Məhkəmə qərarları › İş №2(103)-9680/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9680/2020

28.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9680/2020 28.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə iddianı təminetmə tədbiri barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-2778/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 79.662 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 nömrəli qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsində yerləşən 125 nömrəli qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, Aerodrom küçəsi, Dərnəgül qəsəbəsi, 507, 2091-ci məhəllədə yerləşən 0,06 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 2778/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 nömrəli qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsində yerləşən 125 nömrəli qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuş, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayətə görə qərardad qanunsuz və əsassızdır, iddia ərizəsi mötəbər sübutlara əsaslanmır. İddianı təmin etmə tədbirinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipi pozulmuşdur. Məhkəmənin üzərinə həbs qoyduğu Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 125 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin birlikdə dəyəri iddia tələblərindən təxminən 3 dəfə çoxdur. Həmçinin, məhkəmə iddianı təmin tədbiri barədə ərizəyə onun iştirakı olmadan baxmışdır, bununla da cavabdeh ərizəyə qarşı etirazları bildirmək hüququndan məhrum olmuş, nəticədə isə işə obyektiv baxılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərinə görə kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, iddianı təmin etmək üçün görülmüş tədbirlər işdə iştirak edən cavabdehlərin və başqa şəxslərin maraqlarına da xələl gətirməməli, iddianın həcminə adekvat olmalıdır. MPM-nin 158.1.1-ci maddəsinə görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. Kollegiya qeyd edir ki, cavabdehin şikayətinin dəlili formal mülahizələrdir və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh adına Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 nömrəli qeyriyaşayış sahəsi, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsində yerləşən 125 nömrəli qeyriyaşayış sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddianın təmin tədbirinin ləğv edilməsi, gələcəkdə iddia təmin olunacağı təqdirdə qətnamənin icrasını çətinləşdirə bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni qismən təmin etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 2778/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar