Məhkəmə qərarları › İş №2(103)-9692/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9692/2020

29.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9692/2020 29.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlundan və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Ləğv prosesindəki “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqavilələri üzrə yaranmış borc məbləğlərinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesindəki “xxxx” ASC-nin (bank) ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il, 13.02.207-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli kredit müqavilələri üzrə yaranmış əsas, faiz və cərimə borclarının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi, iddiaçının bir-biri ilə əlaqəli olmayan bir-neçə tələbi bir iddia ərizəsində birləşdirməklə Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinin tələbinə əməl etmədiyi əsas göstərilməklə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət də birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəllənin 157.1.7-ci maddəsi ilə əsaslandırmış, iddiaçının tələbinin beş ayrı müqavilə üzrə yaranmış borcun tutulması ilə bağlı olmasına və həmin müqavilələrin Cavabdehlə bağlanmasına baxmayaraq, tələblər arasında hər hansı əlaqə olmadığını vurğulamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının Cavabdeh qarşı irəli sürdüyü tələblər bir-biri ilə əlaqədar olmayan tələblər deyildir və mülki prosessual qanunverciliyin mənası məhz bu cür tələblərin bir icraatda baxılmasını zəruri edir. Belə zərurət həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan prosessual qənaət prinsipinin tələbidir və bu baxımdan birinci instansiya məhkəməsinin “həmin müqavilələr üzrə borcun tutulması ilə bağlı iddia ərizələri ayrı-ayrı şəkildə məhkəməyə verilməlidir” qənaəti açıq-aşkar əsassız olmuşdur. Buna görə də kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilərək qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, məhkəmə iddia ərizəsi üzrə icraatın mümkünlüyü məsələsinə yenidən qiymət verməlidir. Nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsini icraata qəbul etmək səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti isə bununla bağlı olaraq yalnız iddia ərizəsinin icraata qəbul edilməməsinin əsaslılığını və qanuniliyini yoxlamaqdan ibarətdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2533/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov İlqar Murquzov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar