən məhkəmə iclasında iştirak etmiş və iddia tələbinə yazılı etirazını qeyd etmişdir. Bundan əlavə cavabdeh məhkəmə iclasında vəsatət təqdim edərək, məhkəmədən yol hadisəsinin video görüntülərinin əldə olunması üçün Nəsimi rayon Polis İdarəsinə sorğu göndərilməsini tələb etsə də, məhkəmə vəsatətə heç bir qiymət verməmişdir. O, Nəsimi rayon Pİ-nin qərarından şikayət etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AD seriyalı, 745182 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Ravon Nexia R3 SX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. Avtomobilin müddətli satışı üzrə 30 dekabr 2019-cu il tarixli, K-535A-PCC-19 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC mülkiyyətində olan “Ravon R3 SX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili müddətli satış üsuli ilə İddiaçı MMC-yə satmışdır. "xxxx" MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, “Ravon Nexia R3” markalı, **- PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı X2 həmin avtomobili idarə etmək hüququ tanınmışdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan görünür ki, “Ravon Nexia R3” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 508,81 manatdır. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində verdiyi izahatından görünür ki, o, 27 noyabr 2020-ci il tarixdə, saat 13-30-da özünə məxsus “Moon” markalı, 49 kub mühərrikli skuter mopedlə dostu Tural Məmmədovla birlikdə Nərimi rayonu, R.Behbudov küçəsi ilə C.Xəndan küçəsinə gedirmiş, həmin vaxt R.Behbudov küçəsindən Bakıxanov küçəsinə sol tərəf istiqamətində dönərək hərəkətini düzünə davam edərkən qəfil fikrini dəyişib sol tərəfə, X.Şuşinski küçəsi ilə yolunu davam etmək qərarın agəlmiş və hərəkət etdiyi zolaqdan sola dönməklə yolu kəsib X.Şuşinski küçəsinə keçmək istədikdə ehtiyatsızlıqdan düzünə hərəkətdə olan “Ravon” markalı avtomobilin qarşısına çıxmış və həmin avtomobilin ön-sağ hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində mopedlə bərabər asfalt üzərinə yıxılmış, dostu xəsarət almasa da o sağ ayaq və baş nahiyyəsindən yüngül sıyrıq xəsarətləri almışdır. Hadisə onun öz ehtiyatsızlığından baş vermişdir. İzahar onun sözləri ilə yazılmış, imzası ilə təsdiq edilmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 05 dekabr 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 27.11.2020-ci il tarixdə baş vermiş, yuxarıda göstərilən yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.4-cü (velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın Nəsimi RPİ-nin X7 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 21.2, 1096.1, 1108.1 maddələrinə istinad edərək, qeyd etmişdir ki, maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Məhkəmə hesab etmişdir ki, Cavabdeh Tamiz oğlu idarə etdiyi skuter mopedlə 27 noyabr 2020-ci il tarixdə, saat 13:30-da X1 etibarnamə əsasında idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək yol-nəqliyyat hadisəsi törətmiş, avtomobilin zədələnməsi nəticəsində İddiaçı MMC-yə 508,81 manat maddi zərər vurmuşdur. Avtomobilin gündəlik taksi kimi istifadə olunması nə qəza nəticəsində təmir-bərpa işləri ilə bağlı 2 gün müddətə fəaliyyət göstərə bilməməsi nəzərə alınarsa, hər günü 26 manat olmaqla ümumilikdə 52 manat məbləğində pul vəsaiti də əldən çıxmış fayda qismində nəzərə alınmalıdır. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia təmin olunmalı, 508,81 manat çəkilmiş xərclərin əvəzi kimi, 52 manat isə əldən çıxmış fayda olmaqla ümumilikdə 560,81 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmçinin kollegiya məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu ilə bağlı məsələni prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(001)- 3403/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9679/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9679/2021
27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver