Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9718/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 25/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 761,67 manat məbləğində kredit borcu və 822,59 manat məbləğində cərimə olmaqla, cəmi 1.584 (min beş yüz səksən dörd) manat 26 qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2021 saylı, 14 iyul 2021-ci il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair hissədə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, apellyasiya şikayəti iddiaçının nümayəndəsi qismində X1 tərəfindən imzalanmış, iş materiallarına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin 1-ci müavini tərəfindən verilmiş etibarnamə əlavə edilmiş, həmin etibarnamədə nümayəndə A.Əhmədovanın məhkəmə aktından şikayət verilməsi xüsusi göstərilsə də, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin 1-ci müavininə belə bir səlahiyyət verilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Başqa sözlə apellyasiya şikayəti faktiki olaraq iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi qismində X1 tərəfindən verilmiş apelyasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Ona görə də şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1-ci maddəsində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayət vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi qismində X1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-9718/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9718/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver