Məhkəmə qərarları › İş №2(103)-97/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-97/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-97/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “KC Dekor” şirkətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" ASC və “xxxx” MMC-yə qarşı borcun qaytarılması və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair ilk, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “KC Dekor” şirkətinə qarşı artıq ödənilmiş pulun qaytarılması və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il il tarixli, 2(006)-198/2018 saylı qətnaməsindən “KC Dekor” şirkəti və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, “xxxx” ASC-yə və “xxxx” MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 108501 ABŞ dolları məbləğində borcun, 23550 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin, cəmi 132051 ABŞ dolları məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının razılığı ilə İddiaçı1 əsl iddiaçı “KC Dekor” şirkəti ilə əvəz olunmuşdur. İlk iddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 2013-cü ildə Bakı şəhərinə gəlmiş və Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən “xxxx” şirkətinin rəhbərləri olan Cavabdeh1 və Cavabdeh2 qardaşları ilə tanış olmuşdur. Həmin qardaşlar İddiaçı1 təmirtikinti işləri ilə bağlı mebel təmin etmək və montaj etmək işlərinin görülməsini təklif etmişlər. Bundan başqa, Qəhrəmanov qardaşları və onların vasitəsi ilə tanıdığı Cavabdeh3 “xxxx” ASC-nin Bakıxanov küçəsində yerləşən ofisini də mebellə təchiz etmək və həmin mebelləri montaj etmək işini təklif etmişlər. Həmin sifariş əsasında da bankın ofisi iddiaçı tərəfindən mebellə təchiz edilmiş və onun işçiləri tərəfindən quraşdırılmışdır. Eyni zamanda Cavabdeh2 Bakı şəhərində yerləşən evinin də mebelini iddiaçı Türkiyədən gətirməli və təchiz etməli idi. Ödəniləcək məbləğ isə bütün işlər görülüb qurtardıqdan sonra verilməli idi. Həmin məbləğə tikinti əşyalarının Türkiyədən gətirilməsi, daşınması, quraşdırılması, işçilərin əmək haqqının verilməsi nəzərdə tutulmuş və bütün bu işlərə görə pullar iddiaçı tərəfindən ödənilmişdir. Ümumi görülən işlərin dəyəri 390000 ABŞ dolları təşkil etmişdir. Həmin məbləğdən iddiaçıya hissə-hissə ödənişlər edilmiş, hətta borcluların xahişləri nəzərə alaraq həmin məbləğdən təxminən 40000-50000 ABŞ dolları güzəşt də edilmişdir. Lakin cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəyəcəklərini bildirmiş, lakin qalan 108501 ABŞ dollarının ödənilməsindən boyun qaçırmışlar. İddiaçı bununla bağlı dəfələrlə Araz və Mehdi ilə telefon danışıqları aparmışdır. Görülən işlərə görə onların arasında müqavilə olmuş və email ünvanında yazışmalar da mövcuddur. İddiaçı Bakı şəhərində olduğu müddətdə Mehdi və Araz əvvəllər gördüyü işlərin pulunu vaxtı-vaxtında ödəmiş, lakin sonradan cavabdehlərlə aralarında olan razılaşmanın şərtləri pozulmuş və öhdəlikləri tam icra etməmişlər. İddiaçı1 məcbur qalıb cavabdehlər barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və cavabdehlər öz izahatlarında mebellərə görə ona borclu olduqlarını qismən etiraf etmişlər. Bundan başqa, Cavabdeh1 bildirmişdir ki, Ədalət adlı şəxsin evinə gətirib quraşdırdıqları mebelin birinin qapısında guya müəyyən problem olduğu üçün 18000 ABŞ dollarını Ədalət ödəmir, ona görə o da həmin məbləği verə bilmir. Halbuki, qapının özünün dəyəri 300 ABŞ dolları məbləğindədir. Buna görə isə 18000 ABŞ dolları məbləğində pulun ödənilməməsi absurddur. İddiaçı isə onlara bildirmişdir ki, əgər nöqsan varsa, qapı karqo ilə göndərilsin və nöqsanlar aradan qaldırıb yenidən geri qaytarılsın. Bundan əlavə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların ofislərində, özlərinin və qohumlarının evlərində quraşdırdıqları mebellərdə guya nöqsan olduğunu bildirmiş və buna görə də iddiaçı nümayəndələri ilə birlikdə onların evlərinə və ofislərinə gedib baxmış və müəyyən olunmuşdur ki, mebellərdə hər hansı bir nöqsan yoxdur, sadəcə mebellərdə xırda cızıqlar vardır ki, həmin cızıqlar da uzun illər istifadə olunduğu üçün yaranmışdır. Cavabdehlərlə dəfələrlə əlaqə saxlanılsa da, onlar maliyyə böhranını əsas gətirərək borcu qısa zamanda hissə-hissə ödəyəcəklərinə söz vermiş, lakin borclarını ödəməmişlər. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “KC Dekor” şirkətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilərək cavabdeh “KC Dekor” şirkətindən keyfiyyətsiz mebellərə və işlərə görə əlavə ödənilmiş 63254 ABŞ dolları və işgüzar nüfuza vurulmuş zərərin əvəzi kimi 200000 manat pulun onların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən şifahi razılaşdırılmış məbləğdən 275000 ABŞ dolları pul ödənilmişdir. Həmin iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və 22 dekabr 2017-ci il tarixli 23350 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ilk iddiaçı tərəfindən göndərilmiş mebellərin əksəriyyətində, onların hazırlanması zamanı qüsurlar mövcud olmuşdur. Yəni ekspert mebellərin qüsurlu hazırlanması və keyfiyyətsiz məhsullar olmasını aydınlaşdırmışdır. İlk iddia üzrə cavabdehlər sonradan əmələ gələn qüsurları görmək imkanına malik olsalar da, istehsalat zamanı məhsulun qüsurlu və keyfiyyətsiz olmasını adi gözlə görmək mümkün olmadığından bu faktlar ekspert tədqiqatından sonra aşkara çıxarılmışdır. Digər tərəfdən ekspert məhz keyfiyyətsiz və qüsurlu hazırlanması səbəbindən məhsulun qiymətlərinin də həqiqətən də əhəmiyyətli dərəcədə aşağı olmasını müəyyən etmişdir. Beləliklə, iş materiallarına ilk iddiaçı tərəfindən əlavə edilmiş cədvəldə göstərilən qiymətləri toplamaq yolu ilə müəyyən edilir ki, razılaşma, ilk iddiaçının qənaətinə görə 352910 ABŞ dolları məbləğində mebellərin təqdim edilməsi və quraşdırılmasını nəzərdə tutmuşdur. Bununla da, ilk iddia üzrə iddiaçının razılaşdırılmış qiymətlərə uyğun mebellər təqdim etmək əvəzinə, onları aldadaraq həmin qiymətlərə uyğun olmayan qüsurlu və keyfiyyətsiz hazırlanmış mebelləri təqdim etməsi ekspert tərəfindən müəyyən edilmişdir. Bu səbəbdən də hesab edirlər ki, ekspertin müəyyən etdiyi halları əsas götürməklə, ilk iddia üzrə iddiaçıya əlavə ödənilən 63254 ABŞ dolları məbləğində pul onlardan tutularaq geri qaytarılmalıdır. Bundan başqa, işgüzar nüfuza görə vurulmuş zərərin əvəzi kimi, qarşılıqlı iddia üzrə cavabdehdən 200000 manat məbləğində pul onların xeyrinə tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(006)-198/2018 saylı qətnaməsi ilə ilk və qarşlılıqlı iddialar rədd edilmişdir. Qətnamədən “KC Dekor” şirkəti apellyasiya şikayəti verərək, qətnamənin ilk iddia tələblərinin rədd edilməsinə dair hissədə ləğv edilməsini, ilk iddia tələblərinin tamamilə təmin edilməsi, qarşılıqlı iddia tələbinə dair hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən iş üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, çəkişmə prinsipini pozmuş, bu istiqamətdə onların verdikləri vəsatətləri qanunsuz və əsassız olaraq təmin etməmişdir. Məhkəməyə təqdim edilmiş, İddiaçı1 ərizəsi əsasında Bakı səhəri Yasamal rayon Polis İdarəsində aparılmış araşdırma zamanı toplanmış materialdakı izahatlarında cavabdehlər iddiaçı şirkətə borclu olduqlarını qismən etiraf etmişlər. Məhkəməyə təqdim edilmiş, cavabdehlərlə aralarında olan email yazışmalarında onlar şirkətə 78501 ABŞ dolları borclu olduqlarını tam etiraf etmişlər. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfin təklifi ilə tərəflərə barışıq üçün vaxt verilmiş, sonra cavabdeh tərəfindən məhkəmə iclasında iddiaçıya 20000 ABŞ dolları məbləğində pul təklif edilmiş, lakin təklif olunan məbləğ ağlabatan və işin faktiki hallarına uyğun olmadığından həmin təkliflə razılaşmamışlar. Əgər cavabdeh tərəfin iddiaçı şirkətə borcu yoxdursa, onda məhkəmədən barışıq üçün vaxt istəyib, iddiaçıya müəyyən məbləğdə pul təklif etməsi absurddur. Bundan başqa, məhkəmə qətnaməsini əsaslandırarkən 22 dekabr 2017-ci il tarixli 23350 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə istinad etmişdir. Həmin ekspert rəyi ilə razı olmadıqlarına görə onlar tərəfindən məhkəməyə iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə vəsatət verilmiş, məhkəmə həmin vəsatəti təmin etməmişdir. Belə ki, onlar tərəfindən məhkəməyə ekspertiza təyin edilməsi ilə bağlı vəsatətlə 2017-ci ilin iyul ayında müraciət edilmiş, lakin məhkəmə tərəfindən qərardadda qoyulan suallar tam öz əksini tapmamış, suallar təhrif edilmiş, bununla da həqiqətə uyğun olmayan, tam araşdırılmayan və mebellərin hamısına baxılmadan ekspert rəyi verilmişdir. Türkiyədən Bakıya gətirilən mebellərin təxminən 5 faizinə ekspert tərəfindən baxılmış və qeyri-obyektiv, qərəzli rəy verilmişdir. Həmin ekspert rəyi məhkəmə tərəfindən ədalətli və qanuni qərar qəbul edilməsi üçün əsas ola bilməz. Tərəflər arasında satılmış mebellərin qiyməti və keyfiyyəti ilə bağlı mübahisə olmamışdır. Cavabdehlər özləri Ankara şəhərinə gedib, fabrikdə mebellərin materiallarından, mebellərin hazırlanması ilə tanış olmuşlar. Mebellər hazır olandan sonra cavabdehlər bir daha Ankara şəhərinə getmiş, mebelləri Ankara şəhərində qəbul etmiş, ilkin ödənişi edib, özləri də karqo vasitəsilə mebelləri Bakı şəhərinə gətirmişlər. Bundan başqa, cavabdehlər özləri Bakı şəhərində mebel satışı ilə məşğuldurlar. Onlar mebelin keyfiyyətindən və qiymətindən tam məlumatlıdırlar. Gətirilən mebelləri də həm özlərinin və qohumlarının evlərinə quraşdırmış, həm də başqa-başqa şəxslərə, eləcə də Cavabdeh4a və avtomobil salonuna sataraq iddiaçının özünün köməyi ilə yığdıraraq yerləşdirmişlər. Mebel cavabdehlər tərəfindən qəbul edilmiş, heç bir rəsmi və ya qeyri-rəsmi pretenziya iddiaçının ünvanına bildirilməmiş və göndərilməmişdir. Cavabdehlər özləri dəfələrlə iddiaçıya email vasitəsilə yazaraq, yaranan borcu tam etiraf etmiş və həmin borcu qısa bir zamanda hissəhissə ödəyəcəklərinə söz vermişlər. Cavabdehlər mebelləri qəbul edib, özləri gətirib bəyənmiş, öz evlərinə quraşdırmış və yaxınlarına satmışlar. Mebelləri bir neçə il istifadə etdikdən sonra mebellərin keyfiyyətsiz olmasını iddia etmək absurddur. Əgər mebellərin keyfiyyətində problem olmuşdursa, nəyə görə mebellər quraşdırılandan sonra cavabdehlər tərəfindən iddiaçıya hissə-hissə ödənişlər edilmiş və email vasitəsilə, eləcə də görüş zamanı qalan borcu etiraf edərək, ödəyəcəklərinə söz vermişlər. Bundan əlavə, iddiaçı dəfələrlə Bakı şəhərinə gəlmiş, Bakı şəhərində nümayəndə olaraq onun və digər şəxslərin iştirakı ilə cavabdehlərlə görüş keçirilmiş, evlərində mebellərə baxılmış, cavabdehlərin tək iradı ondan ibarət olmuşdur ki, gətirilən və satılan mebellərin birinin qapısı dəyişik gəlmişdir. Həmin qapını da onlara göstərmələrini təklif etsə də, bunu onlara göstərməmişlər. Birinci instansiya məhkəməsi ilk iddia tələblərini rədd edərkən qətnaməsində ona əsaslanmışdır ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməmişdir. Məhkəməyə sübut qismində təqdim edilmiş hesab fakturalar, email yazışmaları, cavabdehlərin polis orqanında borcun qismən etirafına dair verdikləri izahatları, şahid ifadəsi, cavabdeh tərəfin barışıq üçün iddiaçıya pul ödəmək təklifi və işin digər halları ilə ilkin iddia tələbi tam sübut olunur. İddiaçının nümayəndəsi kimi tərəfindən məhkəmə iclasında verdiyi izahat məhkəmə iclas protokolunda təhrif edilmiş, izahatında qeyd olunanlar məhkəmə iclas protokolunda öz əksini tapmamış, bununla bağlı tərəfindən məhkəməyə qeydlər verilmiş, lakin məhkəmə tərəfindən təmin edilməmişdir. Qətnamədən ilk iddia ərizəsi üzrə cavabdeh və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 da apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsinə münasibətdə ləğv edilməsini və ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan 22 dekabr 2017-ci il tarixli 23350 nömrəli ekspert rəyini ümumiyyətlə tədqiq etməmiş, halbuki həmin rəyə əsasən müəyyən edilmişdir ki, ilk iddiaçı tərəfindən göndərilmiş mebellərin əksəriyyətində, onların hazırlanması zamanı qüsurlar mövcud olmuşdur. Yəni başqa sözlə, xüsusi biliyə malik olan ekspert mebellərin qüsurlu hazırlanması və keyfiyyətsiz məhsullar olmasını aydınlaşdırmışdır. Onlar sonradan əmələ gələn qüsurları görmək imkanına malik olsalar da, istehsalat zamanı məhsulun qüsurlu və keyfiyyətsiz olmasını (hazırlanmasını) adi gözlə görmək imkanından məhrum olmuş və məhz xüsusi biliyə malik olan ekspertin tədqiqatından sonra bu fakt aşkar olunmuşdur. Digər tərəfdən, ekspert məhz keyfiyyətsiz və qüsurlu hazırlanması (istehsal olunması) səbəbindən məhsulun qiymətlərinin də həqiqətdə əhəmiyyətli dərəcədə aşağı olmasını müəyyən etmişdir. Belə ki, ekspert rəyinə əsasən «...məhkəməyə təqdim edilmiş fakturalarda göstərilən alış-satış qiymətlərinə əsasən, ekspert baxışı zamanı müəyyən edilmiş texniki göstəricilər və mebellərin hazırlanmasında yuxarıda qeyd edilən əmələ gələn qüsurlar nəzərə alınmaqla, onların əmtəə görüntüsünün itirilməsi, tərəflər arasında razılaşdırılmış qiymətlərindən faiz nisbəti ilə təxminən 30-40% aşağı təşkil edir.» Məhkəmə nəzərə almamışdır ki, cavabdehlər tərəfindən şifahi razılaşdırılmış məbləğdən 275000 ABŞ dolları ilkin iddiaçıya pul ödənilmişdir. Həmçinin məhkəmə onu da diqqətə almamışdır ki, iş materiallarında olan ilk iddiaçı tərəfindən əlavə edilmiş cədvəldə göstərilən qiymətləri toplamaq yolu ilə müəyyən edilir ki, razılaşma, ilkin iddiaçının qənaətinə görə 352910 ABŞ dolları məbləğində mebellərin təqdim edilməsi və quraşdırılmasını nəzərdə tutmuşdur. Bununla da, ilk iddia üzrə iddiaçının razılaşdırılmış qiymətlərə uyğun mebellər təqdim etmək əvəzinə, cavabdehləri aldadaraq həmin qiymətlərə uyğun olmayan qüsurlu və keyfiyyətsiz hazırlanmış mebelləri onlara təqdim etməsi ekspert tərəfindən müəyyən edilmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi ekspertin müəyyən etdiyi halları əsas götürməklə, ilk iddia üzrə iddiaçıya əlavə (artıq) ödənilən 63254 ABŞ (352910-141164 (0,40%)=211746 real dəyər, 275000-211746=63254) dolları məbləğində pul ondan tutularaq, cavabdehlərə, qarşılıqlı iddia üzrə iddiaçılara geri qaytarılması və sonuncuların işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi kimi, qarşılıqlı iddia üzrə cavabdehdən 200000 manat məbləğində pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçılara ödənilməsi barədə qətnamə qəbul etməli idi. Beləliklə, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işin həlli üçün bütün faktiki halları araşdırmadan qarşılıqlı iddianın təmin edilməməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli 2(103)-11845/18 saylı qətnaməsi ilə “KC Dekor” şirkətinin apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsi, ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 50811 ABŞ dolları və Cavabdeh2 18000 ABŞ dolları pulun Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq “KC Dekor” şirkətinə ödənilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsinin “KC Dekor” şirkətinin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə eksperiza tədqiqatının dəyəri olan 73 manat 04 qəpik pulun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 2(102)- 1884/2019 saylı qərarı ilə ilkin iddia üzrə iddiaçı “KC Dekor” şirkətinin və ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlərdə “KC Dekor” şirkəti arasında mebellərin alqısatqısı ilə bağlı münasibətlər olmuş, bu proses iki il davam etmişdir. Sonuncu alqı-satqı zamanı pul ödənilməmiş və səbəb kimi sifarişin gecikdirilməsi göstərilmişdir. Qarşı tərəfə 30000 ABŞ dolları məbləğində güzəşt edilmişdir. Cavabdehlər 78000 ABŞ dolları məbləğində borclu olmalarını özləri də elektron poçt vasitəsilə etiraf etmişlər. Ekspertiza rəylərindən göründüyü kimi banka və mənzillərə mebellər tam quraşdırılmışdır. Bankın və sifarişçilərin mebellərlə bağlı iddiaçıya və məhkəməyə heç bir şikayətləri, etirazları olmamışdır. Cavabdehlər qarşılıqlı iddia ərizəsində mebelləri qəbul etdikləri zaman mebellərdə qüsurların olmadığını etiraf edirlər. Sonradan müəyyən qüsurların guya olduğunu iddia edirlər. Eyni zamanda cavabdehlər polisə verdikləri izahatlarında iddiaçıya borclu olduqlarını etiraf etmişlər. Bundan başqa, həmin izahatlardan da görünür ki, mebellər tam gəlib və cavabdehlər tərəfindən qəbul edilmişdir. Cavabdehlərin borclarını ödəməmək üçün polisə ziddiyyətli izahatlar verdikləri də açıq-aşkar görünür. Onlar e-mail yazışmalarında da 78501 ABŞ dolları borclu olduqlarını etiraf etmişlər. “Prime Legal” müstəqil ekspertiza şirkətinin və eləcə də X1 rəylərindən də görünür ki, mebellər tam gəlib və mebellərin keyfiyyətində qüsur yoxdur. Mebellərin keyfiyyətli olması barədə sertifikat mövcuddur. Bu gün də Avropa ölkələrinə və Azərbaycana “KC Dekor” şirkətinin mebellərinin gətirildiyi və satıldığı barədə rəsmi sənədlər işə əlavə edilmişdir. Nümayəndə izahatının sonunda verdikləri apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi X4 izahatında bildirdi ki, Ali Məhkəmə cavabdehlərin əməllərində etibardan sui-istifadə etmə, eləcə də aldatma yolu ilə əmlakın ələ keçirilməsi faktı olmadığı barədə qüvvədə olan hüquq mühafizə orqanının qərarına əsaslanmış və Ali Məhkəmə həmin qərarla müəyyən olunmuş sifariş olunan mebellərin bir qisminin təyinat yerinə gətirilib quraşdırılmadığı səbəbindən dəyərinin ödənilmədiyi və pul məbləğinin işlər tamamlandıqdan sonra ödəniləcəyi faktına əsaslanmışdır. Bundan əlavə Ali Məhkəmənin göstərişlərindən də göründüyü kimi ilkin iddiaçının “KC Dekor” şirkətinin tələb etdiyi pul məbləğinin hansı avadanlıqlara görə ödənilməmiş məbləğ olması, avadanlıqların hansı predmetlərdən ibarət olmaqla cavabdehlərə tam keyfiyyətdə qüsursuz olaraq quraşdırılmaqla təhvil verilməsi və cavabdehlər tərəfindən həmin avadanlıqların təhvil alınmasını təsdiq edən halları sübut etməlidir. Lakin uzun müddətdir ki, qeyd olunanlarla bağlı heç bir sübut indiyədək məhkəməyə təqdim edilməmişdir. Buna görə də ilkin iddia tələbi təmin edilə bilməz. İzahatının sonunda məhkəmədən Ruslan Qazıyev öz apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında “xxxx” ASC-nin nümayəndəsi X6 iddia tələbinin banka qarşı hissədə rədd edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3, “xxxx” ASC və “xxxx” MMC məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il il tarixli, 2(006)-198/2018 saylı qətnaməsi qismən, yəni ilkin iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 30 dekabr 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı1 ərizəsi əsasında aparılmış araşdırma zamanı toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 22 dekabr 2017-ci il tarixli, 23350 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, iş materiallarında olan iddia ərizəsində və məhkəməyə təqdim edilmiş fakturalarda göstərilən tədqiqat obyektlərinin üzərində qüsurların olub-olmamasını müəyyən etmək və onların qiymətləndirilməsi üçün zəruri olan onların modelinin, ölçülərinin, yararlığının və istismar nəticəsində hansı vəziyyətdə olmasının, eləcədə onların ayrı-ayrılıqda adları, texniki və keyfiyyət göstəriciləri, mövcud qüsurların və istismar nəticəsində əmələ gəlmiş qüsurların müəyyən edilməsi məqsədilə onları ekspert baxışına ünvan 2 ünvanında, ünvan 3isdə, ünvan 4 ünvanında yerləşən Bakı Biznes Mərkəzinin binasının 1-ci mərtəbəsindəki “xxxx” ASC-nin xidməti otaqlarında və ünvan 6 ünvanında tərəflərin iştirakı ilə 17 oktyabr 2017-ci il tarixdə təqdim edilmiş, onların xarici görünüşü, ölçüləri, səthi üzərində olan zədələr və digər əlamətlər, eləcə də onların hazırlanmasında mövcud qüsurlar və istismar nəticəsində əmələ gəlmiş qüsurlar rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Baxış zamanı məlum olmuşdur ki, yuxarıda qeyd olunan həmin ünvanlarda mebel məmulatlarından başqa, xidməti otaqların və digər qeyri-yaşayış sahələrin divarlarına, sütunlarına, tavana və digər sahələrə müxtəlif ölçülərdə bəzək örtüklər ilə üzlənmiş taxta və digər materiallardan təbəqələr quraşdırılmışdır ki, bu da əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyildir və bu məqsədlə mərkəzin tikinti-texniki ekspertizalar şöbəsində kompleks ekspertiza təyin edilmiş və həmin şöbənin eksperti tərəfindən baxış üçün 23 oktyabr 2017-ci il tarixdə vəsatət verilmişdir. Lakin məhkəmə tərəfindən vəsatət təmin edilmədiyindən tikinti-texniki ekspertizası üzrə iş icrasız saxlanılmaqla geri qaytarılmışdır. İş materiallarında olan məhkəməyə təqdim edilmiş fakturalarda göstərilən mebellərin qiymətləndirilməsində, onların alqı-satqı zamanı tərəflər arasında iş materiallarında olan fərdi razılaşma və şifahi müqavilə əsasında müəyyən edilən qiymətlər əsas götürülür. Respublika ərazisində yerləşən ticarət mərkəzlərində və mağazalarda mövcud olan qiymətlərə, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara və iş materiallarında olan məhkəməyə təqdim edilmiş fakturalarda göstərilən alış-satış qiymətlərinə əsasən ekspert baxışı zamanı müəyyən edilmiş texniki göstəricilər və mebellərin hazırlanmasında yuxarıda qeyd edilən əmələ gələn qüsurlar nəzərə alınmaqla, onların əmtəə görünüşünün itirilməsi, tərəflər arasında razılaşdırılmış qiymətlərindən faiz nisbəti ilə təxminən 30-40 faiz aşağı təşkil edir. Əlavə məhkəmə əmtəəşünaslıq və tikinti-texniki ekspertizasının 22 iyun 2020-ci il tarixli 22067/22764 saylı rəyindən görünür ki, Hamlet adlı şəxsin Bakı şəhərində yerləşən mənzili baxış zamanı ekspertlərə təqdim olunmadığından, həmin mənzildə quraşdırılmış mebellər üzrə tədqiqat aparılmadı. Həmçinin iş materiallarında tədqiqat obyekti olan mebel əşyalarının alınmasına dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, təhvil-təslim aktı, həmçinin onların texniki göstəricilərinə dair məlumat olmadığı üçün, sifariş əsasında gətirilmiş malların sifariş üzrə uyğunluq təşkil edib-etməməsi barədə tədqiqat aparılması mümkün olmadı. Aparılmış ekspert tədqiqatı nəticəsində, iş materiallarında olan tədqiqat obyektlərinin üzərində qüsurların olub-olmamasını müəyyən etmək və onların qiymətləndirilməsi üçün zəruri olan məlumatların, yəni onların modelinin, ölçülərinin, yararlığının və istismar nəticəsində hansı vəziyyətdə olmasının, eləcə də onların ayrıayrılıqda adları, texniki və keyfiyyət göstəriciləri, mövcud qüsurların müəyyən edilməsi məqsədilə tədqiqat obyektləri ünvan 2 ünvanında, Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsi,102a ünvanında yerləşən Bakı Biznes Mərkəzinin binasının 1ci mərtəbəsindəki Cavabdeh4 ASC-nin xidməti otaqlarında 10 dekabr 2020-ci il tarixdə ekspert baxışına tərəflərin iştirakı ilə təqdim edilmiş və onların xarici görünüşü, ölçüləri, səthi üzərində olan zədələr və digər əlamətlər, eləcə də onların üzərində mövcud olan qüsurlar rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Tədqiqat zamanı müəyyən edilmiş qüsurların istehsalat və ya istismar qüsurları olub-olmaması müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən müəyyən edilə bilər. Ekspert baxışına təqdim edilmiş mebellərin dəyəri, sifariş əsasında tərəflər arasında fərdi razılaşma və müqavilə əsasında müəyyən edilir. Mebellərdə aşkar olunan qüsurların xarakteri (istehsalat və istismar) müəyyən edilə bilinmədiyi üçün həmin qüsurların mebellərin keyfiyyət göstəricisinə neçə faiz mənfi təsir etməsi, nöqsanların aradan qaldırılması üçün nə qədər vəsait tələb olunması barədə sual üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 560.1-ci maddəsinin tələbinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinin tələbinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Birinci instansiya məhkəməsi hər iki iddianı rədd edərkən belə əsaslandırmışdır ki, 22 dekabr 2017-ci il tarixli, 23350 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini, tərəflər arasında mebel təchizatı barədə müqavilə bağlanmamasını, məhkəmə iclasında iddiaçının nümayəndəsinin cavabdehlərin təchiz edilmiş hansı mebellərin dəyərini ödəmədiyini və hansı məbləğdə borcu qaldığını əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi təmin edilə bilməz. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia tələbini əsaslandıra və buna dair sübutlar təqdim edə bilmədiyindən qarşılıqlı iddia ərizəsi də təmin edilə bilməz. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi, sair müqavilə, təhvil-təslim aktı olmasa da, həqiqətən də ilk iddiaçı ilə, ilk iddia üzrə qeyd olunan cavabdehlər arasında mebel alqı-satqısı ilə bağlı mülki hüquq münasibətləri yaranmış, davam etmiş, yəni 2013-cü ildən başlayaraq üç il ərzində iddiaçı tərəfindən cavabdehlərə Türkiyə Respublikasından karqo vasitəsilə mebelllər göndərilmiş, cavabdehlər tərəfindən bu mebellərə görə iddiaçıya 275000 ABŞ dolları (iddiaçı 274000 ABŞ dolları ödənildiyini deyir) ödənilmişdir. Tərəflərin heç biri bu halları mübahisələndirmir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, ilk iddiaçı ilk iddia üzrə cavabdehlərə 382501 ABŞ dolları dəyərində mebel satdığını, cavabdehlərin isə ona 108501 ABŞ dolları borcu qaldığını iddia edir, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 isə ilk iddiaçıya hər hansı bir məbləğdə borcu qalmadığını, əksinə ilk iddiaçının öhdəliyini tam icra etmədiyini, yəni mebellərin qüsurlu, natamam və gecikmə ilə gəldiyini bəyan edərək, ilk iddiaçıdan əlavə ödənilən 63254 ABŞ dolları və işgüzar nüfuza vurulan zərərə görə 200000 manat tələb edir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq X8 şikayət ərizəsi əsasında aparılan araşdırma zamanı cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 izahatlarında Coşqun Kerimə borclu olduqlarını qismən etiraf etmişlər. Belə ki, ilk iddiaçıya hər hansı bir məbləğdə borcunuz varmı sualına Cavabdeh1 “AG” Bankla bağlı ödənilməyən məbləğin 35691 ABŞ dolları, Hamlet müəllimin evində görülən işlərə görə ödənilməyən məbləğin 15120 ABŞ dolları təşkil etdiyini, Cavabdeh2 isə iddiaçı şirkətə 17000-18000 ABŞ dolları borcu qaldığını və həmin pulu verməyə hazır olduğunu bildirmişdir. İş materialları ilə təsdiq olunur ki, iddiaçı tərəfindən tələb olunan 108501 ABŞ dollarını, cavabdehlər mebellərdə problemlər olması və gecikdirilmə ilə gəlməsini əsas gətirərək birtərəfli qaydada 30000 ABŞ dollarınadək azaltmış və 78501 ABŞ dolları borcları qalmasını etiraf edərək həmin məbləği ödəyəcəklərini öhdələrinə götürmüşlər. Lakin sonradan nəinki tələb olunan, həmçinin etiraf etdikləri məbləği də ödəməmişlər. İş üzrə keçirilmiş 22 dekabr 2017-ci il tarixli 23350 saylı məhkəmə-əmtəəşünaslıq və əlavə məhkəmə əmtəəşünaslıq və tikinti-texniki ekspertizasının 22 iyun 2020-ci il tarixli 22067/22764 saylı rəylərinə əsasən, sifariş əsasında gətirilmiş malların sifariş üzrə uyğunluq təşkil edib-etməməsini, mebellərdə aşkar olunan qüsurların istehsalat, yoxsa istismar nəticəsində əmələ gəlməsini müəyyən etmək mümkün olmamışdır. Qarşılıqlı iddiaçı Cavabdeh2 onlara 63254 ABŞ dollarlıq, yəni 40 faizlik aşağı keyfiyyətli mal verildiyini bildirsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunduğu kimi, mebellərdə qüsurların istehsalat, yoxsa istismar nəticəsində yaranmasını ekspertiza tədqiqatı yolu ilə müəyyən etmək mümkün olmamış, qarşılıqlı iddiaçı tərəfindən də bu barədə məhkəməyə sübut təqdim olunmamışdır. Buna görə də, qarşılıqlı iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməməsi hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “KC Dekor” şirkətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(006)-198/2018 nömrəli qətnaməsi ilk iddianın təmin edilməyən hissəsində qismən ləğv edilsin. İlk iddia qismən təmin edilsin. Cavabdeh1 50811 ABŞ dolları və Cavabdeh2 18000 ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə manatla alınaraq iddiaçı “KC Dekor” şirkətinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə sərf olunmuş 300 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" ASC və “xxxx” MMCdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar