Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9710/2019 22.08.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı – ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisinin nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakı ilə Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2012-ci il tarixli 05F20/12 saylı kredit müqaviləsi üzrə 55 716,21 manat əsas, 15 755,06 manat faiz, 1000 manat cərimə olmaqla cəmi 72 471,27 manat kredit borcunun, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx xxxxxxxx 2012-ci il tarixli 525/12 saylı kredit müqaviləsi üzrə 131 405,29 ABŞ dolları əsas, 21 140,10 ABŞ dolları faiz,1000 ABŞ dolları cərimə olmaqla cəmi 153 545,39 ABŞ dolları kredit borcunun ödəniş gününə Azərbaycan manatı ifadəsində, xx xxxxx 2013-cü il tarixli 49/13 saylı kredit müqaviləsi üzrə 138 896,24 manat əsas, 29 769,52 manat faiz, 1000 manat cərimə olmaqla cəmi 169 665,76 manat kredit borcunun, həmçinin 31 manat dövlət rüsumunun tutulması, tələbin girovla yüklü edilmiş Cavabdeh1 adına qeydiyyatda olan “Range Rover” minik markalı ** VV *** dövlət qeydiyyat nişanlı, “X4” markalı ** MM *** dövlət qeydiyyat nişanlı, “X6 Rover” minik markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobillərə yönəldilməsi, avtomobillərin açıq hərracdan satılması, əldə olunan vəsaitin qeyd edilən kredit borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh2 Mail oğlu apellyasiya şikayəti verərək onun dəyişdirilməsini, faiz borcunun azaldılmasını, cərimənin isə silnməsini xahiş etmiş, şikayətini əsassız faiz borcunun hesablandığı, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən apellyatorun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə yanaşı ümumiyyətlə zaminliyə xitam verilməli olduğunu bildirmiş, digər Cavabdeh1 şikayətin təmin olunmasını, iddiaçı bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. Cavabdeh1 şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, zaminin şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması və əsas borclunun şikayəti olmadığı halda ona münasibətdə də qərar qəbul edilməsi sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Həmçinin qeyd olunmalıdır ki, qətnamə iddiaçı tərəfindən də mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan hissəsi də apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi xx xxxxxx 2012-ci il tarixli 05F20/12 saylı kredit müqaviləsi üzrə əsas, faiz və dəbbə pulu borcunun müştərək qaydada həmçinin Cavabdeh2 tutulması hissəsində ləğv edilərəkiddia tələbi ona münasibətdə təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarına görə, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 20 faiz olmaqla 102 000 manat məbləğində kredit verilmiş, eyni tarixdə bağlanmış zaminlik müqaviləsinə əsasən isə, Cavabdeh2 həmin kredit müqaviləsi əsasında Cavabdeh1 öz öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli zaminlik müqaviləsinin 6-cı bəndində də göstərilmişdir ki, zaminliyə mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci tarixli kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalanın kreditdən istifadə müddəti 36 aydır və bu müddət bitənə qədər kredit qaytarılmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, bank zamin Cavabdeh2 qarşı xx.xx.2016-cı il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi Cavabdeh2 qarşı iddia tələbini təmin etməkdə haqlı olmamışdır, bu səbəblə dəqətnamə ona aid hissədə ləğv edilməli və ona qarşı verilmiş iddia tələbi rədd olunmalıdır. Cavabdeh2 apellyasiya şikayətini bu mövqedən əsaslandırmaması kollegiyanın fərqli nəticəyə gəlməsinə səbəb ola bilməz; çünki yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı olmadan qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-245/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi “Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2012-ci il tarixli 05F20/12 saylı kredit müqaviləsi üzrə 55 716,21 manat əsas, 15 755,06 manat faiz, 1000 manat cərimə olmaqla cəmi 72 471,27 manat kredit borcunun tutulması” hissəsində ləğv edilsin. İddiaçı ASC-niniddia tələbləri Cavabdeh2 aid hissədə təmin olunmasın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9710/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9710/2019
22.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver