Məhkəmə qərarları › İş №2(103)-973/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-973/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-973/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC-nin Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli, 2(001)-5394/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19541,46 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsi”nə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə əsasən, bankın problemli aktivlərinin tələb hüququ iddiaçıya keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı sərəncamının icrası ilə əlaqədar iddiaçı tərəfindən bankdan problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X1 dair sənədlər S-AVK-1493 saylı, 24 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçıya verilmişdir. "xxxx" ASC-nin Suraxanı filialı ilə cavabdeh arasında 22 iyul 2013-cü il tarixli, 01138 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdehə illik 19 faiz dərəcəsi ilə 36 ay müddətinə 51500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan “VAZ-21074” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomoil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli, 2(005)-145/2019 saylı qətnaməsinə əsasən, 42396,94 ABŞ dolları əsas, 11037,11 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 53434,05 ABŞ dolları məbləğində pulun Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulması qərara alınmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 02 sentyabr 2020-ci il tarixədək 19541,46 ABŞ dolları məbləğində əldən çıxmış fayda hesablanmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, əldən çıxmış fayda qismində 19541,46 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə Cavabdeh tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli, 2(005)-145/2019 saylı qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 20.07.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli, 2(005)-145/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 20.07.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir, lakin tətbiq edilən karantin rejimi ilə əlaqədar təxirə salınmışdır. Belə olan halda eyni əsaslarla, eyni tərəflər arasında işə baxılaraq qətnamə qəbul edilməsi qanunsuz və əsassızdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2(103)- 3447/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC-nin Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi barədə” iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3447/2021 nömrəli iş üzrə 09 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(102)-5237/2021 saylı qərarı ilə kassasiya şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3447/2021 nömrəli iş üzrə 09 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(102)-5237/2021 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən 22 iyul 2013-cü il tarixli kredit müqaviləsinin bitdiyi 22 iyul 2016-cı il tarixdən 02 sentyabr 2020-ci il tarixədək dəymiş zərər kimi 19541,46 ABŞ dolları məbləğində iddia tələbinə yalnız Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən tələb ediən əldən çıxmış fayda tələbi kimi qiymətləndirilməsi, həmin zərər tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə və 449.1-ci maddəsinə əsasən təmin edilməsinin mümkünlüyünün yoxlanılmaması Mülki Məcəllənin həmin müddəlarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən edilmiş hüquqi mövqeyinə uyğun olmamışdır. Apellyasiya baxışı zamanı iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kredit öhdəliyinin yerinə yetirilmədiyinə görə cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 faiz pul tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan məbləği düzgün müəyyən etməmişdir və bu səbəbdən qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, işdə olan 02 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22 iyul 2013-cü il tarixli kredit müqaviləsinin bitdiyi 22 iyul 2016-cı il tarixdən 02 sentyabr 2020-ci il tarixdək dəymiş zərər qismində 19541,46 ABŞ dolları məbləğində borcu yaranmışdır. "xxxx" ASC ilə İddiaçı BOKT QSC arasında bağlanmış 11 avqust 2015-ci il tarixli “ "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə gözəşt edilməsinə dair” müqavilənin surətindən görünür ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə vermiş və eyni zamanda, həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə gözəşt etmişdir Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibtlıq ekspertizası nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15.02.2022-ci il tarixli rəyə əsasən, 22.07.2016-cı il tarixdən 02.09.2020-ci il tarixədək olan dövrə 42396,94 ABŞ dolları əsas borc vəsaitinə illik 5 faizlə hesablanan faiz məbləği 8714,93 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, həmin ekspert rəyi əsaslıdır və rəyi şübhə altına alan hər hansı hal mövcud deyildir, bu səbəbdən də cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş faiz borcu olaraq 8714,93 ABŞ dolları manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyatorun apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən gecikdirilmiş vaxt üçün tutlan faiz borcunun məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(001)- 5394/2020 saylı qətnaməsi cavabdehdən gecikdirilmiş vaxt üçün tutulan faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Gecikdirilmiş vaxt üçün faiz borcu qismində 8714,93 (səkkiz min yeddi yüz on dörd dollar, doxsan üç sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə Cavabdeh tutularaq İddiaçı BOKT QSC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar