Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9697/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçının və onun nümayəndəsi (vəkili) X5, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçının Cavabdeh qarşı (X6 üçüncü şəxs qismində cəlb edilməklə) «maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(011)-153/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) «maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən mənzilə dəymiş ziyanla bağlı 6547 manat və mənzildə olan əşyalara (7 ədəd çilçıraq, 2 ədəd xalça, evdə olan bütün elektrik naqilləri, 1 ədəd soyuducu) dəymiş ziyanla bağlı 7000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(011)-153/2021 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) cavabdehdən ünvan 1 ünvanında yerləşən 50 saylı mənzilə vurulmuş maddi ziyana görə 6547 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manatın cavabdehdən, qalan 100 manatın isə iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv olunmasını, iddianın tam rədd olunmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı ünvan 1 ünvanında yerləşən 50 saylı mənzilin yeni mülkiyyətçisi X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçı tərəfindən mənzilin təmir olunmadan satılması, xərc çəkməməsi, bu səbəbdən də iddiaçıya suyun axıdılması nəticəsində ziyan dəyməməsi, həmçinin ekspertiza rəyinin əsassız olması, onun mənzilinə baxış keçirilməməsi, yalnız 89 saylı MKİS-in arayışına istinad etməsi, təkrar ekspertizanın keçirilməməsi, iddiaçıya dəymiş 6547 manat zərər məbləği ilə razı olmaması, məbləğin şişirdilməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, onun dəlillərinə etiraz etmiş, həmçinin birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, susızma nəticəsində mənzilinin müəyyən hissələrində təmiri tam yarasız vəziyyətə düşmüş, bu səbəbdən də mənzili bir qədər ucuz qiymətə satmaq məcburiyyətində qalmışdır. Mənzili təmir etməsə də, ona ziyan dəyməsi aşkardır. Hesab edirlər ki, mənzili sonradan üçüncü şəxsə satması onun tələb hüququnu istisna etmir. Çünki mülki hüquq pozuntusunun baş verdiyi vaxt əmlak iddiaçıya məxsus olmuş, iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzili dəyərindən aşağı satmışdır. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq izahatında göstərmişdir ki, iddiaçıya məxsus olmuş ünvan 1 ünvanında yerləşən 50 saylı mənzili həyat yoldaşı X6 ilə bağlanmış 07 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişlər. Həmin vaxt mənzilə baxmışlar, mənzil orta təmirli vəziyyətdə olmuş, həmçinin susızma nəticəsində bəzi hissələr yararsız hala düşmüşdür. Həmin ərazidə analoji mənzillərin qiymətləri təmirli vəziyyətdə daha bahadır, təqribən 150000 manat həddindədir. Lakin iddiaçıya məxsus mənzilin təmir vəziyyətinə uyğun olaraq onu bir az aşağı qiymətə, 141000 manata almışlar. Belə ki, mənzilin qiyməti əvvəl 138000 manat deyilsə də, sonradan 141000 manata razılaşmışlar. Mənzili aldıqdan sonra isə oranı tam təmir etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, lakin iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, daşınmaz əmlakın dövlət reystrindən çıxarışlara əsasən ünvan 1 ünvanında yerləşən 50 saylı mənzil iddiaçının mülkiyyətində olmuş, həmin ünvanda yerləşən 52 saylı mənzil isə cavabdehin mülkiyyətindədir. Eyni zamanda, işdə olan 89 saylı MKİS tərəfindən tərtib olunmuş 07.01.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, M.Rüstəmov küçəsi, ev 21, mənzil 50-yə yuxarı mərtəbədən, mənzil 52-dən su axaraq maddi ziyan vurulmuş, bu hadisə dəfələrlə təkrar olunmuşdur. 2017-ci ildə su axıntısı olan zaman evdə olan bütün əşyalar - xalçalar, yorğan-döşək, elektrik xətləri, lüstürlər pis vəziyyətə düşmüşdür, 52-ci mənzilin sahibi Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, hadisənin bilməyərəkdən paltaryuyan maşının şlanqının təzyiqlə su gələn vaxt yerindən çıxması nəticəsində baş verdiyini bildirmişdir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.11.2020-ci il tarixli, 10/1911 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Yeni Əhmədli yaşayış sahəsi, M.Rüstəmov küçəsi, 21 saylı evin, 50 saylı mənzilin divarında qüsurların olduğunu nəzərə alaraq, su sızması faktı müəyyən olunmuş, lakin 52 saylı mənzilin qapısı bağlı olduğundan sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır, lakin iş materiallarında olan 89 saylı MKİS tərəfindən tərtib olunmuş 07.01.2020-ci il tarixli aktın məlumatların, eləcə də divardakı su sızma izlərini nəzərə alaraq mübahisəli 50 saylı mənzilə 52 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur, tədqiq olunan 50 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 6547 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, ünvan 1, 50 saylı mənzil İddiaçına məxsus olmuş, 07.04.2021-ci il tarixdə satılmışdır, həmin mənzilə ondan yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus 52 saylı mənzildən su sızması hadisəsi baş vermiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir, zərər mənzilin divar, tavan, elektrik xətti və döşəmə hissələrinə aiddir, həmin hissənin təmir-bərpa xərcləri 6547 manat təşkil edir, mübahisəli mənzilə su sızma hadisəsi cavabdehin hüquqazidd əməli ilə birbaşa səbəbli əlaqəlidir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Su sızma hadisəsinin cavabdehin mənzilində baş vermiş xəta nəticəsində olması barədə cavabdehin etirafı iddia tələbinin həmin hissədə əsaslı olması barədə nəticəyə gəlmək üçün kifayət edir. Həmçinin, mənzilə dəymiş zərərin müəyyən edilməsi barədə ekspert rəyinə münasibətdə məhkəmə, ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək mənzilə dəymiş zərərin miqdarının müəyyən edilməsində ekspertin gəldiyi nəticə ilə razılaşır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi zərərin miqdarı 6547 manat həddində müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdehin irəli sürdüyü dəlillərlə razılaşmayaraq, qeyd edir ki, işdə olan sübutlar suyun məhz cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə axması qənaətinə gəlməyə kifayət qədər əsas verir (cavabdeh özü də iddiaçıya məxsus olmuş mənzilə su sızmasını inkar etmir). İşdə olan və ekspertiza rəyinə əlavə edilmiş fotoşəkillərdən də susızma halının mövcudluğu aşkar görünür. Həmçinin, işdə olan ekspertiza rəyi və digər sübutlarla iddiaçıya məxsus mənzilə su axıdılması nəticəsində tavanın və divarların, döşəmənin parketinin bir hissəsinin, elektrik xəttinin və s. hissələrin yararsız hala düşməsi aşkar edilmişdir. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində susızma nəticəsində ziyanın şişirdilməsini göstərsə də, etirazının əsası kimi istinad etdiyi həmin halları əsaslandıra və sübut edə bilməmişdir. Cavabdehin bildirdikləri işdə olan sübutlarla tam təkzib olunur. Belə ki, ekspertiza rəyi ilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 6547 manat müəyyən olunur. Həmçinin, işdə olan 89 saylı MKİS tərəfindən tərtib olunmuş 07.01.2020-ci il tarixli aktdan da görünür ki, su axması nəticəsində iddiaçının mənzilinə ziyan dəymişdir. Birinci instansiya məhkəməsi ekspertiza rəyi ilə müəyyən olunmuş məbləğ həddində iddianı təmin etmişdir. Göründüyü kimi, cavabdehin təqsiri üzündən iddiaçının mənzilinə suyun axıdılması nəticəsində dəymiş ziyanın məbləği mötəbər sübutlarda müəyyən olunmuşdur. Cavabdeh bunun əksini (ziyanın cüzi olması) təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, … digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Oxşar norma, həmçinin Mənzil Məcəlləsinin 29.4-cü maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-in 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci hissəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdeh apellyasiya şikayətinin digər dəlili kimi iddiaçı tərəfindən mənzilin təmir olunmadan satılmasını, bu səbəbdən də iddiaçıya zərər dəyməməsini göstərmişdir. Birinci instansiya məhkəməsi cavabdehin həmin etirazına münasibətdə qeyd etmişdir ki, mülki hüquq pozuntusunun baş verdiyi anda əmlak iddiaçıya məxsus olmuşdur ki, bu da onun, qanunla müdafiə edilən şəxs kimi mülkiyyət hüququ məcmusunda, əmlaka dəymiş zərərin əvəzinin ödənilməsi hüququnu da özündə ehtiva edir və bu hüququn realizəsi qanunla nəzərdə tutulmuş mülki hüquq pozuntusu üçün məsuliyyət əsasları ilə bilavasitə bağlıdır. Belə olan halda cavabdehin təqsirli əməli, əmlaka vurulmuş zərərin əvəzinin tələb edilməsinə əsas yaratmaqla, həmin zərərin də zərərəvuran tərəfindən tam həcmdə ödənilməsini şərtləndirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə də razılaşmayaraq qeyd edir ki, delikt hadisəsi mənzilin məhz iddiaçının mülkiyyətində olan dövrdə baş vermişdir, eləcə də mənzil hazırki iddianın qaldırıldığı və işə birinci instansiya məhkəməsində baxıldığı dövrdə də iddiaçının mülkiyyətində olmuş, yalnız 07.04.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1. Yeni mülkiyyətçi X6 apellyasiya icraatı zamanı üçüncü şəxs qismində cəlb olunmuş, sonuncunun nümayəndəsi izahatında bildirmişdir ki, mənzilin təmiri yaxşı vəziyyətdə olmadığından, həmçinin susızma nəticəsində bəzi hissələrin təmiri yararsız olduğundan mənzili həmin ərazidə təmiri yaxşı vəziyyətdə olan digər mənzillərdən bir qədər ucuz qiymətə almışdır. Lakin, mənzili aldıqdan sonra oranı tam təmir etdirmişlər, hazırda da orada yaşayırlar. Göründüyü kimi, cavabdehin qanunsuz təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus olmuş mənzilin bəzi hissələri yararsız vəziyyətə düşdüyünə görə iddiaçı həmin mənzili bazar dəyərindən aşağı qiymətə satmağa məcbur olmuşdur ki, bu da iddiaçının cavabdehə qarşı delikt tələbi ilə çıxış edə bilməsi üçün tələb olunan şərtlərin (əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir) ödənildiyi anlamına gəlir. Odur ki, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normaları baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iddianı irəli sürməkdə tələb (subyektiv) hüququ mövcuddur və mənzilin sonradan üçüncü şəxsə satılması faktı vəziyyəti dəyişdirmir. Çünki, mülki hüquq pozuntusu ilə bağlı tələb hüququnun sahibi kimi hüquq pozanın təqsirli hüquqazidd hərəkətləri nəticəsində birbaşa ziyan çəkmiş şəxs çıxış edir ki, hazırkı işdə bu haqqın sahibinin, yəni ziyan dəymiş tərəfin iddiaçı olduğu aşkardır. Həmçinin nəzərə alınmalıdır ki, mənzilin yeni mülkiyyətçisi də hazırki iş üzrə tələb hüququnun ona məxsus olması ilə bağlı mübahisə etmir. Kollegiya, cavabdehin mövqeyinə münasibətdə onu da vurğulayır ki, iddiaçının mənzili təmir etmədən satması bütün hallarda ona zərər dəymədiyi və ya dəymiş zərərin əvəzini tələb etmək hüququndan imtina etməsi nəticəsini doğurmur (zərər həmçinin əldən çıxmış faydanı da ehtiva edir). Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının Cavabdeh qarşı (X6 üçüncü şəxs qismində cəlb edilməklə) «maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(011)-153/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(011)- 153/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9697/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9697/2021
23.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver