Məhkəmə qərarları › İş №2(103)-9682/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9682/2021

24.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9682/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair iş üzrə Binəqədi Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, iddia ərizəsində Binəqədi RM-də baxılmalı deyil, çünki cavabdeh İsmayıllı rayonunda qeydiyyatdadır, Mülki-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hala nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət qismən təmin olunmalı, qərardad ləğv olunmalı, iş Binəqədi RM-nə qaytarılmalıdır. Belə ki, iddiaçı və cavabdeh başqa rayonda qeydiyyatda olsalar da hər ikisi faktiki olaraq Binəqədi rayonunda yaşayır. O cümlədən zərərin əvəzinin ödənilməsi barədə tələb Binəqədi rayonunda aparılan tikinti işi (daş hasar) ilə bağlıdır. Şikayətə apellyasiya qaydasında baxılarkən tərəflər hər ikisi bildirdilər ki, hazırkı işə Binəqədi RM-də baxılmasını istəyirlər. Tərəflər apellyasiya icraat zamanı yazılı saziş bağlayaraq işə Binəqədi RM-də baxılması barədə qarşılıqlı razılığa gəlmişlər. Mülki-Prosessual Məcəllənin 40.2-ci maddəsinə görə tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Apellyasiya icraatı zamanı sazişin bağlanması və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi qanuna zidd deyil. Belə ki, Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsindən görünür ki, məhkəmə işdə iştirak edən şəxslərin prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Qərardaddan verilən şikayətə apellyasiya instansiyası məhkəməsindən əvvəl birinci instansiya məhkəməsində baxılıb. Birinci instansiya məhkəməsi işin xüsusiyyətini (tərəflərin hər ikisinin Binəqədi rayonunda faktiki yaşadığını və zərərin əvəzinin ödənilməsi barədə tələbin Binəqədi rayonunda aparılan tikiti işləri ilə bağlı olduğunu) nəzərə alaraq bu məsələni tərəflər ilə müzakirə edə bilərdi. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli qərardadı ləğv olunsun və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar